MTN BDU-da kafedra müdirini rüşvətlə yaxaladı, AMEA isə ona yeni vəzifə verdi (ÖZƏL)

img

12-07-2014 [18:18]


AMEA-da müxbir və həqiqi üzvlərlə bağlı keçirilən seçkilər arxada qalsa da, yeni seçilənlərlə bağlı maraqlı xəbərlər gündəmdən düşmür. 

Mia.az xəbər verir ki, AMEA-nın yeni müxbir üzv seçilənlərdən biri haqda isə sosial şəbəkələrdə olduqca ilginc xəbər yayılıb. 

Mia.az bildirir ki, həmin xəbərdə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən 2005-ci il iyunun 1-də xidməti otağında külli miqdarda rüşvət alarkən yaxalanan Bakı Dövlət Universitetinin Ümumi və qeyri-üzvi kimya kafedrasının müdiri Məhəmməd Baba oğlu Babanlı  haqqında söhbət açılır. Bəlli olub ki, MTN-nin rüşvətlə yaxaladığı bu adam AMEA-nın həqiqi və müxbir üzvlüyünə keçirilən seçkilərində «müxbir üzv»lə mükafatlandırılıb. 

Mia.az 2005-ci ildə həbs edilən Məhəmməd Babanlı haqda MTN-nin yaydığı rəsmi məlumatı da olduğu kimi təqdim edir: 

«Bakı Dövlət Universitetinin kimya fakültəsinin ümumi və qeyri-üzvi kimya kafedrasının müdiri Babanlı Məhəmməd Baba oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvətalma) maddəsi ilə təqsirləndirilən şəxs qismində, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməsinə dair: 

 Ölkənin iqtisadi təhlükəsizliyinin etibarlı qorunması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiə olunması, vəzifəli şəxslərin səlahiyyətlərindən sui-istifadə hallarının qarşısının alınması dövlətimizin başçısının diqqət mərkəzindədir və bu sahədə ardıcıl olaraq müvafiq təşkilatı-əməli tədbirlər həyata keçirilir. 

Bununla əlaqədar, aidiyyəti hüquq mühafizə orqanları tərəfindən ölkənin ayrı-ayrı infrastrukturlarındakı mövcud vəziyyət təhlil olunur, müxtəlif sui-istifadələr barədə daxil olan məlumatlara, şikayət və müraciətlərə operativ baxılması və zəruri tədbirlər görülməsi təmin edilir. 

 Bu günlərdə Azərbaycan Respublikasının vətəndaşı olan bir nəfər (öz xahişi ilə adı və soyadı göstərilmir) ali təhsil müəssisəsinə qəbul olunması müqabilində ondan rüşvət istənilməsi barədə Milli Təhlükəsizlik Nazirliyinə müraciət etmişdir. 

 Məlum olmuşdur ki, həmin vətəndaş öz biliyinə uyğun və nüfuzu ilə fərqlənən ali təhsil müəssisəsini müəyyənləşdirmək istəmiş, bu məqsədlə, habelə qəbul qaydalarını öyrənmək üçün Bakı Dövlət Universitetinə gəlmişdir. Burada özünü müəllim kimi təqdim edən tanımadığı bir şəxs onu düzgün istiqamətləndirmək və aidiyyəti quruma müraciət etməli olduğu barədə məsləhət vermək əvəzinə, universitetə qəbul məsələsinin daha asan yolla həllinin mümkünlüyünü bildirib yaxın münasibətdə olduğu kafedra müdiri Məhəmməd Babanlı ilə tanış etmişdir. 

Bakı Dövlət Universitetinin kimya fakültəsinin ümumi və qeyri-üzvi kimya kafedrasının müdiri Babanlı Məhəmməd Baba oğlu onu qonşu ölkələrin birində özəl ali təhsil müəssisəsinə qəbul etdirəcəyini, sonra isə birbaşa BDU-nun filologiya fakültəsinin qiyabi şöbəsinin ikinci kursuna keçirəcəyini vəd edib, bundan ötrü müvafiq sənədlərin hazırlanmasının, habelə "işin düzəlməsi müqabilində” müəyyən haqq, yəni 6 min ABŞ dolları məbləğində pul verilməsinin lazım olduğunu bildirmişdir. Belə bir vəziyyətlə rastlaşan həmin vətəndaş Milli Təhlükəsizlik Nazirliyinə müraciət etmək qərarına gəlmişdir. 

Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat tədbirləri nəticəsində Məhəmməd Babanlı 2005-ci il iyunun 1-də xidməti otağında həmin vətəndaşdan rüşvət kimi göstərilən məbləğdə külli miqdarda pulu alarkən yaxalanmışdır. 

 Faktla bağlı Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvətalma) maddəsi ilə cinayət işi başlanmış, Məhəmməd Babanlı təqsirləndirilən şəxs qismində cəlb edilməklə, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. 

 İşin bütün hallarının araşdırılması üçün zəruri istintaq hərəkətləri davam etdirilir». 

Sonrası isə bəllidir. Yazının qəhrəmanı Məhəmməd Babanlı AMEA-da böyük etimada layiq görülərək, müxbir üzv seçilib… 

Xəbərdə adı hallanan müxbir üzvün mövqeyini də dərc etməyə hazırıq. 

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA