50 deputat mandatla vidalaşır, sabiq nazirlərə şans verilir - SİYAHI

img

11-07-2014 [14:02]


Gələn il Azərbaycanda yeni parlament seçkiləri keçiriləcək. Bu parlament seçkilərinə bir çox sabiq məmurların da qoşulması istisna edilmir.


Mia.az "Unikal"a istinadən xəbər verir ki, bir müddət əvvəl mətbuatda 2015-ci ildə keçiriləcək parlament seçkiləri ilə bağlı müxtəlif iddialar, ehtimal və proqnozlar səsləndirilməyə başladı. Bu ehtimallardan biri ondan ibarətdir ki, son 5 ildə parlamentin fəaliyyətinə diqqət yetirəndə aydın olur ki, parlamentdə demək olar,heç bir effekt verməyən, əskinə parlamentin fəaliyyətini zəiflədənlərin böyük bir qismi məhz bitərəflərdir. Məsələn, götürək Ceyhun Osmanlını. Bu şəxs isə sadəcə olaraq nurçuların təsirində olması ilə diqqəti cəlb etdi və yəqin ki, bu onun parlamentdəki son fəaliyyət mərhələsidir. Ümumiyyətlə aydın oldu ki, bu dəfəki parlamentdə kifayət qədər təsadüfü şəxslər var və yəqin ki, bunlardan təmizlənmə olacaq.
Başqa bir ehtimal isə ondan ibarətdir ki, gələn il formalaşacaq parlamentdə ən azı 50 indiki millət vəkili mandatı ilə vidalaşacaq. Mətbuatda onların adları da hallanır. 2015-ci il seçkilərindən sonra Milli Məclisin qapılarının üzünə bağlanacağı millət vəkilləri sırasında xüsusilə Aqil Abbas, Sabir Rüstəmxanlı, Aydın Abbasov, Leyla Abdullayeva, Fəzail Ağamalı, Sahib Alıyev, Ceyhun Osmanlı, Mahir Aslanov, Azər Badamov, Muxtar Babayev, Rəfael Cəbrayılov, Nəriman Əliyev, Etibar Hüseynov, Əliağa Hüseynov, İlyas İsmayılov, Xanhüseyn Kazımlı, Asəf Hacıyev, Elton Məmmədov, Əsabil Qasımov, Rafiq Məmmədov, İqbal Məmmədov, Gülçöhrə Məmmədova, Aytən Mustafayeva, Ayaz Orucov, Astan Şahverdiyev, Sədaqət Vəliyeva, İsmayıl Hacıyev, Jalə Əliyeva, Rəbiyyət Aslanovanın adı hallanır.
İddialara görə, bəzi deputatların "vurulması”nın konkret səbəbləri olsa da, ümumilikdə səbəbləri aşağıdakı kimi qruplaşdırmaq olar:
1. Oliqarxların və məmurların parlamentdəki "deputatları” çıxdaş ediləcək, yalnız ən yaxın adamları saxlanılacaq. Bununla oliqarxların parlamentə təsiri minimuma endiriləcək.
2. Universitet rektorları parlamentdən uzaqlaşdırılacaq. Buna səbəb onların parlamentdə təhsil qanunvericiliyindəki islahatları əngəlləməsidir. Həmçinin Təhsil Nazirliyinin onlara təsir imkanını mandatlarından istifadə edərək, dəf edə bilirlər. Halbuki onların hamısı parlamentin Təhsil komissiyasında təmsil olunsalar da, illərdir ki, islahatçı qanun layihələri komissiyanın arxivində yatır.
3. "Nurçu ovu” parlament müstəvisində də davam etdiriləcək.
4. Yaşlı deputatlar "istirahətə” göndəriləcək. Bəzi hallarda isə bu dəyişiklik eyni ailədən digərinin əvəzlənməsi ilə müşayiət olunacaq.
"Unikal”a daxil olan məlumata görə, boşalacaq mandatları isə xeyli gözlənilməz şəxsin almaq imkanları var. Bu sırada tanınmış yazarların, QHT sektorundan bəzi şəxslərin, bir çox biznesmenlərlə bərabər keçmiş məmurlardan bəzilərinin olması da istisna edilmir.
Məlumatı verən mənbənin sözlərinə görə, deputatlıq arzusu ilə yaşayan sabiqlər arasında Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovun adını çəkmək olar. Düzdür, bəzi KİV-lərdə belə iddialar yer alır ki, Tağı Əhmədov icra başçısı olmaq təklifi alıb. Məlumata əsasən, Tağı Əhmədov Bakının böyük rayonlarından birində icra başçısı olmaq istəyini ortaya qoyub. Hətta Tağı Əhmədov Yasamal rayonunda icra başçısı olmaq arzusunu belə dilə gətirib. Bildirilir ki, Tağı Əhmədova cavab olaraq bildirilib ki, hələlik söhbət ancaq əyalət rayonlarından gedir və kesmiş metropoliten sədrinə bir neçə rayondan birini seçmək tövsiyyə olunub. Həmin rayonlar arasında isə Qobustan və Ağcabədi rayonları da olub. Amma qəzetimizə daxil olan xəbərlərdə keçmiş "metro şefi”nin millət vəkilliyi arzusunda olduğu və belə bir istəyini yaxın çevrələrdə dilə gətirdiyi bildirilir.
Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin ətrafından isə ona gələn ilki parlament seçkilərinə qatılmaq təklif olunub. Amma keçmiş nazir siyasi-ictimai proseslərdən uzaq durmaq niyyətini bəyan edib. Bununla belə onun qərarı qəti deyil və istisna edilmir ki, o, müəyyən götür-qoy etdikdən, məsləhətləşmələrdən sonra 2015-də mandat uğrunda mübarizəyə qoşulsun.
Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun da deputat seçkilərində iştiraka isti baxdığı, amma mandat yarışına yalnız hakimiyyət daxilindən hər hansı razılıq olacağı təqdirdə qoşulacağı söylənilir.
Sabiq maliyyə naziri Əvəz Ələkbərov da özünün siyasi karyerasını bərpa etmək arzusundadır. Uzun illərdir vəzifəsiz olan Ələkbərov, hökumətdən ona yeni post təklif ediləcəyini gözləyir. Hətta o, bu istəyini dilə də gətirib. Amma keçmiş nazirin karyera ümidləri hələ də özünü doğrultmayıb. İstisna edilmir ki, Əvəz Ələkbərov gələn ilki parlament seçkilərində iştirak etmək barədə niyyətini müəyyən dairələrlə bölüşsün. Ona bu istiqamətdə "yaşıl işıq” yandırılarsa, Əvəz Ələkbərovu da 2015 parlament seçkilərində deputatlığa namizəd kimi görə bilərik.
Başqa bir neçə sabiq məmurun da gələn ilki parlament seçkiləri ilə bağlı mandat gözləntilərinin olduğu sirr deyil. Amma onların heç biri seçkilərdə iştirakla bağlı qərarı özbaşına vermək istəmir və bunun üçün yalnız iqtidarın "yaşıl işıq” yandırmasına ümid edirlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA