İcra başçısı və bələdiyyə şəhid ailəsini qapılarda qoyub - VİDEO

img

10-07-2014 [07:11]


Sumqayıtda ticarət üçün köşk qoymağa torpaq sahəsi istəyən şəhid ailəsinin aldığı "yox" cavabı narazılığa səbəb olub.

ANS TV-nin məlumatına görə, Bəsti Nəcəfova Laçın rayonundan məcburi köçkündür. Laçından çıxarkən o, təkcə ev-eşiyini, mal-mülkünü itirməyib. İşğal günü könüllülər sırasında olan oğlu Şamil Nəcəfov şəhid olub. Həyat yoldaşı isə əsir düşüb. Bir sözlə, Laçın dərdi, Bəsti xanımın oğul dərdi, həyat yoldaşının dərdi ilə qarışaraq vaxtsız saçlarını ağardıb, belini büküb. Ağbirçək 22 ildir Sumqayıt şəhərində 7 saylı bağçada iki oğlu ilə birgə yaşayır. İl yarım əvvəl dolanışıqları çətin olduğundan şəhid ailəsi kimi imtiyazlarından yararlanmaq istəyib. Sumqayıt Şəhər İcra Hakimiyyətinə məktubla müraciət edərək, onun üçün ticarətlə məşğul ola biləcəyi 30 kvadratmetr torpaq sahəsinin ayrılmasını istəyir.

Bəsti Nəcəfova deyir ki, Sumqayıt şəhər İcra Hakimiyyəti məlum müraciətdən sonra bizə cavab məktubu ünvanlayıb: "Məktubda torpaq sahəsinin ayrılması ilə bağlı bələdiyəyə müraciət edilməlidir. Bələdiyə də lazım olan, 30 kvadratmetr torpaq sahəsi ayırdıqdan sonra, icra bu məsələyə yenidən baxa bilər. Bundan sonra məsələ ilə bağlı bələdiyəyə müraciət etdim. Bələdiyə də öz növbəsində bizə 13 mikrorayon ərazisində 30 kvadratmetr torpaq sahəsi ayırdı. Lakin icraya çox get-gəldən sonra məlum oldu ki, torpaq sahəsi bir başqasına satılıb”. 

Bundan sonra Bəsti Nəcəfova yeni yer axtarır və 4-cü kvartalda bu ərazinin ona verilməsi üçün lazımi sənədləri Sumqayıt Şəhər İcra Hakimiyyətinin memarlıq və şəhərsalma idarəsinə təqdim edir. İkinci müraciətdən də aylar keçməsinə baxmayraq şəhid ailəsinin istəyi təmin edilmir. 

Səbəblərini öyrənmək üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinin memarlıq və şəhərsalma idarəsinə yollandıq. Bizi görən kimi qapılar bağlandı. Xidməti maşınları həyətdə olan rəhbərliyin idarədə olmadığı bildirdi. Bağlı qapıların açılmayacağını görüb Sumqayıt Şəhər İcra Hakimiyyətinə yollandıq. İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin əməkdaşı Baba Əsgərov məsələyə özünə məxsus şəkildə aydınlıq gətirdi. Şəhid ailəsinin dolanışığa ehtiyacı olsa da, Sumqayıt şəhərinin bu mağazaya ehtiyacı yoxdur.

Qurum rəsmisi onu da bildirdi ki, Bəsti Nəcəfova icra hakimiyyətinə yenidən müraciət etsin. Ona bazarların birinə ticarət üçün yer ayrılması məsələsinə baxıla bilər. Hər halda baxılmalı və şəhid ailəsinin dolanışığının təmin olunması daha vicdanlı qərar olar, çünki məhz bu ağbirçək oğlunu vətən torpağına qurban verib. 




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA