Eldar Əzizov Qərib Dadaşova qarşı, başçı məmur-biznesmenin şadlıq sarayını sökdürür

img

10-07-2014 [00:27]


"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) tabeliyində fəaliyyət göstərən "Azərtunelmetrotikinti" ASC-nin tikinti idarəsinin rəisi Qərib Dadaşovun başı üzərində "qara bulud"lar dolaşmağa başlayıb. Tağı Əhmədovun vəzifədən çıxarılmasından sonra bir andaca ulduzu sönən idarə rəhbəri qurumun yeni sədri Zaur Hüseynovun haqlı təzyiqləri ilə üz-üzə qalıb. Nəzərinizə çatdıraq ki, Zaur Hüseynov QSC-də vəzifəsinin icrasına başlayandan dərhal sonra Şaiq Əfəndiyevin rəhbərlik etdiyi müəssisədəki idarə rəislərinin haqqında məlumat toplamağa başlayıb.

Ona verilən bilgilərin arasında Qərib Dadaşovun gördüyü qeyri-qanuni işlər haqqında daha çox informasiyalar yer alıb və Zaur Hüseynov sözügedən qurumda təcili kadr islahatları aparmaq qərarına gəlib. Hələ ki, nə Qərib Dadaşov, nə də fəaliyyətində müxtəlif nöqsanlar olan digər idarə rəisləri vəzifədən çıxarılıb. Ehtimallara görə, yaxın günlər ərzində "Azərtunelmetrotikinti" ASC-də səs-küylü kadr dəyişiklikləri gözlənilir. Bəzi mənbələrin bildirdiyinə görə isə işdən çıxarılması gözlənilən idarə rəisləri hətta həbs edilə bilərlər. Ki, həbs olunmağa real namizədlərin arasında Qərib Dadaşovun adı ön sıralarda çəkilir. Özəl mənbələrdən əldə etdiyimiz ən son informasiyaya görə, karyerası təhlükə altında olan Qərib Dadaşovun Sumqayıtda fəaliyyət göstərən obyektləri əlindən alına bilər: "Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qanunsuz tikililərə qarşı mübarizə aparır. O, şəhərə yenicə təyin olunanda Sumqayıtda yüzlərlə qanunsuz obyekt var idi. Lakin bir neçə ayın ərzində icra hakimi onların hamısını buldozerlərin qabağına verərək yerlə-yeksan etdi. Buna baxmayaraq, şəhər ərazisində sənədləri qaydasında olmayan bir çox obyekt var. Bunların arasında Qərib Dadaşova məxsus olan "Nur" şadlıq sarayı və avtoservis də var. Bildiyimə görə, idarə rəisinin nəzarəti altında fəaliyyət göstərən şadlıq evinin və atoservisin sənədləri qaydasında deyil. 17-ci mikrorayon ərazisində yerləşən restoranın yeri əvvəllər sakinlərin istifadəsində olub. Şəhərin keçmiş rəhbərliyinin dövründə Qərib Dadaşov tikinti idarəsində mənimsədiyi vəsaitlər hesabına həmin ərazini ələ keçirərək şadlıq evi tikdirib. Şadlıq evi yaşayış binalarına yaxın yerləşdiyindən ətrafdakı insanlar səs-küydən rahat yaşaya bilmirlər. Həm bu, həm də sənəd məsələsi "Nur"un sökülmə məsələsini gündəmə gətirib. Obyektin sənədlərinin qaydasında olmadığını öyrənən icra hakimi şadlıq sarayının təcili olaraq sökülməsi barədə aidiyyəti şəxslərə göstəriş verib. Əraziyə gəlib icra hakiminin tapşırıqlarını yerinə yetirmək istəyən Sumqayıt İcra Hakimiyyətinin işçiləri Qərib Dadaşovun adamları tərəfindən təzyiqlərə məruz qalıblar. Onlar hətta vəzifə başında olan dövlət məmurlarının ünvanına nalayiq ifadələr işlətməkdən çəkinməyiblər. Məsələdən xəbər tutan tikinti idarəsinin rəhbəri özündən çıxıb və Eldar Əzizovun onun şadlıq sarayını sökə bilmək iqtidarında olmadığını bildirib. Başqa sözlə desəm, bir növ icra başçısına meydan oxuyub. İdarə rəisi deyib ki, heç kim ona məxsus olan obyekti sökə bilməz. Eldar Əzizov isə nə olur-olsun qanunsuz tikilən şadlıq sarayını sökdürəcək. Bu adam prezidentin Sumqayıt şəhərindəki səlahiyyətli nümayəndəsidir. İdarə rəisi başçıya heç nə edə bilməz". Əldə etdiyimiz məlumatda qeyd olunan məqamlardan biri də Qərib Dadaşovun bahalı mülkləri və avtomobilləri ilə bağlıdır. Mənbənin sözlərindən aydın olar ki, idarə rəisi Sumqayıtda analoqu olmayan dəbdəbəli imarət tikdirib: "Adıçəkilən şəxsin maliyyə imkanları o qədər genişdir ki, pulu hara xərcləyəcəyini bilmir. "Azərtunelmetrotikinti"nin tikinti idarəsinə rəhbərlik edən şəxs büdcədən bu sahəyə ayrılan vəsaitlərin müəyyən hissəsinin arxasına keçərək özünə əməlli başlı şərait qurub. Sumqayıtda və Bakıda bahalı mülkləri var. Sumqayıtda dənizə yaxın ərazidə tikdirdiyi villanın qiyməti bəlkə də milyonlara bərabərdir. Bakıdakı mənzillərinin sayını isə heç özü də dəqiq bilmir. Kolleksiyasında olan avtomobillərin qiyməti çox bahadır. Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları üçün bundan gözəl fakt ola bilməz. Deməli, idarə rəisi yeyinti hallarına şərait yaradıb ki, bu qədər varidata sahib çıxıb. Aylıq maaşla bunları etmək qeyri-mümkündür". Mənbənin dediklərini ümumiləşdirib bu nəticəyə gəlmək olar ki, Qərib Dadaşovun karyera yolu bağlanmaq üzrədir. Hələ üstəlik vəzifəsini itirmək təhlükəsi ilə üzləşən şəxsin obyektləri və mülkləri də əlindən çıxa bilər. Belə yerdə deyiblər e, kiminin əvvəli, kiminin axırı.(dogru.tv)

Qarşı tərəfi də dinləyə bilərik.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA