Nazir: "Dövlət xidmətləri 2020-ci ilədək tamamilə elektronlaşdırılacaq"

img

09-07-2014 [12:44]


Azərbaycanda dövlət xidmətləri 2020-ci ilədək, demək olar ki, 100 faiz elektronlaşdırılacaq.

"Trend"-in məlumatına görə, bu barədə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bu gün Bakıda keçirilən Biznes və GBATA texnologiyalarının Qlobal Assosiasiyasının 16-cı beynəlxalq konfransında deyib.

Nazir əlavə edib: "Ölkə əhalisinin 85 faizinin buna çıxışı olacaq".

Onun sözlərinə görə, 2012-ci ildə qəbul edilən "Azərbaycan-2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyası Azərbaycanın və milli iqtisadiyyatın inkişafının mühüm istiqamətlərini əks etdirir.

Ə.Abbasov deyib: "Qarşıda qeyri-neft sektoru əsasında ÜDM-in ikiqat artırılması, iqtisadiyyatın və ixracın şaxələndirilməsi kimi iddialı hədəflər və digər vəzifələr durur ki, informasiya və kommunikasiya texnologiyalarının inkişafının, eləcə də onların tətbiqinin genişləndirilməsinin vacibliyi birbaşa onlardan irəli gəlir".

Onun sözlərinə görə, infrastrukturun inkişafı bu hədəflərə nail olmaq üçün həll edilməsi vacib olan ən mühüm vəzifələrdən biridir: "İnfrastruktur Azərbaycanın gələcək inkişafında böyük rol oynayacaq. Burada mobil şəbəkələrin seqmenti haqqında danışmaq da yerinə düşər. Bu bazarın tənzimçisi kimi nazirlik bu sahənin dinamik inkişafı üçün gələcəkdə imkanlar yaratmağı davam etdirmək niyyətindədir. Bununla yanaşı, İKT-nin real sektorunu - "hardware" və "software"in inkişaf etdirilməsi lazımdır. Ölkədə internetə çıxışın genişləndirilməsi proqramı reallaşdırılır və 2017-ci ilədək hər bir evdə şəbəkəyə yüksək sürətli optik-lif çıxış mümkün olacaq".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA