Deputat xüsusi ittiham qaydasında məhkəməyə verildi, "Vətən xaini" qalmaqalı "şişdi – ÖZƏL

img

07-07-2014 [17:51]


Azərbaycan Dövlət İqtisad Universitetinin sabiq rektoru, deputat Şəmsəddin Hacıyev xüsusi ittiham qaydasında məhkəməyə verilib.

 Bu barədə Mia.az-a verilən məlumata görə, sabiq rektoru məhkəməyə verən onun sabiq müşaviri, iqtisad elmləri doktoru, universitetdə kibernetika elminin yaradıcısı Bədirxan Musayevdir.

Mia.az-ın məlumatına görə, keçmiş müşavirin Şəmsəddin Hacıyevin barəsində xüsusi ittiham qaydasında - Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə məhkəməyə müraciət edilməsinə səbəb deputatın «Mən, Bədirxan Musayevə vətən xaini damğası vuraraq universitetdən qovmuşam» sözləri olub: «Lakin Xətai rayon Məhkəməsi müxtəlif bəhanələrlə şikayəti qəbul etməkdən yayınıb. Məhkəmədən iqtisad elmləri doktoru, professor Bədirxan Musayevə qeyri-rəsmi bildirilib ki, deputata qarşı bu şikayəti qəbul edə bilməzlər. Ona görə Bakı Apellyasiya Məhkəməsinə çıxarılıb».

 Mia.az xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi ilə Şəmsəddin Hacıyevə qarşı şikayətə baxılmalıymış: «Lakin məhkəmənin tarixi saatı haqda Bədirxan Musayev məlumatlandırılmadığından, qarşı tərəf isə prosesə gəlmədiyindən, məhkəmə təxirə salınıb. Proses ayın 9-da saat 10.00-da davam etdiriləcək».

 Mia.az məsələ ilə bağlı Şəmsəddin Hacıyevin mövqeyini öyrənə bilməyib.

 Professor Bədirxan Musayev isə Mia.az-a açıqlamasında xəbəri təsdiqləyib: «Bəli, Şəmsəddin Hacıyev mənə böhtan atdığından onu məhkəməyə vermişəm. O, prezidentin, məhkəmələrin, ümumiyyətlə, Azərbaycan dövlətinin səlahiyyət hüquqlarını mənimsəyərək, mənə ləkə atıb. Mətbuata deyib ki, Bədirxan Musayevi vətən xaini damğası ilə işdən qovmuşam və s. Axı, o, kimdir ki, belə bir ağır damğa vura bilsin? O, bu sözü ilə nəinki mənim elmi fəaliyyətimi, şəxsiyyətimi, həm Azərbaycanın hüquqi dövlət olması faktını təhqir edib.

 Düşünürəm ki, məhkəmələr Azərbaycanın adına utanc gətirən Şəmsəddin Hacıyevin bu əməllərinin qarşısında artıq aciz qalmamalıdır cəsarətli qərar verəcəklər. Ən azından Azərbaycan dövlətinin bu dövlətin rəhbəri möhtərəm İlham Əliyevin səlahiyyətini mənimsəyərək «Vətən xaini damğası vuraraq işdən qovmuşam» deyən şəxs cəzasız qalmamalıdır.

 Fürsətdən istifadə edib, ölkə rəhbərliyinə Ədliyyə Nazirliyinin rəhbərliyinə üz tutub xahiş edirəm ki, bu məhkəmə iclasını xüsusi nəzarətə götürsünlər. Çünki Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyev Şəmsəddinin deputat mandatı pullunun qarşısında duruş gətirəcək adam deyil. Ona görə jurnalistlərdən xahiş edirəm ki, həmin iclasda iştirak edib, prosesi işıqlandırsınlar».


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA