PA-dan icra başçılarına sərt tapşırıq verildi

img

07-07-2014 [14:17]


Prezident Administrasiyası tərəfindən rayon icra hakimiyyətlərinə sərt tapşırıqlar verilib.

 Mia.az "Reytinq" qəzetinə istinadən xəbər verir ki, əsasən qanunsuz fəaliyyətləri haqda çoxsaylı şikayətlər edilən icra başçılarına verilən tapşırıq isə çox sərt olub. Onların diqqətinə çatdırılıb ki, vətəndaşların fərdi şikayətləri ilə bağlı təxirəsalınmaz tədbirlər görülsün: «Həmin şikayətçi vətəndaşların birbaşa qəbula dəvət edilərək, problemləri öyrənilməklə, həlli istiqamətində ciddi tədbirlərin görülməsi tapşırılıb. Eyni zamanda, artıq Prezident Administrasiyasının bölgələr üzrə kuratorlarına da tapşırıq verilib. Onlara rayonlarla əlaqələrini daha da intensivləşdirməyin vacibliyi xatırladılıb. Elə bu səbəbdəndir ki, kuratorlar tez-tez rayonlara səfər edir, yerlərdəki vəziyyəti şəxsən araşdırmağa başlayıblar. Belə vəziyyət isə barələrində tez-tez şikayətlər edilən icra başçıları idarə müdirləri üçün müsbət sonluq vəd eləmir».

 Bizi məlumatlandıran informasiyalı şəxs deyir ki, hazırda barəsində çoxsaylı şikayətlər yayılan Masallı, Lerik, Qazax, Tovuz, Ağcabədi, Quba, Hacıqabul, Sabirabad, İmişli digər bir neçə rayonun icra başçılarının vəziyyətləri ürəkaçan deyil: «Adıçəkilən rayon icra başçılarının bəzilərinin çoxsaylı mənimsəmə hallarına yol vermələrindən tutmuş, kənd təsərrüfatı istehsalçılarına ayrılan yardımların mənimsənilməsinə «göz yummaları»da diqqətdən yayınmayıb. İş o yerə çatıb ki, Masallıda icra başçısının müavini Nəsir Muxtarlının doğulduğu Həsənli kəndində guya 550 nəfərə yaxın buğda əkilməsi haqda saxta sənəd tərtib edilməsinə göz yumulub. Burada məsələnin ən diqqət çəkən tərəfi isə həmin kənddə icra başçısının müavininin atası Muxtar Muxtarovun adına da buğda sahəsi yazılıb. Əgər kənd təsərrüfatı naziri Heydər Əsədov məhz bu kənddəki vəziyyəti dərindən araşdırarsa, o zaman Masallıya digər kəndlər üzrə ayrılmış vəsaitlərin taleyinə aydınlıq gətirilə bilər. Ümumiyyətlə, Masallının 33 kəndi üzrə 5370 şəxsin 7794.67 hektar ərazidə buğda əkməsi və buna görə həmin rayona 311 min 786 manat 80 qəpik yardımın ayrılması ilə ilə əlaqədar istehsal olunmuş buğdanın statistikasını açıqlaamaq gərəkdir. O zaman bilinəcək ki, bu rayonda necə biabırçı hallara yol verilib. İş o yerə çatıb ki, torpaq islahatı zamanı pay torpağı ilə təmin edilməyən (kağız üzərində olsa damüəllif) sakinin adına yardım yazılıb. Bundan əlavə, icra başçılarının kəndlər üzrə icra nümayəndələri bələdiyyə sədrlərinin öz yaxın qohum-əqrəbalarının adına dövlət büdcəsindən hər hektar üçün ayrılmış 40 manat məbləğindəki subsidiyanı necə talan etmələri heyrət doğurur. Şübhəsiz ki, bu məsələ haqda yayılan xəbərlər Prezident Administrasiyasını ciddi narahat edir».

 Məlumatlı şəxsin sözlərinə görə, bütün bunlarla yanaşı, az əvvəl Hesablama Palatasının Dövlət büdcəsinin investisiya xərclərinin auditi zamanı 5 rayonda aşkarladığı böyük korrupsiya halı da ciddi narahatlıq yaradıb: «Artıq Administrasiyada belə bir qənaət hasil olub ki, rayon rəhbərlərinin bəziləri büdcə vəsaitlərinə şəxsi mənafeləri nəzərindən yanaşdıqları üçün rayonlarda bir çox problemlər öz həllini tapmır. Sizə deyə bilərəm ki, elə İcra Hakimiyyətləri var ki, sadə kərgüzarlıq işlərini aparmaq qabiliyyətində deyillər. belələri haqda çox sərt tədbirlər görüləcək».


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA