Borçalı fəalı Gürcüstana buraxılmadı, cəmiyyət İlham Əliyevə müraciət etdi

img

04-07-2014 [20:34]


Bu gün "Borçalı" İctimai Cəmiyyətinin İdarə Heyətinin növbəti toplantısı keçirilib. Cəmiyyətdən Mia.az-a daxil olan məlumatda bildiirilir ki, toplantıda Elat bayramına hazırlıq və bir sıra cari məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib. Cəmiyyətin fəalı Salman Murğuzovun Gürcüstana keçidini məhdudlaşdırılması halı ciddiliyi ilə müzakirə olunmuş və hadisə ilə bağlı bəyanat qəbul olunub. 

Bəyanatda deyilir:

"26 iyun saat 9 radələrində Qırmızı Körpü Sərhəd Keçid Məntəqəsində Azərbaycan Respublikasının vətəndaşı, Borçalı İctimai Cəmiyyətinin Qaraçöp El məclisinin sədri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Salman Murğuzov Gürcüstana keçmək istəyərkən, Gürcüstan pasport yopxlama postunda onun Gürcüstana keçməyinə mane olublar.  O, Gürcüstana buraxılmamağının səbəbini soruşduqda, Gürcüstan sərhəd keçid xidməti əməkdaşları onlara, Gürcüstan Xarici İşlər Nazirliyindən belə göstəriş verdiyini bildiriblər. Salman Murğuzovun haqlı olaraq hansı səbəbdən Gürcüstana buraxılmadığının səbəbini bildirən sənədi, protokolu tələb etməsinə baxmayaraq, ona hər hansı sənəd verməyiblər və Azərbaycana qayıtmasını tələb ediblər.

"Borçalı” İctimai Cəmiyyəti hesab edir ki, bu hal, hər zaman Gürcüstan və Azərbaycanın milli maraqlarının qorunmasında xüsusi fədəkarlıq göstərən Salman Murğuzovun hüquqlarını məhdudlaşdırmaqla, iki xalq arasında yaranan sağlam mənəvi körpünü zədələmək cəhdindən başqa bir şey deyildir.

"Borçalı" İC-nin İdarə Heyəti Gürcüstanın Xarici İşlər Nazirliyi və digər əlaqədar qurumlarından  baş verən olaya aydınlıq gətirmələrini və Salman Murğuzovun pozulmuş hüququnun təmin olunmasını tələb edir. 

Cəmiyyət üzvləri eyni zamanda Elat bayramına hazırlıq məsələləri müzakirə ediblər. Azərbaycan, Gürcüstan və Türkiyə Cumhuriyyəti prezidentlərini Elat bayramına dəvət məktubu qəbul olunub.   

***                                    

Prezident cənab İlham Əliyevə

Hörmətli, cənab prezident.

"Borçalı” İctimai Cəmiyyəti öz fəaliyyətində hər zaman dövlət və milli maraqlarımızı üstün tutaraq, hədəfi həyata keçirdiyi layihələr vasitəsilə Gürcüstanda  yaşayan soydaşlarımızın fundamental hüquqları, vətəndaş və mədəni hüquqlarının təmininə yönəlməklə, soydaşlarımızın Gürcüstan cəmiyyəti ilə qarşılıqlı inteqrasiya prosesinə yardımçı olmaqdadır.

Soydaşlarımızın birlik və bərabərliyinə xüsusi töhvə verən tədbirlərimizdən biri Gürcüstanın Dmanisi rayonunda hər il iyul ayının 26-da təşkil etdiyimiz "Borçalı Türklərinin Elat Mədəniyyəti günü” yaylaq festivalıdır. Bu il sayca altıncı tədbirimiz olacaq. Bu tədbirdə minlərlə soydaşlarımızla birlikdə Türkiyədən, Güney Azərbaycandan, MDB ölkələrindən, Türk dünyasının müxtəlif bölgələrindən nüfuzlu qonaqlarımız iştirakı gözlənilir. Tədbirdə Azərbaycanın mədəniyyət, incəsənət, folklor nümunələri nümayiş etdirilir, güləş, cıdır, futbol yarışları təşkil edilir, məşhur idmançıların nümunəvi çıxışlarına baxılır, geniş konsert proqramı təşkil edilir. Gələcəkdə bu tədbirin beynəlxalq səviyyəli, bir neçə gün davam edən tədbirə çevrilməsi və 26 iyul tarixinin Gürcüstanın rəsmi bayram təqviminə daxil edilməsinə nail olmaq kimi hədəflərimiz vardır.

Bu layihənin cənubi Qafqazda ilk dostluq və barış layihəsi olduğunu, Milli maraqlarımızın qorunması və dövlətimizin imicinə faydasını nəzərə alaraq Sizdən bu tədbirin yüksək səviyyədə keçirilməsinə dəstək verməyinizi bir daha xahiş edirik.

Eyni zamanda bu tədbirdə şəxsən iştirakınızı arzulayırıq. Bu tədbirdə sizin rəhbərliyinizlə Azərbaycan, Türkiyə və Gürcüstan rəsmilərinin iştirakı Cənubi Qafqazın təhlükəsizliyi istiqamətində Azərbaycan dövlətinin imicinə müsbət təsir edən  tarixi hadisə olardı.

Əvvəcədən təşəkkür edirik. Tanrı dövlətimizi və millətimizi qorusun!

Hörmətlə, "Borçalı” Cəmiyyətinin sədri                                Zəlimxan Məmmədli

****

Daha sonra Elat bayramına maliyyə dəstəyi üçün İş adamlarına mətbuat vasitəsilə və birbaşa müraciət qəbul olunmuşdur. Müraciətdə deyilir:

Çox dəyərli iş adamları və  əziz xalqımız!

Bildiririk ki, artıq altıncı ildir ki, hə il iyul ayının 26-da Gürcüstanın Dmanisi rayonunda 10 min nəfərə yaxın soydaşımız və Azərbaycan, Gürcüstan, Türkiyə, Güney Azərbaycandan gəlmiş mötəbər qonaqların, onlarla mətbuat orqanlarının iştirakı ilə beynəlxalq standartlara uyğun, gürcü və türk millətlərinin qardaşlaşmasına xidmət edən "Borçalı Türklərinin Elat Mədəniyyəti günü” bayram tədbiri keşirilir.

Bu bayram tədbirinin əhəmiyyətini hər kəs dərk etməkdədir. Sevindirici haldır ki, regional təhlükəsizlik üçün dövlətlərimiz də bizim israrla 2009-cu ildən başımızın üzərində gəzdirdiyimiz üç dövlətin bayrağı altında güc və xilas bilikdədir siyasi, ideoloji platformasında birləşməkdədirlər. Artıq bu tərdbirin masştabı genişlənərək türk dünyasının, Avropanın diqqətindədir. Bu tədbirin ən yüksək səviyyədə keçirilməsi  hər bir türkün və gürcünün şərəf borcu olmalıdır. Tədbiri daha yüksək səviyyədə keçirməyimiz hər üç dövlətin və bütövlükdə Qafqazda barış və sülhün xeyrinədir.

Dəyərli qardaş və bacılarımız, dəyərli iş adamları hər şeyi dövlət etməlidir düşüncəsini bu tip məsələlərdə, xüsusilə Elat bayramı kimi ümumxalq bayramında bölüşmürük. Bu el bayramıdır. Hər birimiz imkanımız çatan yardımı etsək, bu bizim daha sıx birləşməyimizə, dövlətlərimiz və xalqlarımızın daha sıx inteqrasiya olunmalarına fayda verərdi.

"Borçalı” Cəmiyyətinin milli və dövlət maraqlarımızın qorunması və təmininə yardımçı olan "Borçalı Türklərinin Elat Mədəniyyəti günü” mədəni kütləvi bayram tədbirinin keçirilməsinə maliyyə və təşkilat dəstəyi verməyinizi xahiş edirəm Edilən yardımların şəffaf formada hesabatını sizlərə bildirməyə, dövrü mətbuatda yaymağa zəmanət veririk.

Əvvəlcədən təşəkkürümüzü bildirirəm.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA