Deputat Bəxtiyar Əliyevin rəqibləri fəallaşıb – Kompromat savaşı

img

02-07-2014 [13:55]


2007-ci ildə AMEA-nın müxbir üzvü seçilən Milli Məclisin Elm və Təhsil Komitəsinin sədr müavini Bəxtiyar Əliyevlə bağlı bəzi saytlarda ard-arda yayılan kompromat xarakterli məlumatlarda həqiqət yükü çox olsa da, bunun arxasında duran adamlar var. O adamlar ki, Bəxtiyar Əliyevin karyerasını bitirmək istəyirlər.

 Bu barədə Mia.az-a verilən məlumata görrə, AMEA-nın müxbir üzvü, professor, psixologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin «Psixologiya» kafedrasının müdiri, Milli Məclisin deputatı, Azərbaycan Respublikası Milli məclisinin Elm və təhsil komitəsinin sədr müavini olan Bəxtiyar Əliyev vaxtı ilə yaratdığı Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr, Hüquq və İqtisadiyyat Universitetinin Bakı filialının yaşanan qanunsuzluqların hələ də «ağrı-acısı»nı çəkir: «Xüsusiylə son illər dövlət qurumlarında işəgötürülənlərin diplomlarının «süzgəc»dən keçirilməsi təkcə deputata deyil, həmin vaxtı onunla birlikdə addımlamış hər kəsə təhlükə yaradır. Bir sıra saytlarda yazılanlara görə, Bəxtiyar Əliyev Bakıda yaratdığı iki otaqdan ibarət həmin universitetdə heç kimin ağlına gəlməyən sayda - 7 min nəfərin diplom sahibi olmasını təmin edib. Vəziyyət o həddə çatıb ki, o zaman Təhsil Nazirliyi Bəxtiyar Əliyevin universitetini bağlamaq məcburiyyətində qalıb. İş məhkəməyə qədər gedib çıxıb. Məhkəmə isə nazirliyin qərarını təsdiqləyib. Bu hadisə 2007-ci ilin əvvəlində yaşanıb. Bəxtiyar Əliyevsə elə həmin ili AMEA-nın müxbir üzvü seçilməklə, mövqeyini və təhlükəsizliyini bir qədər də möhkəmləndirməklə, gözlənilən basqılardan sığortalana bilib».

 Müsahibimiz yenə müxtəlif saytlarda gedən materiallara istinad edərək bildirir ki, Bəxtiyar Əliyevə bağlı olan həmin universitetdən başda Dövlət İqtisad Universiteti olmaqla, bəzi təhsil müəssisələrinə aparılan tələbə köçürmələri də diqqətlə araşdırılır: «Bundan əlavə, bəzi xəbər saytlarında Bəxtiyar Əliyevin digər biznes sahələrinə nüfuz etməsi, hətta onun karxana davalarında tərəf kimi çıxış etməsi haqda da məlumatlar yayılıb. Mən hesab edirəm ki, deputatın yaxın keçmişdə buraxdığı səhvlərin gələn il keçiriləcək parlament seçkilərinə bir il qalmış dövriyyəyə buraxılması təsadüfi deyil. Görünür, ya deputatın seçildiyi dairə üzrə, ya da BDU-da hansısa ciddi rəqibi var. Və bu rəqibləri fəallaşmaqla, onun mövqelərini ələ keçirmək istəyirlər».

  Məlumatla bağlı apardığımız ilkin araşdırma zamanı həqiqətən də Bəxtiyar Əliyevlə bağlı Google axtarış sistemində deyilənlərdən də artıq «kompromat» tipli materialların yayıldığı üzə çıxıb. Təəssüf ki, bu və ya digər məlumatlarla bağlı deputatın mövqeyini öyrənə bilmədik.

  Onu da dinləməyə hazırıq.   



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA