Hüquq müdafiəçisi Emil Məmmədovun həbsinin gizli məqamları

img

02-07-2014 [11:56]


Salyanda əhalinin bəzi yerli icra orqanlarının fəaliyyətindən narazı olduğuna dair kütləvi informasiya vasitələrində mütəmadi olaraq materiallar dərc edilir. Zaman-zaman daha ciddi xarakter alan bu narazılıqların, mövcud problemlərin aradan qaldırılması əvəzinə isə, yerli icra strukturları daha da aqressivləşərək hər hansı bir neqativ hala etiraz edən şəxslərə qarşı təzyiq vasitələrindən istifadə edirlər. Ancaq rayon rəhbərliyinin adiministrativ üsullarla narazı təbəqəni cəzalandırmaq metodologiyası heç də hər zaman işə yaramır və yerli bürokratik əngəllərdən, qeyri-qanuni müdaxilələrdən bezən insanlar artıq narazılıqlarını açıq şəkildə büruzə verirlər. Bu günlərdə Salyan rayonunda baş vermiş daha bir insdentin timsalında bunu aydın görmək mümkündür. Belə ki, Salyan rayonunda fəaliyyət göstərən Demokratiyaya Yardım İctimai Birliyinin sədri Emil Məmmədovun həbs olunmasından sonra rayon əhalisi arasında narazılıqlar baş qaldırmaqdadır.

Bunun səbəbi isə rayonda hər kəsin Emil Məmmədovun məhz Salyan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov tərəfindən sifariş əsasında həbs olunduğunu bilməsidir. Rayonda baş alıb gedən özbaşınalıq, buna etiraz edənlərin isə cəzalandırılması yerli əhalini daha yuxarı dairələrə, hətta ölkə başçısına müraciət etmək məcburiyyətində qoyub. Əldə etdiyimiz məlumata görə, hətta 350 nəfərdən ibarət rayon sakini sözügedən məsələ ilə bağlı ölkə prezidentinə müraciət edib. Müraciətdə rayon sakinləri qeyd ediblər ki, Demokratiyaya Yardım İctimai Birliyinin sədri Emil Məmmədovun həbsinə səbəb rayonda olan geniş həcmli korrupsiya və rüşvətxorluq hallarına qarşı qeyri-hökumət təşkilatı rəhbərinin barışmaz mübarizəsi olub. Məlumat üçün onu da qeyd edək ki, bundan bir müddət əvvəl isə Emil Məmmədov rayonda olan korrupsiya halları ilə bağlı ölkə rəhbərinə və mətbuata məlumat göndərmişdi. Məhz bu amil rayon rəhbərliyini "hərəkətə keçməyə" vadar edib.


Rayon sakinləri bildirirlər ki, əslində Emil Məmmədovun həbs olunmasına səbəb rayon İcra Hakimiyyəti başçısının büdcə maxinasiyalarından QHT sədrinin xəbərdar olmasıdır. Belə ki, rayon maliyyə şöbəsinin müdiri Mahir Kərimovla icra başçısının birgə yaratmış olduğu firma olmayan inventarların silinməsi və yenisinin alınması prosesində külli miqdarda vəsait mənimsəyib. Həmin sənədlərin bir qisminin Emil Məmmədovda olduğunu bildikdən sonra isə Tahir Kərimov icra strukturlarına QHT sədrinin həbs olunması üçün göstəriş verib. Maraqlıdır ki, Emil Məmmədov da məhz maliyyə şöbəsinin və poçt müdrinin şikayətləri əsasında həbs olunub. Digər maraqlı bir fakt ondan ibarətdir ki, əvvəlcə adı çəkilən qeyri-hökumət təşkilatının fəal üzvlərindən olan Tofiq Qasımov Salyan Rayon Polis İdarəsi tərəfindən həbs olunub. Hakim Yeni Azərbaycan Partiyasının üzvü olan Tofiq Qasımov əsasən kəndlərdə yaşayan vətəndaşların sosial hüquqlarının müdafiəsində etibarnamə ilə məhkəmələrdə ictimai vəkilliklə məşğul olub. Həbs müddətində ona polis tərəfindən edilən təzyiqlərdən sonra Tofiq Qasımov ona bütün göstərişlərin Emil Məmmədov tərəfindən verildiyini bildirib. Salyanda baş vermiş son həbslərin Bakıda korrupsiya və rüşvətxorluğa qarşı mübarizə ilə əlaqədar keçirilən beynəlxalq konfrans ərəfəsində baş verməsi isə bəzi sualların meydana çıxmasına səbəb olur. Görəsən ölkə rəhbərliyi siyasi iradə nümayiş etdirib korrupsiya və rüşvətxorluğa qarşı barışmaz mübarizə aparmağın vacibliyini vurğuladığı halda, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimovu korrupsiyaya vadar edən nədir? Yaxud bu neqativ hala qarşı çıxan insanları həbs etdirməklə icra başçısı mesajı vermək istəyir?
Vətəninfo.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA