Nərgiz Paşayeva akademik oldu

img

01-07-2014 [11:20]


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi və müxbir üzvlüyünə seçkilərin nəticələri məlum olub.


Səsvermə nəticəsində akademiyaya 26 həqiqi və 50 müxbir üzv seçilib. AMEA-nın müxbir üzvlüyünə seçilənlər arasında filologiya elmləri doktoru, professor, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayevanın da adı var.

O, "Ədəbiyyatşünaslıq” ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilib.

Qeyd edək ki, Nərgiz Paşayeva 13 dekabr 1962-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1983-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1986-cı ildə «M.Sabirin novatorluğu» mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək 1987-ci ildə filologiya elmləri namizədi, 2004-cü ildə «Müasir Azərbaycan ədəbiyyatında insanın bədii-estetik dərki» (xalq yazıçısı Elçinin yaradıcılığı əsasında) mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsi alıb. 1987-ci ilin mart ayından BDU-nun filologiya fakültəsinin «Azərbaycan ədəbiyyatı tarixi» kafedrasında (2004-cü ildən adı «Klassik Azərbaycan ədəbiyyatı» kafedrasına dəyişdirilib) assistent, müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. 2005-ci ildən «Klassik Azərbaycan ədəbiyyatı» kafedrasının professoru və müdiridir. 

1994-cü ilin oktyabr ayından Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının «Dil və ədəbiyyat» kafedrasının professoru və müdiridir. 2006-cı ildən BDU-da fəaliyyət göstərən filologiya elmləri doktoru və namizədlik dissertasiyalarının müdafiəsini keçirən Dissertasiya Şurasının (D.02.181) sədridir. 2006-2008-ci illərdə BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində çalışıb. 2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2008-ci ilin iyun ayından M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rəhbəridir. 3 monoqrafiyanın, 4 kitabın dərsliklərin, elmi və dövri mətbuatda çapdan çıxan onlarla məqalənin müəllifidir. Özəl «ÜNS» yaradıcılıq səhnəsinin yaradıcısı və bədii rəhbəri, «Azərbaycan mədəniyyətinin dostları» xeyriyyə fondunun İdarə heyətinin üzvü, «Azərbaycan-İrs» jurnalının ədəbi şöbəsinin redaktoru, İngiltərə-Azərbaycan cəmiyyətinin həmsədridir. Ölkənin birinci xanımı Mehriban Əliyevanın bacısı, rəssam Altay Sadıxzadənin həyat yoldaşıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA