Yol polisini təhqir edən 1 milyonluq maşının sahibi "Qorotdel"in sabiq rəis müavini çıxdı

img

28-06-2014 [11:29]


Bakıda yol hərəkəti qaydasını pozmasına rəğmən, polis işçisini təhqir edən avtomobil sahibinin kimliyi və avtomobilin nömrəsi bəlli olub.

 

Mia.az axar.az-a istinadən xəbər verir ki, iyunun 25-də saat 12 radələrində 28 may küçəsində yol polisi əməkdaşına 20 qəpik verməklə, onu ələ salan göy rəngli "Rols Roys" markalı avtomobilin sahibi Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini işləmiş, hazırda istefada olan və Birləşmiş Ərəb Əmirliyində həbs olunması barədə iki dəfə xəbər yayılan Cavadağa Sultanovun oğludur. 


Xəbərdə bildirilir ki, sözügedən "Rols Roys”ın sahibi həm də keçmiş İqtisadi İnkişaf naziri Heydər Babayevin qardaşı Yaşar Babayevin kürəkənidir.

 

Avtomobilin seriya nömrəsi isə 100 deyil, 400-dür.


Xatırladaq ki, 2005-ci ildə polis sıralarından xaric edilən Cavadağa Sultanov qanqster Hacı Məmmədovun məhkəmədə dediyi bu ifadə ilə məşhurdur:

 

"Əgər nə vaxtsa Cavadağa Sultanovun məhkəməsi olsa, o bundan da səs-küylü olacaq. Mən imkanlı adamların pulunu almışam, ancaq Cavadağanın soyduğu adamlar ya qəbiristanlıqdadır, ya da kirayə qalır”.


***


Bakıda 1 milyonluq maşının sürücüsünün yol polisi əməkdaşını təhqir etməsi yazısına Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən münasibət bildirilib.

Mia.az Avtosfer.az-a istinadən xəbər verir ki, yazıda qeyd etmişdik ki, hadisə şahidlərinin verdiyi məlumata görə, iyunun 25-də saat 12-1 radələrində 28 may küçəsində dövlət nömrə nişanının seriyası 100 olan göy rəngli "Rols Royce” markalı avtomobilin sürücüsü dayanma-durma qaydalarını pozduğu üçün ona yaxınlaşan yol polisi əməkdaşını təhqir edib. Yol polisi əməkdaşı sürücüdən sənədlərini istəsə də, qarşı tərəf heç bir sənəd təqdim etməyib. Üstəlik, sürücü yol polisinə 20 qəpik uzadaraq "al, bu da sənə şirinlik” deyərək oradan uzaqlaşıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik-leytenant Vaqif Əsədov bildirdi ki, bununla bağlı araşdırma aparılıb, lakin yazıda qeyd olunan məqamlar təsdiqini tapmayıb:

"Vətəndaşlardan xahiş edirik ki, kütləvi informasiya vasitələrinə yalan məlumat verməsinlər. Bu məsələ ilə bağlı apardığımız araşdırma zamanı sürücünün yol polisinə qarşı kobudluq etməsi, təhqir etməsi kimi faktlar təsdiqini tapmayıb”.

Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov isə "Qafqazinfo”ya bildirib ki, polisin təhqir olunması barədə yazılanlar düzgün deyil: "Yol Patrul Xidmətinin əməkdaşları həmin maşını həqiqətən də saxlayıblar. Lakin sürücü yazıldığı kimi 20 qəpik yox, 50 manat çıxararaq cəriməni ödəməyə hazır olduğunu bildirib. YPX əməkdaşları isə cəriməni yalnız protokol yazıldqdan sonra qanunda göstərildiyi şəkildə ödəməli olduğunu bildiriblər. Sonradan məlum olub ki, həmin şəxs özü hazırda istefada olan polis polkovnikinin oğludur. Sürücü etdiyi hərəkətə görə üzr istədikdən sonra YPX əməkdaşları onun ərazidən uzaqlaşmasına icazə veriblər”.

S.Bağırov onu da deyib ki, mətbuat polis, həmçinin digər peşə sahibləri ilə bağlı bu cür məlumat yazarkən daha həssas olmalıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA