Ramiz Mehdiyevin məqaləsi elmimizin inkişafına təkan verdi

img

23-06-2014 [12:16]



İyun ayının sonunda Azərbaycan Milli Elmlər Akademiyasının müxbir və həqiqi üzvlüyünə seçkilər keçiriləcək. Bu haqda düşünərkən Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin 2009-cu ildə yazdığı "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" adlı məqaləsini xatırladım. O zaman bu məqalə böyük maraq doğurdu, ali məktəblərin və elmi müəssisələrin əksəriyyətində müzakirə olundu. İnamla deməliyəm ki, o zamana qədər Azərbaycan elmi və onun müxtəlif sahələri haqqında belə əhatəli və ciddi faktlara söykənən məqalə olmamışdı. Ramiz Mehdiyevin həmən məqaləsi Azərbaycan elmi və xüsusən də ictimai və humanitar elmlər haqqında ciddi elmi araşdırmaların nəticəsi olaraq yaranmışdı. Həmən məqalədə Ramiz Mehdiyev qeyd edirdi ki, "qloballaşma milli məkana bəzən birmənalı olmayan şəkildə ciddi təsir göstərir. Belə dəyişkən siyasi, iqtisadi və sosial-mədəni paradiqmaların mövcudluğu şəraitində çalışmalıyıq ki, milli varlığımıza bağlı dəyərlərə xələl gəlməsin”. Dəyərli fikirlərdir. Məhz elmin inkişafına diqqət etməyən millətlər qloballaşma proseslərinin qurbanına çevrilə bilər. Yəni Azərbaycan da öz elmi ilə birgə dünyəvi proseslərin iştirakçısı olmalıdır.

Akademik Ramiz Mehdiyev çox haqlı olaraq deyir ki, "Biz ümumən Azərbaycan elmini əyalət ab-havasından xilas edərək, onun dünya elm məkanına inteqrasiyasına can atmalıyıq”.

Ramiz Mehdiyev deyir ki, "Son beş ildə Azərbaycanda müdafiə edilmiş dissertasiyalar arasında elələri vardır ki, tragikomik təsir bağışlayır. Xüsusilə filologiya sahəsində hansısa yazıçının "yaradıcılıq yolu"na həsr olunmuş dissertasiyaları qeyd etmək istərdim... Yüzlərlə dissertasiya müdafiə edildiyi halda, dünyanın nüfuzlu elmi jurnallarında Azərbaycan alimlərinin məqaləsinə təkdənbir rast gəlmək mümkündür.”

Özünün də dediyi kimi bu məqalələrdə akademik Ramiz Mehdiyev hər bir alimlə söhbət etmək, fikir mübadiləsi aparmaq istəyib. O zaman mən də akademik Ramiz Mehdiyevin məqaləsi və onun hədəfləri üzərində düşünərək "Ramiz Mehdiyev həyəcan təbili çalır" adında bir məqalə yazdım. Bu məqaləmdə həm ictimai və humanitar sahələri üzrə, həm də dəqiq elmlər üzrə Azərbaycan elminin dünya elmindəki yerini rəqəmlərlə göstərdim. Məqaləm elektron KİVlərdə və qəzetlərdə çap olundu və böyük maraq yaratdı. Ona görə də bu gün düşündüm ki, akademik Ramiz Mehdiyevin elmimiz haqqındakı o zankı məqaləsi və onun geniş müzakirələri ictimai və humanitar elm sahələrinə və digər elmlərə hansı təsirlər göstərdi. Bu təsirləri öyrənmək üçün yenidən araşdırmalar apardım və yeni məqalə yazdım.

Bu məqaləmdə Ramiz Mehdiyevin məqaləsinə qədərki və Ramiz Mehdiyevin məqaləsindən sonrakı dövrdə Azərbaycan elminin dünya elmindəki yeri haqqında araşdırmalarımın nəticələrini verirəm.

İncəsənət və humanitar elmlər

1996-2008-ci illər arasında Azərbaycanda bu sahə üzrə 13 ildə cəmi 3 iş çap olunub

Arxeologiya üzrə 1996-2008-ci illərdə mövcud 84 ölkə arasında Azərbaycanın adı yoxdur. Ramiz Mehdiyevin məqaləsindən sonrakı dövr də daxil olmaqla, yəni 1996- 2012-ci illərdə Azərbaycan 2 işlə dünya elminə daxil edilən 124 ölkə arasında 85-ci yerdədir. Yəni bu sahə üzrə Azərbaycanın adı qısa zamanda dünya elminə düşdü.

Tarix üzrə 1996-2008-ci illərdə 137 ölkə arasında Azərbaycan 90-cı yerdə 3 işlə təmsil olunub. Ramiz Mehdiyevin məqaləsindən sonrakı dövr də daxil olmaqla, yəni 1996- 2012-ci illərdə Azərbaycan 6 işlə dünya elminə daxil edilən 167 ölkə arasında 108-ci yerdədir. Yəni bu sahə üzrə Azərbaycan elmində qısa zamanda müəyyən irəliləyiş oldu.

Dil və linqivistika üzrə 1996-2008-ci illərdə 123 ölkə arasında Azərbaycanın adı yoxdur. Ramiz Mehdiyevin məqaləsindən sonrakı dövr də daxil olmaqla, yəni 1996- 2012-ci illərdə Azərbaycan 5 işlə dünya elminə daxil edilən 189 ölkə arasında 108-ci yerdədir. Yəni bu sahə üzrə Azərbaycanın adı qısa zamanda dünya elminə düşdü.

Ədəbiyyat və ədəbiyyat nəzəriyyəsi üzrə 84 ölkə arasında Azərbaycanın adı yoxdur. Bu gün də ədəbiyyat və ədəbiyyat nəzəriyyəsi sahəsində dəyişiklik yoxdur.

Musiqi üzrə 57 ölkə arasında Azərbaycanın adı yoxdur. Bu gün də ədəbiyyat və ədəbiyyat nəzəriyyəsi sahəsində dəyişiklik yoxdur.

Yuxarıda göstərilən rəqəmlər və onlardan çıxan nəticələr göstərir ki, arxeologiya, tarix dil və linqivistika, ədəbiyyat və ədəbiyyat nəzəriyyəsi və s. sahəsində vəziyyətimiz qeyri-kafidir. Yalnız musiqi sahəsində son zamanlar Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun xoş məramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycan muğamlarının inkişafı və onların dünya miqyasında təbliği kimi nəcib fəaliyyətini göstərmək olar. Yəqin ki, gələcəkdə muğamlarımızın və aşıq musiqimizin dünya musiqisində yeri də müəyyənləşəcək. Musiqi nəzəriyyəçilərimiz milli əsərlərimizin dünya musiqisi ilə qarşılıqlı əlaqələrini araşdıracaqlar. O zaman bu əsərlər də dünya musiqi ədəbiyyatına daxil ediləcək.

Yeri gəlmişkən burada akademik Ramiz Mehdiyevin "Azərbaycan oxucusu yazıçılarımızdan ədəbi hadisəyə bərabər əsərlər gözləyir” deyərkən nə dərəcədə haqlı olduğunun bir daha şahidi oluruq. Çünki ədəbiyyat və ədəbiyyat nəzəriyyəsi sahəsində araşdırdığım illər ərzində Azərbaycandan dünya elminə daxil olan bircə dənə də məqalə çap olunmayıb. Bunun da günahı bizim alimlərdə deyil. Gərək yazıçılarımız dünya səviyyəsində əsərlər yazsın ki, onlar haqqında yazılan məqalələr də dünya səviyyəsində olsun.

Ümumiləşmiş rəqəmlər göstərir ki, ictimai və humanitar elmlər sahəsində Ramiz Mehdiyevin məqaləsindən sonra Azərbaycan 1996- 2008-ci illərdə 21 işlə adı dünya elminə daxil edilən 198 ölkə arasında 104-cü yerdədir. Yəni bir çox sahələr üzrə irəliləyişlər oldu, bəzi sahələr üzrə Azərbaycanın adı dünya elminə düşdü.

Sosial elmlər

İnkişaf üzrə 180 ölkə arasında Azərbaycan 169-cu yerdə 1 işlə, təmsil olunub. Ramiz Mehdiyevin məqaləsindən sonrakı dövr də daxil olmaqla, yəni 1996- 2012-ci illərdə Azərbaycan 2 işlə dünya elminə daxil edilən 192 ölkə arasında 157-ci yerdədir. Yəni bu sahə üzrə qısa zamanda bir pillə irəliləyiş oldu.

Təhsil üzrə 154 ölkə arasında Azərbaycan 120-cı yerdə 3 işlə, təmsil olunub. Ramiz Mehdiyevin məqaləsindən sonrakı dövr də daxil olmaqla, yəni 1996- 2012-ci illərdə Azərbaycan 6 işlə dünya elminə daxil edilən 189 ölkə arasında 129-cu yerdədir. Yəni bu sahə üzrə qısa zamanda 3 pillə irəliləyiş oldu.

Hüquq üzrə 146 ölkə arasında Azərbaycanın adı yoxdur. Hüquq elmində vəziyyətimiz dəyişməyib.

Siyasi elmlər və beynəlxalq əlaqələr üzrə 147 ölkə arasında Azərbaycan 129-cu yerdə 1 işlə təmsil olunur. Yerimiz sıfırdır. Ramiz Mehdiyevin məqaləsindən sonrakı dövr də daxil olmaqla, yəni 1996- 2012-ci illərdə Azərbaycan 10 işlə dünya elminə daxil edilən 182 ölkə arasında 99-cu yerdədir. Yəni bu sahə üzrə qısa zamanda 9 pillə irəliləyiş oldu.

Sosiologiya və siyasi elmlər üzrə 158 ölkə arasında Azərbaycan 154-cü yerdə 1 işlə təmsil olunub. Ramiz Mehdiyevin məqaləsindən sonrakı dövr də daxil olmaqla, yəni 1996- 2012-ci illərdə Azərbaycan 16 işlə dünya elminə daxil edilən 189 ölkə arasında 111-ci yerdədir. Yəni bu sahə üzrə Azərbaycanın adı dünya elminə düşdü və qısa zamanda 15 pillə irəliyə getdik.

Beləliklə 1996- 2012-ci illərdə Azərbaycan 65 işlə adı dünya elminə daxil edilən 226 ölkə arasında 133-cı yerdədir. Ramiz Mehdiyevin məqaləsinə qədər olan dövrdə bu göstəricilər yox idi. Bir cox elm sahələrində Azərbaycanın adı dünya elminə düşməmişdi.

Qeyd etməliyəm ki, dəqiq elmlər sahəsində Azərbaycanın adı həmişə olub və yerimiz də kafidir. Araşdırmalarımız göstərdi ki, tədqiq olunan dövrdə dəqiq elmlər sahəsində dünya elmindəki yerimiz ciddi şəkildə dəyişməyib. Bunun isə öz səbəbləri var. Burada investisiya qoyuluşları problemi və ondan da ciddi problemlər mövcuddur!

Qüdrət İsaqov

fizika-riyaziyyat elmləri doktoru,

fizika üzrə AMEA-nın müxbir üzvlüyünə namizəd,

Avropa Təbiət Elmləri Akademiyasının(ATEA) akademiki,

ATEA-nın Rentgen Medalı Laureatı,

Beynəlxalq Alternativ Energetika və Ekologiya jurnalının baş redaktorunun müavini.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA