Rusiya Baş naziri Bakıda İlham Əliyevlə görüşüb - "Müttəfiqlik ..." - FOTOLAR (Yenilənib)
06-03-2024 [17:12]
Martın 6-da Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin ilə görüşüb.
Mia.az xəbər verir ki,
Martın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin ilə görüşü olub.
"Report"un məlumatına görə əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Hökumətinin sədri Mixail Mişustin birgə foto çəkdirdilər.
Görüş iştirakçılarını salamlayan Prezident İlham Əliyev dedi:
- Hörmətli Mixail Vladimiroviç.
Hörmətli qonaqlar.
Sizi Azərbaycanda bir daha görməyimə şadam. Bilirəm ki, dünən sizin həmkarınızla çox məhsuldar görüşünüz olub. O, səhər mənə yaxşı nəticələr, gələcək planlarımız haqqında məruzə edib. Biz ili uğurla başa vurmuşuq. İkitərəfli qarşılıqlı fəaliyyət nəzərdə tutduğumuz qaydada inkişaf edir. Artıq iki ildən bir az çoxdur ki, biz müttəfiqlik qarşılıqlı fəaliyyəti çərçivəsində əməkdaşlıq edirik, əlaqələrin möhkəmləndirilməsi üzrə qarşıya qoyulmuş bütün vəzifələr uğurla yerinə yetirilir.
İqtisadi-ticari sahəyə gəldikdə, həmçinin hesab edirəm ki, nəticələr tamamilə qənaətbəxşdir, 17 faizlik artım var. Zənnimcə, yaxşı göstəricidir. Artıq 4,5 milyard dollar səviyyəsinə yaxınlaşırıq. Amma təbii ki, bu, son hədd deyil. Əminəm ki, səfər zamanı əldə olunmuş razılaşmalar çərçivəsində həm növbəti ildə, həm də bu il biz ilin yekunlarına görə qarşılıqlı ticarətdə daha böyük artımın şahidi olacağıq.
Şadam ki, sənaye kooperasiyası layihələri reallaşdırılır. Bu, əməkdaşlığımızın nisbətən yeni sahəsidir. Rusiyanın Azərbaycandakı şirkətləri yeni istehsal sahələri, xidmət mərkəzləri yaradırlar. Bütün bunlar isə sənaye sahəsində daha geniş əməkdaşlığa kömək edir.
Sizin səfərinizdən əvvəl materiallara baxdım, kənd təsərrüfatı üzrə bir-birimizi tamamlayırıq. Bizə lazım olanı sizdən əldə edirik və bu, əks istiqamətdə də həyata keçirilir. Həmçinin sevinirik ki, razılaşdığımız kimi, Rusiya bazarına Azərbaycan kənd təsərrüfatı məhsullarının tədarükünün böyük həcmdə artması uğurla davam edir.
Əlbəttə ki, Sizin də dünən geniş bəhs etdiyiniz nəqliyyat-logistika sahəsi ilə bağlı müvafiq sənədlər imzalanıb. Burada həm tranzit daşımalarının, həm də ikitərəfli yük daşımalarının artdığını görürük. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ölkələrimizi birləşdirən layihədir.
Bildiyiniz kimi, biz bütün zəruri məsələlərin reallaşdırılması üzrə fəal qarşılıqlı fəaliyyət göstəririk. Azərbaycan ərazisində, eləcə də Rusiya ərazisində infrastruktur mövcuddur, yeganə lazım olan planlaşdırıldığından artıq yük həcmini nəql etmək üçün onun modernləşdirilməsidir.
Əlbəttə ki, humanitar sahə. Burada, zənnimcə, Rusiya ilə Azərbaycan arasında münasibətlər iki qonşu dost dövlətlərin münasibətləri üçün nümunə ola bilər. Azərbaycanın 26 ali məktəbində rus dilində təhsil həyata keçirilir, 16 min Azərbaycan vətəndaşı olan tələbə rus dilində təhsil alır. Həmçinin 324 orta məktəbdə təhsil rus dilindədir. Biz onilliklər ərzində xalqlarımızı birləşdirən bütün yaxşı cəhətləri qorumuşuq və qarşılıqlı fəaliyyət göstərdiyimiz ictimai-siyasi formasiyadan asılı olmayaraq, xalqlarımız arasında dostluq əlaqələri həmişə dövlətlərarası münasibətlərin bünövrəsi olub. Bu gün isə dövlətlərarası münasibətlərin forma və məzmun etibarilə keyfiyyətcə yeni səviyyəyə yüksəldiyi bir vaxtda, təbii ki, bu, həmçinin ölkələrimizdə ictimaiyyət tərəfindən də dəstəklənir. Beləliklə, əminəm ki, ötən il olduğu kimi, biz bu ili də yaxşı nəticələr ilə başa vuracağıq. Müttəfiqlik qarşılıqlı fəaliyyətimiz ölkələrimizin və xalqlarımızın rifahı naminə möhkəmlənəcək, həmçinin bu, regional sabitliyin və təhlükəsizliyin mühüm amilidir.
Sizi bir daha salamlayıram və səfərinizin artıq başa çatdığını nəzərə alaraq, yaxşı yol arzulayıram. Əlbəttə, hesab edirəm ki, dövlət başçılarının müntəzəm görüşləri nümunəsində olduğu kimi, hökumət rəhbərləri səviyyəsində də belə müntəzəm görüşlərin keçirilməsi faydalı olardı.
x x x
Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin dedi:
-Hörmətli İlham Heydər oğlu.
Hörmətli dostlar.
Əvvəlcə, Sizi fevralın 7-də keçirilən növbədənkənar Azərbaycan Prezidenti seçkilərində inamlı qələbə münasibətilə səmimi-qəlbdən təbrik etmək istəyirəm. Bu, Sizin səylərinizlə və rəhbərliyinizlə ölkənizdə əldə olunan bütün nailiyyətlərə Azərbaycan xalqı tərəfindən verilən yüksək qiymətdir. Əlbəttə, fürsətdən istifadə edərək, Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinin ən səmimi və xoş arzularını çatdırmaq istəyirəm.
Biz Azərbaycan Hökumətinin hörmətli başçısı Əli Hidayət oğlu Əsədovla daim təmasdayıq və müntəzəm görüşlər keçiririk. Elə bu yaxınlarda - dekabrda Moskvada Müstəqil Dövlətlər Birliyinin forumunda görüşmüşük, ondan əvvəl isə Soçidə görüş olub. Mənə elə gəlir ki, bu yaxınlarda Azərbaycana səfərim olub. Sizi əmin etmək istəyirəm ki, dövlətlərimizin rəhbərləri arasında qəbul olunan qərarların hamısı daimi nəzarətdədir, hökumətlərimiz tərəfindən icra olunur.
Dünən geniş ikitərəfli gündəliyi müzakirə etdik. Siz bir neçə istiqaməti xatırlatdınız, sənaye sahəsində daha çox layihələr var. Biz, həmçinin nəqliyyat maşınqayırması sahəsində birgə layihələr barəsində düşünürük. Eyni zamanda, qarşılıqlı iri texnoloji, innovativ layihələr üzrə perspektivli istiqamətlər də var. Kənd təsərrüfatı sahəsi üzrə də işləyirik. Siz tamamlama haqqında danışdınız. Həmçinin əczaçılıq üzrə bir sıra məsələlərimiz mövcuddur. Dünən bu sahədə işlərin gücləndirilməsinə dair razılıq əldə etdik. Belə desək, bu gün bizim qarşılıqlı layihələrimizin bütün palitrası nəzarətimizdədir. Qarşılıqlı iqtisadi-ticari dövriyyə rəqəmləri də bunu göstərir. Siz 17 faizlik artım barədə danışdınız. Bu, belədir.
Həmçinin demək istəyirəm ki, bizim keçid məntəqələrimizdə daşıma gücləri 5 dəfə artıb. Bu da bizim Nəqliyyat Nazirliyinin Azərbaycandan olan hörmətli həmkarları ilə birgə böyük sistemli işidir. Biz, həmçinin burada logistika üzrə bütün müvafiq layihələri davam etdiririk. Siz Şimal-Cənub dəhlizini qeyd etdiniz. Həqiqətən, 30 milyon ton ciddi həcmdir və əlbəttə ki, məntəqələrdə dar yerlərin qalmaması üçün çoxlu iş görülməlidir.
Həmçinin demək istəyirəm ki, biz atanız hörmətli Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş anım tədbirini böyük ehtiramla keçirdik. Rusiyada onu xatırlayırlar, xatirəsini əziz tuturlar.
Mədəni mübadilə. Bu sahədə qarşılıqlı fəaliyyətlə bağlı məsələlər üzrə çoxlu layihələr və ideyalar var. Bu gün Rus Dram Teatrında oldum, orada mədəniyyət sahəsində qarşılıqlı fəaliyyətdən bəhs etdilər. Biz əlaqələrimizin, o cümlədən Azərbaycan Mədəniyyət Nazirliyi ilə əməkdaşlığın genişləndirilməsi üzrə razılıq əldə etdik. Çoxlu sayda tədbirlərin keçirilməsi üzrə Yol xəritəsi üzərində işləyirik. Əlbəttə, Azərbaycanın hörmətli mədəniyyət və incəsənət xadimlərini Rusiyada, Moskvada görməyə şad olacağıq.
Sizə və həmkarlarıma Rusiya nümayəndə heyətinə göstərilən səmimi, ənənəvi mehriban qəbula görə təşəkkür edirəm.
Prezident İlham Əliyev: Sağ olun.
x x x
Dövlətimizin başçısı Rusiya Prezidentinin səmimi və xoş arzularına görə minnətdarlığını bildirdi, onun da xoş arzularını Vladimir Putinə çatdırmağı xahiş etdi.
***
Ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin martın 6-da Şəhidlər xiyabanını ziyarət edib.
Mia.az xəbər verir ki, M.Mişustin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramını bildirib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Sonra Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
***
Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinin başçılıq etdiyi nümayəndə heyəti martın 6-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyub.
Mia.az xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə tər güllər düzülüb.
***
Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin martın 5-də Azərbaycan Respublikasına səfərə gəlib.
Mia.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Rusiya Hökumətinin sədrini Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavini Elnur Məmmədov, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov və digər rəsmi şəxslər qarşıladılar.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi