Biləsuvarda şəhid Mübariz İbrahimovun xatirəsi yad olundu - FOTOLAR

img

19-06-2014 [15:43]


Bu gün Biləsuvar  rayonunda  Azərbaycanın Milli Qəhrəmanı  Mübariz İbrahimovun xatirəsi yad olunub. Rayon İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının, rayonun idarə, müəssisə, təşkilatlarının  rəhbərləri, veteranlar, gənclər, rayon ictimaiyyəti və KİV nümayəndələri Milli Qəhrəmanın evini ziyarət edərək ailəsi ilə görüşüblər.

 Mia.az-a daxil olan məlumata görə, Biləsuvar rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xanlar Məmmədov ziyarət zamanı Milli Qəhrəman Mübariz İbrahimovun həyatından və torpaqlarımızın müdafiəsi zamanı göstərdiyi şücaətdən danışıb: ”O, xidmət etdiyi cəbhənin Tərtər istiqamətində düşmənin işğalı altında olan Çaylı kəndindəki erməni qərargahına girərək əsl bir cəngavər kimi 5 saat təkbaşına döyüşür. Ermənilər əvvəlcə elə zənn edirlər ki, onlara qarşı Azərbaycan ordusu hücuma keçib. Gecənin qaranlığında çaşbaş qalan düşmən Azərbaycan əsgərinin göstərdiyi bu şücaətin qarşısında ağır itkilər verir. Düşmən bir neçə saat davam edən bu döyüşə əlavə qüvvə cəlb edir. Elə bu amansız döyüşdə Mübariz İbrahimov qəhrəmancasına həlak olur.Mübarizdə olan Vətən, torpaq sevgisi,  vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaltdı. O, öz şərəfli ölümü ilə, öz qəhrəmanlığı ilə Azərbaycan əsgərinin nəyə qadir olduğunu bütün dünyaya sübut etdi.”

 Xanlar Məmmədov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Mübariz İbrahimov torpaqlarımızın azadlığı uğrunda rəşadətli və müstəsna xidmətlərinə görə  "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb: "Ölkə Prezidenti tərəfindən Mübarizin qəhrəmanlığına  verilən bu yüksək qiymət respublikamızın hər yerində igid vətən əsgərinin qəhrəmanlığına, döyüş rəşadətinə verilmiş layiqli qiymət kimi qarşılandı. Mübariz ölumün gözünə dik baxaraq, Vətən sevgisinin heç nə ilə əvəz olunmadığını bir daha sübut edib. Bu şücaəti ilə Mübariz Azərbaycan gəncliyinə başucalığı gətirib. Bu gün hər bir  gənc  Mübariz qəhrəmanlığından  örnək alır, nümunə götürür. Bizim tədris müəssisələrimizdə, tədbirlərimizdə gənclərimizə Mübariz vətənpərvərliyi aşılanır. Hərbi xidmətə yola salınan gənclərimizə vətənin necə qorumağı Mübarizdən öyrənmələri təbliğ olunur”.

 Milli Qəhrəmanın atası Ağakərim  İbrahimovsa çıxışında ölkə rəhbərliyi tərəfindən onların ailəsinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına öz dərin təşəkkürünü bildirib.

 Sonra ziyarət iştirakçıları Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova  məxsus müxtəlif şəkillər, haqqında yazılmış kitablar, jurnallar və qəzetlərdən ibarət böyük guşə ilə tanış olublar.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA