Nurçuların Bakıdakı "Gülən məktəbləri" bağlandı - Şok

img

18-06-2014 [22:56]


Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumtəhsil müəssisələri və "Araz Kursları” MMC-nin fəaliyyətinin dayandırılması haqqında qərar verilib.


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ARDNŞ-nin həmtəsisçi olduğu "Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi” İctimai Birliyinin (ABTM) bu gün toplantısı keçirilib.
Toplantıda Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin (ABTK) nəzdində fəaliyyət göstərən "Araz Kursları” MMC, onun təsisçisi olduğu digər qurumların və ümumtəhsil məktəblərinin fəaliyyəti ilə bağlı ABTM-də yaranmış əlavə xərclərin qarşısının alınması və bu layihənin maliyyə və idarəetmə baxımından mürəkkəbliyini nəzərə alaraq qeyd olunan qurumların ləğv edilməsi məqsədəmüvafiq hesab edilib.
Birliyin ümumi yığıncağında o da qeyd olunub ki, "Araz Kursları” MMC-nin fəaliyyəti ali təhsil müəssisələrinə qəbul imtahanları başa çatanadək davam etdiriləcək və ABTK-da təhsil alan və əmək münasibətlərində olan şəxslərin hüquqları və qanuni mənafeləri qanunvericiliyə uyğun şəkildə təmin olunacaq. Belə ki, hər bir təsisatda təhsil alan və çalışan şagird və pedaqoji heyətin yeni dərs ili başlayanadək müvafiq qaydada yerləşdirilməsi üçün lazımi tədbirlər görüləcək.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin tərkibinə bir neçə bağça, ölkənin müxtəlif bölgələrində 11 lisey, "Araz" hazırlıq kursları və "Qafqaz" Universiteti daxildir.

****
Ölkədə öncə çaşqınlıq, sonra isə şok yaradan bu qərarın mənası budur: Azərbaycanda 20 ildən artıqdır fəaliyyət göstərən Fətullah Gülənin rəhbərlik etdiyi "Hizmet" hərəkatına bağlı bütün təhsil şəbəkəsi dağıdıldı. Hələlik bu qərarın "Qafqaz" universitetinə şamil olunub, olunmadığı bilinmir. Lakin digər ümumtəhsil məktəbləri bu qərardan sonra bağlanmış saylır.

Musavat.com-a daxil olan məlumata görə, bu qərar Türkiyənin baş naziri R.T.Ərdoğanın aylardır davam edən basqısı nəticəsində baş verib. Ötən ilin dekabrından AKP iqtidarı və Gülən camaatı arasında başlayan böyük çatışma ona gətirib çıxarıb ki, T. Ərdoğan iqtidarın verdiyi imkanlardan istifadə edərək dünyanın hər yerində "Hizmet"çiləri təqib etdirir. Azərbaycan hakimiyyəti həmin məktəbləri qorumaq üçün onların təsisini ARDNŞ-a dövr etmişdi. Lakin bu hərəkət açıq-aydın T. Ərdoğan tərəfindən etirazla qarşılanmışdı; özünü alddılmış hiss etdiyini də biruzə vermişdi. . O, məktəblərin tamamən bağlanmasında və "Hizmet" hərəkatının Azərbaycandan çıxarılmasında israrlı xahişlər edirdi. Eyni xahiş-tələblər Qazaxıstan, ABŞ prezidentlərindən də edilməkdə idi. Afrika ölkələrindəki "Gülən məktəblərini" də bağlatmaq üçün çaba göstərən T. Ərdoğan ciddi nəticələrə nail olmaqdadır.

Musavat.com

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA