Lerikdə Səlim Müslümovun işçisinə qarşı narazılıq

img

17-06-2014 [11:47]


Bir qrup Lerik sakini əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova müraciət edib. Müraciətdə nazirliyin yerli şöbəsində baş verən qanunsuzluqlara toxunulur və nazirdən kömək istənilir. 

Bu barədə Lerik sakinləri məlumat verib və müraciətin tam mətnini təqdim ediblər.

Müraciəti cüzi ixtisar və redaktə ilə diqqətinizə çatdırırıq: "Əsgərov Mirqabil Mirəhməd oğlu sizin əmrinizlə Dövlət Sosial Müdafiə Fondu Lerik rayon şöbəsində tutduğu vəzifədən çıxarılıb (S.Müslümov 2002-ci ildən 2013-cü ilə qədər fonda rəhbərlik edib - red.). Lakin Lerik Rayon Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzinin keçmiş direktoru Alışov Vəligülla Əmək Məcəlləsinin tələblərini pozaraq onu işə götürüb və ünvanlı sosial yardım verilən şöbədə onu məsləhətçi təyin edib. 

Hörmətli nazir, M.Əsgərov və sizin hazırda Lerik rayon ƏSMM-dən işdən çıxardığınız şəxslər haqda bəzi məlumatları diqqətinizə çatdırmaq istəyirəm. Vaxtilə əmək pensiyaları Dövlət Sosial Müdafiə Fonduna veriləndə sizin tapşırığınızla yoxlama aparılıb və bəlli olub ki, külli miqdarda saxta pensiya təyinatları olub. Bir qrup şəxs saxta pensiyalar yazaraq dövlət vəsaitini mənimsəyiblər. Onlardan biri də Mirqabil Əsgərovdur. Siz nazir təyin olunduqdan sonra ümid edirdik ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyən işçilərin şəxsi işləri ilə tanış olub təmizləmə işləri aparacaqsınız. Ancaq M.Əsgərov kimilər hələ də sizin rəhbərlik etdiyiniz nazirliyin işçiləri sayılır. M.Əsgərov bu qədər pulu hardan gətirir ki, Lerik rayonu Aşağı Bilnə kəndində çayın üzərindən öz evinə körpü çəkir, Bakı şəhərində evlər tikir, xarici markalı maşınlar alır? O, əmək və əhalinin sosial müdafiə mərkəzində çalışanlara böhtanlar atır, mərkəzin yeni direktoruna sponsorluq edir. Təzə direktor hər vəchlə Əsgərovu müdafiə edir. Leriki kəndbəkənd gəzib onunla işləri olmamasını xahiş edir".

Məktub müəllifi yazır: "Hörmətli Səlim müəllim, inanırıq ki, Siz bu məktubu alandan sonra M.Əsgərovun fəaliyyətini araşdırıb, lazımi tədbirlər görəcəksiniz.”

Qeyd edək ki, S.Müslümov əmək və əhalinin sosial müdafiəsi naziri təyin edildikdən sonra (22 oktyabr 2013-cü il) ünvanlı sosial yardımların verilməsi prosesində bir sıra ciddi dəyişikliklər oldu. Yardım alanların siyahısı nazirliyin rəsmi saytında yerləşdirilib və yardımın mənimsənilməməsi üçün bir sıra addımlar atıldı, yerli şöbələrin xeyli vəzifəli şəxsləri iş yerini itirdi. Ancaq görünür, bu addımlar hələ ki yetərli deyil və problem həllini tam tapmayıb.

Ünvanlı sosial yardımların mənimsənilməsi ilə bağlı geniş yayılmış bir qayda var: 1 illik müavinətin 50 faizi vətəndaşa, 50 faizi isə məmura çatmalıdır. Sabiq nazir Füzuli Ələkbərovun fəaliyyəti dövründə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları dəfələrlə əmək və əhalinin sosial müdafiəsi mərkəzlərinin məsul şəxslərini həbs etmişdi. Görünür, illərlə oturuşmuş bu korrupsiya setini tam dağıtmaq hələ mümkün olmayıb.

Dünən rəsmi iş günü olmadığından nazirliyin leriklilərin şikayətinə münasibətini öyrənmək mümkün olmadı. Nazirliyin də mövqeyini dərc etməyə hazırıq.

musavat.com


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA