Biləsuvar gömrüyündə camaatın başına hansı oyunlar açılır? - Şikayət

img

13-06-2014 [13:15]


"Astara gömrüyündə vətəndaşlarımızın başına gətirilən oyundan gedən yazını oxuyandan sonra qərara gəldim ki, İran Biləsuvarındakı hoqqalardan da xəbəriniz olsun. İran Biləsuvarında sərhəddə süni əngəllərdən  və  fırıldaqçılıqdan boğaza yığılmışıq”.

Bu sözlər Cəlilabad rayon sakini S.Zeynalov tərəfindən Mia.az-a göndərilən məktubda yer alıb. Şikayətçinin sözlərinə görə, Biləsuvar gömrüyündəki 15-20 metrlik keçiddən sonra Azərbaycan vətəndaşları dayandırılaraq, onlardan şəhərin girişinə getmək üçün avtobus bileti almaları tələb olunur: "Biletin qiyməti bizim pulla 50 qəpikdir. Bu bilet məsələsini iranlı gömrükçülər onunla əsaslandırlar ki, guya İran sərhəd qoşunları gömrük çıxışından şəhərin girişinə kimi insanların piyada keçidinə icazə vermir.  Lakin həmin məsafə 150-200 addımlıq yoldur, qısa müddətə piyada getmək mümkündür. Maraqlısı isə odur ki mikroavtobuslara daxil olan kimi bizə verilən biletləri bizdən yığıb növbəti mikroavtobusdakılara paylayırlar.  Mikroavtobuslar insanları təxminən 150 metr irəlidə yerləşən İranın Biləsuvar şəhərinin girişinə aparır. Vəssəlam, bu da bizlərdən pul yığmağın bir üsulu olub.  

Təkcə bununla bitmir. Biləsuvarda iranlıların hiylə-fırıldaqlarının sonu, ardı-arası kəsilmək bilmir. Hər birinin də bir marağı var  - azərbaycanlıları maddi cəhətdən aldatmaq. Iran tərəfdə bizim ora gedən sakinlərə 5 manata İran mobil telefon nömrələrini təklif edirlər. Həmin telefon nömrələri yalnız onu dəllallara satan iranlının adına sənədləşdirildiyindən nömrələri bizim camaata sırıyan dəllalar nömrə aldıqları şəxslərlə sövdələşərək, qısa müddətə nömrəni aktiv edirlər, bir müddət sonra isə həmin nömrəni ləğv etdirib başqasına satırlar. Bu yolla Azərbaycan vətəndaşlarına külli miqdarda maddi ziyan vurub qazanc götürürlər. Həmin satılan nömrələr həm də İran ərazisində olan Azərbaycan vətəndaşlarına nəzarət etməyə imkan verir.

Təbriz şəhərinə müalicə almaq üçün çoxlu sayda vətəndaşımız səfər edir, mən də daxil. Azərbaycan vətəndaşlarının Təbrizə səfərləri başladıqdan sonrakı dövrdə şəhərdə müxtəlif xidmət sahələri üzrə qiymətlər nəzərəçarpacaq dərəcədə bahalaşmışdır. Bizim sakinlərin daha çox müraciət etdikləri «Behbud» xəstəxanası «biznes mərkəzi»nə çevrilib. Həmin müəssisədə səhiyyə xidməti anlayışı belə yoxdur, orada yanlış diaqnoz və artıq tibbi xidmət haqqı tələb etməklə bizə külli miqdarda maddi, mənəvi və fiziki zərər vurulur. Həmin xəstəxana rəhbərliyi əksər taksi sürücülərlə anlaşıb ki, Azərbaycandan müalicə üçün İrana üz tutmuş adamları məhz həmin xəstəxanaya aparsınlar. Əksər hallarda da vəziyyətdən xəbəri olmayan vətəndaşlarımız iranlı taksilərin tələsinə düşüb həmin xəstəxanaya aparılırlar”. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA