Hakimiyyət daxilindəki qrupların savaşı getdikcə daha amansız xarakter almaqda və artıq ölkə sərhədlərini aşmaqdadır.
Bu barədə "Yeni Müsavat”a daxil olan ilginc məlumatda iddia olunur ki, indiyədək ölkə daxilində bir-birini zəiflətməyə, gözdən salmağa çalışan tərəflər indi savaş meydanını daha da genişləndirərək, xaricdən bir-birinə zərbələr endirməyə başlayıblar. Bunun isə bir neçə səbəbi var.
Əvvəla, ölkədə fəaliyyət göstərən hər hansı bir media quruluşunda hansısa məmurla bağlı kompromatlar tirajlanırsa, dərhal həm hücuma məruz qalan tərəfdə, həm siyasi dairələrdə, həm media camiəsində, həm də cəmiyyətdə bu kompromatların haradan gəlməsi, mənbəyi barədə aydın fikir formalaşır. Eyni zamanda bu cür kompromatlar Azərbaycan mediasından tirajlananda bu, dərhal hakimiyyət daxilindəki savaşın alovlanması təsəvvürünü yaradır və kimlərsə hədəfə çıxır, diqqət bütövlükdə iqtidar komandasına yönəlir, hakimiyyətin hesabına mənfi xal yazılır. Ciddi şəkildə qarışıqlıq və ajiotaj yaranır. Bu isə bir sıra hallarda ölkə rəhbərliyinin qəzəbinə səbəb olur, sərt tədbirlərə əl atılması zərurəti yaradır. Hər kəsin yadındadır ki, bir müddət öncə bəzi media quruluşlarına ötürülən kompromat materiallar necə rezonansa doğurdu. Həmin materialların qopardığı toz-tozanaq hələ də yatmayıb.

Hər zaman hakim komandanın monolitliyi görüntüsünü yaratmağa, iqtidardakı hər kəsin "Hər kəs hakimiyyət, hər şey hakimiyyət, hər kəs dövlət, hər şey dövlətçilik üçün” prinsipi ilə işlədiyi fikrini formalaşdırmağa çalışan iqtidar məmurların bu cür kompromat savaşları zamanı xeyli çətin suallarla üzləşir. Həm ölkə daxilində, həm də xaricdə hakim komandanın heç də monolit olmadığı, müxtəlif qrupların ayrı-ayrı xətlər üzrə hərəkət etməsi fikri formalaşır. Bu isə ölkə rəhbərliyinin siyasəti, monolit komanda halında fəaliyyət göstərmək xətti ilə ziddiyyət təşkil edir və çaşqınlıq yaradır. Ölkə rəhbərliyinin müəyyən etdiyi siyasətdən sapmaların olması barədə isə təkcə Azərbaycan ictimai-siyasi həyatının təmsilçiləri danışmır.

Elə bir müddət öncə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar da AzadlıqRadiosuna qalmaqallı müsahibəsində hakimiyyətdəki bəzi qüvvələrin bəzən rəhbərliyin siyasətinin ziddinə addımlar atdığını, bunun isə bütövlükdə iqtidarın maraqlarına zidd olmasına eyhamlar vurmuşdu.
Qeyd etdiyimiz kimi, məmurların ölkə daxilindəki savaşının hücuma məruz qalan tərəflə yanaşı, hücumda olanın özünə və bütövlükdə hakimiyyətə zərərlərinin olması, eyni zamanda savaşın miqyasının getdikcə böyüməsi qarşı duran tərəflərin yeni metodlara əl atmasını zəruri edib. Bu sıraya əsasən rəqib məmurların indi bir-birinə daha çox xaricdən zərbə endirməsi daxildir. Bu məqsədlə dünyanın bir sıra aparıcı mətbuat orqanlarında, o cümlədən Türkiyə və Rusiya mediasında məmurların bir-birinin əleyhinə ötürdüyü sensasion məlumatlar dərc olunur. Xarici KİV-lərdə çıxan bu cür materiallar həm daha çox rezonans doğurur, həm də müəyyən mənada iz azdırılır. Məmurlar bunu hansısa dairələrin Azərbaycan hakimiyyətini gözü götürməməsinin nəticəsi kimi təqdim etməyə çalışırlar.
Məmurların xarici KİV-lərdə bir-birinə qarşı savaş aparmasının isə öz texnologiyası var.
Bu məqamda bir məsələni qeyd edək ki, Avropa, Amerika mətbuatı, onların müxtəlif təşkilatları, deputatlar, senator və konqresmenlər öz ölkələrində ən müxtəlif məsələlərlə bağlı prinsipial mövqe tutsalar və əksər hallarda rüşvət almasalar da, iş Azərbaycan kimi ölkələrə gələndə xarakter dəyişdirirlər. Bizim kimi ölkələrin məmurlarından nəsə qoparmaq imkanı varsa, bu fürsəti qaçırmırlar və bunu qənimət hesab edirlər. Bu isə Azərbaycan məmurlarının işinə yarayır. Doğrudur, xaricdə kompromat savaşı aparmaq xeyli məsrəf tələb eləyir, amma bu, Azərbaycan məmurları üçün o qədər də böyük məbləğ sayılmır. Məlumatlı mənbələr iddia edir ki, xarici mətbuatda bir-birini vurduran məmurlar bundan böyük zövq alırlar və buna görə də hər zaman bunun üçün pul kisələrinin ağzını böyük səxavətlə açırlar.

Əldə etdiyimiz məlumatlarda bildirilir ki, məmurların xaricdə bir-birinə qarşı kompromat savaşı bir neçə variant üzərindən aparılır. Birincisi, xarici KİV-lərə çıxış imkanı əldə edirlər. Buna müxtəlif ölkələrin nüfuzlu şəxsləri, media və biznes maqnatları ilə əlaqələrdən istifadə etməklə nail olurlar. Beləliklə də kompromat materiallar xarici KİV-lərə yol tapır. Digər variant isə bundan ibarətdir ki, bir sıra xarici ölkələrdə ödənişli əsaslarla xidmət göstərən müxtəlif fondlar fəaliyyət göstərir. Həmin fondlar hər hansı şirkət, ölkə, vəzifəli şəxslə bağlı hesabatlar, məlumatlar hazırlayaraq onların KİV-lərdə dərcini təşkil edir. Bu zaman sifarişi verən müştərinin anonimliyinin qorunacağına təminat verilir.
Məlumatlara görə, son zamanlar xaricdəki bu cür fond və təşkilatlara Azərbaycan məmurları da tez-tez müraciət edirlər. Həmin qurumlar isə Azərbaycandan ötürülən kompromatları sistemləşdirib öz hesabatları formasına salaraq xarici KİV-lərdə yayılmasını təşkil edirlər.
Məlumatda o da bildirilir ki, Azərbaycan məmurları xaricdə bir-birinə qarşı kompromat savaşı apararkən izi özlərindən yayındırmaq üçün əvvəlcə ‘bütövlükdə Azərbaycanda vəziyyətin pis olması və ölkə rəhbərliyi haqda məqalələr hazırlatdırırlar. Məqsəd isə odur ki, növbəti məqalələrdə konkret rəqibləri vurdurarkən bu məlumatların Azərbaycandan ötürülməsinə və məqalənin ölkənin daxilindən sifariş olunmasına az ehtimal verilsin. Məmurların xaricdəki kompromat savaşında hansısa yüksək vəzifəli məmurun adının mənfi planda çəkildiyi məqaləyə ölkə rəhbərliyinin də adı əlavə edilir ki, rəhbərliyin həmin məmura qarşı qəzəbi daha da artsın.
Bu məsələlərlə bağlı söhbətləşdiyimiz bilgili şəxs iddia edir ki, bu, hər nə qədər də savaşan Azərbaycan məmurları tərəfindən "incə texnologiya” kimi qəbul edilsə də, hakimiyyət daxilində bu şifrələri çözməyi bilən beyin mərkəzləri var və onlar vaxtaşırı bununla bağlı ölkə rəhbərliyinə hesabatlar təqdim edirlər.
Həmçinin məlumatlı qaynaqlar yayın sonlarında, payız aylarında Azərbaycan məmurları arasında savaşın miqyasının daha da böyüyəcəyini və xarici KİV-lərdə çox ciddi kompromatların yayılacağını deyirlər. Proses isə bir müddətdir başlayıb.