180 müəllim etiraz aksiyasına hazırlaşır

img

11-06-2014 [15:43]



A.N.Ələkbərov adına Respublika İncəsənət Gimnaziyasının şagird və müəllim heyəti aksiya keçirməyə hazırlaşır. Buna səbəb təhsil müəssisəsində aparılan dəyişikliklərdir.

Bu barədə məlumatı aznews.az-a gimnaziyanın bir qrup müəllimi verib. Onların sözlərinə görə, təhsil müəssisəsi yarandığı gündən tabeliyində olan 4 şöbənin bağlanması ilə bağlı qərar verilib və bu da ciddi narazılığa səbəb olub: "Məktəbin musiqi, teatr, xoreoqrafiya və təsviri sənət şöbələri bağlanılır. Gimnaziyanın musiqi şöbəsi Milli Konservatoriyanın balansına verilir. Yerdə qalan 3 şöbə - teatr, xoreoqrafiya və təsviri sənət şöbələrinin bağlanmasına dair də qərar verilib. Bu üç şöbə sentyabrdan fəaliyyətini dayandıracaq.

Əslində, musiqi şöbəsinin də bağlanması nəzərdə tutulmuşdu, amma xalq artisti Siyavuş Kərimiyə görə bundan yan keçildi. Yəni belə desək, musiqi şöbəsinə Siyavuş Kərimi sahib çıxdı.

Bağlanan şöbələr məktəbin tabeliyində olan yataqxananın binasında fəaliyyət göstərirdi. İndi həmin yataxana boşaldılır. Hansı ki, həmin yataxanada rayonlardan gələn uşaqlar da qalırdı”.

Bundan əlavə, açıqlamada o da qeyd olunub ki, hazırda həmin 4 şöbədə 180 müəllim işləyir və 450-dən yuxarı şagird təhsil alır: "Məsələ ilə əlaqədar 180 müəllim məktubla lazımı qurumlara müraciət edib. Bundan xəbər tutan rəhbərlik isə həmin müəllimlərə təzyiq etməyə başladı. Hətta müəllimlərin bəzisinə hədə-qorxu gəlib, bəzi sənədlərə imza da atdırırlar. Bundan başqa, məktəbin təsviri sənət şöbəsinin laboratoriyası da yığışdırılıb və xoreoqrafiyaya aid nə varsa otaqlardan bayıra atılıb. Baş verənlərlə əlaqədar müəllim və şagird heyəti dövlət başçısı, cənab İlham Əliyevə məktubla müraciət etmək qərarına gəlib”.

Respublika İncəsənət Gimnaziyasının direktoru Maya Rəsulova da sayta açıqlamasında yuxarıda sadalananları qismən təsdiqləyib: "Doğrudan da belə fikirlər var, amma hələ ki, konkret bir şey yoxdur. Çünki şöbələrin bağlanması və ya harasa köçürülməsi üçün Təhsil Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı olmalıdır. Amma hələ ki, bu qurumlardan heç bir sərəncam verilməyib. Sözügedən binada qaçqınlar yaşayırdı. Onlar da həmin binadan köçürülüb. O ki qaldı bu şöbələrin harada fəaliyyətini davam etdirməsinə, bu, yalnız sərəncamdan sonra bəlli olacaq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA