Zakir Həsənov istefa ərizəsi yazıb, rəsmi reaksiya - (Yenilənib)

img

09-06-2014 [10:56]


Daxili Qoşunların keçmiş komandanı, general-polkovnik Zakir Həsənov müdafiə naziri kürsüsünə təyin olunandan sonra bir sıra islahatlara, kadr dəyişikliklərinə başladı. Ordunun daha da güclənməsi, müşahidə olunan neqativlərə son qoyulması yeni nazirdən cəmiyyətin əsas gözləntiləri idi.

Etiraf edilməlidir ki, Zakir Həsənov bu gözləntiləri doğrultmaq üçün konkret addımlar atıb.


Onun müdafiə naziri təyinatından sonrakı ilk aylarda tez-tez cəbhə bölgələrindəki hərbi hissələrə getməsi və bu səfərlərdə naziri baş qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqovun müşayiət etməsi cəmiyyətdə "nəhayət, Azərbaycan ordusundakı uzun illərdir hökm sürən müdafiə naziri-Baş Qərargah rəisi qovğasına son qoyuldu” fikrini yaratmışdı.
Lakin son vaxtlar yayılan informasiyalardan belə görünür ki, yeni nazirlə Nəcməddin Sadıqovun dostluğu uzun çəkməyib. Müdafiə Nazirliyindəki ənənəvi problem son vaxtlar yenidən baş qaldırıb. Buna səbəb isə Zakir Həsənovun kadr təyinatlarına, digər islahat xarakterli addımlarına Nəcməddin Sadıqovun aşırı müdaxilə etməsi göstərilir.


Redaksiyamıza daxil olan məlumata görə, Türkiyə ordu rəhbərliyinə yaxınlığı ilə tanınan cənab Zakir Həsənov Müdafiə Nazirliyi strukturlarında mühüm vəzifələrə əsasən qardaş ölkədə hərbi təhsil almış və NATO sistemini bilən gənc zabitlərin yerləşdirilməsini həyata keçirməyə çalışır. Nazirin bu planının həyata keçməsinə başda Baş Qərargah rəisi Nəcməddin Sadıqov olmaqla Rusiyaya yaxınlığı ilə tanınan generallar mane olurlar.
Son aylarda Müdafiə Nazirliyi sistemində Rusiyaya yaxınlıq ilə tanın generalların məhz Baş Qərargah rəisinin göstərişi ilə ciddi hərəkətə keçdiyi də verilən xəbərlər sırasındadır.
Xəbərlərdə vurğulanır ki, Rusiyaya yaxınlığı ilə seçilən yüksək rütbəli hərbçilərin sıraları Müdafiə Nazirliyində o həddə genişlənib və təsir imkanları o dərəcədə artıb ki, nazirliyə Daxili Qoşunlardan gəlmiş general Zakir Həsənovun iradəsindən kənar prosesləri həyata keçirə bilirlər.


Nazir isə ordudakı problemlərə son qoymaq, Azərbaycan ordusunu NATO standartlarına tam uyğun gələn ordu səviyyəsinə qaldırmaq üçün gələrkən nəzərdə tutduğu planları gerçəkləşdirməkdə çətinlik çəkir. Onun bu planları çox ciddi maneələrlə qarşılaşır.
Redaksiyamızın əldə etdiyi şok informasiyaya görə, Zakir Həsənov normal islahatlar keçirməsinə ciddi əngəllər yaradıldığı, bir sıra hallarda sapotajla üzləşdiyi barədə artıq Ali Baş Komandan İlham Əliyevə şəxsən məruzə edib. Mənbənin dediklərinə inansaq, general-polkovnik prezidentə belə vəziyyət davam edəcəksə, ona mane olan qüvvələr zərərsizləşdirilməyəcəksə, nazir vəzifəsində qalmağının mənasız olduğunu və istefasının qəbul olunmasını xahiş edib.


Mənbə iddia edir ki, Nəcməddin Sadıqovun Baş Qərargah rəisi vəzifəsindən çıxarılacağı barədə təxminən iki həftə əvvəl mediaya sızan informasiya da təsadüfi deyil. Həmin informasiya məhz Zakir Həsənovun İlham Əliyevə sözügedən məruzəsindən dərhal sonra mediaya sızıb. Bu isə nazirin prezidentdən dəstək və hansısa ciddi mesaj aldığı barədə ehtimalları irəli sürməyə əsas yaradan nüans sayıla bilər.

Dünən qeyri-iş günü olduğundan Müdafiə Nazirliyinin mətbuat xidməti ilə əlaqə yarada və deyilənlərlə bağlı mövqelərini ala bilmədik. Müdafiə Nazirliyinin, nazir və Baş Qərargah rəisinin də mövqeyini dərc etməyə hazırıq.

*** 

Müdafiə naziri Zakir Həsənovun istefa ərizəsi yazması ilə bağlı Müdafiə Nazirliyi rəsmi internet səhifəsində açıqlama verib.

Açıqlamada məlumatların yalan olduğu, həqiqəti əks etdirmədiyi vurğulanır.

"Bu gün bəzi kütləvi informasiya vasitələrində "Zakir Həsənov istefa ərizəsi yazıb" başlıqlı məlumatlar yayılıb.Bu kimi xəbərlərin yayılması ictimaiyyət arasında ordu haqqında yanlış fikrin yaranması və aparılan islahat-quruculuq işlərinin şübhə altına alınması məqsədini güdür, eyni zamanda, Silahlı Qüvvələrin rəhbərliyində təəssüf hissi doğurur.

Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, Silahlı Qüvvələrdə Nizamnamətələblərinə uyğun vahid komandanlıq tərəfindən idarə olunan sağlam, həmrəy və yekdil hərbi kollektiv formalaşıb və ordu quruculuğu prinsiplərinə, subordinasiya qaydalarına uyğun hərbi xidmət təşkil olunub.

Mətbuatda yayılan bu məlumatın heç bir əsası yoxdur və yalnız uydurma xarakteri daşıyır”.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA