Müdafiə Nazirliyi gülünc açıqlama yaydı

img

07-06-2014 [18:40]


Müdafiə Nazirliyi bu gün bəzi elektron kütləvi informasiya vasitələrində Ermənistan Silahlı Qüvvələrinin Naxçıvan MR-a hücum təşkil etməsi barədə yayılan məlumatlara rəsmi aydınlıq gətirib. 

ANS PRESS-in məlumatına görə, nazirliyin saytına yerləşdirilmiş məlumatda deyilir: 

Bu gün bəzi elektron kütləvi informasiya vasitələri anonim "yerli kənd sakinlərinə" və sosial şəbəkələrdəki istifadəçilərə istinadən guya Ermənistan Respublikasının Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasına hücum təşkil etməsi barədə məlumat yayıb.

Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, bu kimi təxribat xarakterli məlumatların yayılmasında və ictimaiyyətimiz arasında çaşqınlıq cəhdinin göstərilməsində məhz Ermənistanın maraqlı olması şübhəsizdir.

Yayılan məlumatların heç bir əsası yoxdur və yalandır. Hazırda bu istiqamətdə vəziyyət sabitdir və əməliyyat şəraiti Silahlı Qüvvələrin tam nəzarəti altındadır.

Zəruri qeyd: Azərbaycanın Müdafiə Nazirliyinin "...bu kimi təxribat xarakterli məlumatların yayılmasında və ictimaiyyətimiz arasında çaşqınlıq cəhdinin göstərilməsində məhz Ermənistanın maraqlı olması şübhəsizdir" sözləri həqiqətən anlaşılmazdır.

Xatırladaq ki, Mia.az yerli sakinlərə istinadən iki gündür Sədərəkdə Ermənistanla təmas xəttində atışma yaşandığı xəbərini yayıb və bildirilib ki, ordumuz ermənilərin atəşkəsi pozma cəhdlərinə qarşılıqlı cavab veriblər. Orada yaşayan camaat aydın şəkildə orta çaplı atəş səsləri eşidir, nazirlik isə "yalandır" deyir. Hələ üstəlik, normal bir xəbərə "təxribat" və "Ermənistanın maraqlı olması" deyə, münasibət bildirilməsi isə daha gülünc görünür.

Qeyd edilənlərlə yanaşı, onu da qeyd edək ki, erməni ordususunu Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Ləkətaq kəndi istiqamətindən hücuma keçməsi haqda  Axar.az-da da xəbər verilib. 

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun Naxçıvan müxbiri Həkimeldostu Mehdiyev isə "Yeni Müsavat”a deyib ki, Sədərək rayonunun Heydərabad kəndi ərazisində Miltəpə deyilən ərazidə döyüşlər olub: "Hazırda sakitlikdir. Amma dünənə qədər günlərlə orta çaplı silahlardan qarşılıqlı atəşlər açılırdı. Atışma düşmən səngəri ilə bizim səngərimizin arasında olurdu. Hətta dünən (iyunun 6-da) həm bizim, həm də erməni ordusunun hərbi vertolyotları havaya qalxıb, qarşılıqlı olaraq atəş də açılıb. Erməni vertolyotundan açılan atəş kəndin yaxınlığındakı dağa dəyib. Əməlli başlı döyüşlər gedib”.

H.Mehdiyev deyib ki, qarşılıqlı atışma zamanı Azərbaycan ordusu iyunun 2-də itki verib: "Düşmənlə döyüşdə zabitimiz Zaur Həsənli şəhid oldu. Ermənilərin itki verməsi haqda xəbər yoxdur”. 

H.Mehdiyev deyib ki, ermənilər mövqelərimizi vaxtilə rus qoşunlarının köməyi ilə ələ keçirdikləri Kərki kəndindəki səngərlərdən atəşə tuturlar. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA