İcra başçısının səhhəti haqda açıqlama verildi

img

06-06-2014 [15:03]


 Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun səhhətinin ağırlaşdığı haqda yayılan informasiyalarla bağlı şəhər icra hakimiyyəti açıqlama verib.

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini İlkin Rəhimov "Media forum” saytına deyib ki, Taleh Qaraşov bir neçə gün öncə Bakıda xəstəxanalardan birinə yerləşdirilib: "Özünü narahat hiss edirdi. Ona görə də hazırda Bakıda xəstəxanada müayinə olunur. Amma səhhəti ağır deyil”.

İlkin Rəhimov bildirib ki, icra başçısı iyunun 6-da şəhər icra hakimiyyəti aparatına daxil olan vəzifəli şəxslərlə əlaqə saxlayıb, tapşırıqlar verib: "Səhər danışdıq. İşimiz haqda məlumat verdik, Taleh müəllim də tapşırıqlar vardı. Hər şey qaydasındadır. Rahat danışır. Amma işə nə zaman çıxacağı haqda bir söz demədi”.

Müavininin sözlərinə görə, icra başçısının səhhətində əvvəllər ciddi problem olmayıb.

Taleh Qaraşov 1959-cu ildə Kürdəmir rayonunun Pirəköçə kəndində anadan olub. İxtisası inşaatçı-mühəndis və politoloqdur. Sovet dövründə Kürdəmir rayonunun partiya və komsomol komitələrində müxtəlif vəzifələrdə çalışıb. 1991-1996-cı illərdə Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının müavini olub.

1996-2002-ci illərdə Kürdəmir, 2002-2006-cı illərdə Cəlilabad, 2006-2011-ci illərdə Neftçala, 2011-2012-ci illərdə Astara rayonlarının icra başçısı işləyib. 2012-ci ilin aprel ayından Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısıdır.

Ailəlidir, 3 övladı var.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA