Polkovnik generalı yoxlayır - Müdafiə Nazirliyi

img

06-06-2014 [10:51]


Müdafiə Nazirliyi Şəmkir korpusunda yoxlamalara başlayıb. Son məlumata görə, yoxlamanı Baş İnspeksiyanın rəisi, Milli Qəhrəman polkovnik Fəxrəddin Cəbrayılovun rəhbərlik etdiyi komissiya aparır. 

Aznews.az-ın məlumatına görə, nazirliyin Baş İnspeksiyası tərəfindən aparılan yoxlamalar, qoşun növünün bütün istiqamətləri-maddi-texniki təminat, döyüş hazırlığı və digər sahələr üzrə həyata keçirilir. 

Nazirlik isə dolayısıyla belə bir yoxlamaların olduğunu təsdiqləyib: "2014-cü ilin döyüş hazırlığı planına uyğun olaraq, müəyyən olunmuş müddətlərdə, Silahlı Qüvvələrin müxtəlif birliklərində, planlı şəkildə, kompleks tədbirlər həyata keçirilir. Bunlar, ümumilikdə, Silahlı Qüvvələrin maddi-texniki bazasının, sosial-məişət şəraitinin, şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə aparılan tədbirlər sırasındadır. Bu, həm də əldə olunan bilik və bacarıqların, yeni təlim-tədris üsullarının birləşmə və hərbi hissələrin şəxsi heyəti arasında təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədini daşıyır. 

Bu səbəbdən Müdafiə Nazirliyinin gündəlik xidmətinə aid olan və daim keçirilən daxili tədbirlərin kütləvi informasiya vasitələrində dəqiqləşdirilmədən yayılması, digər formada yozulması və ona hər hansı bir başqa məna verilməsi təəssüf hissi doğurur”. 
Digər bir məlumata görə isə general-mayor Elbrus Orucovun rəhbərlik etdiyi Əməliyyat Baş İdarəsindən də Rövşən Əkbərovun komandiri olduğu 3-cü Ordu Korpusuna yoxlama göndərilib. Yoxlama R.Əkbərovun ad günündə, iyunun 4-də başlayıb. Məlumata görə, hazırda korpusda yoxlama aparan şəxslərin sayı 50-dən çoxdur. 

Hərbi ekspert Üzeyir Cəfərov "Yeni Müsavat”a deyib ki, Şəmkir korpusundakı yoxlamalar R.Əkbərovun "vurulmasına” hesablanan addım deyil: "Rövşən Əkbərov sabiq müdafiə naziri ilə yaxşı münasibətlərdə deyildi və bunu hamı bilirdi. Səfər Əbiyev ona bir neçə dəfə töhmət də vermişdi. Razıyam ki, onun rəhbərlik etdiyi hərbi birləşmədə çox ciddi problemlər var. Bura qeyri-döyüş itkiləri, nizamnamədən kənar hallar nəticəsində baş verən hadisələr, həmçinin bəzi komandirlərin vəzifə səlahiyyətlərini aşması və digər halları əlavə etmək olar. Ehtimallarıma görə, 26 iyun Silahlı Qüvvələr gününədək həyata keçirilməsi planlaşdırılan kadr yerdəyişmələri ilə bağlı Rövşən Əkbərovun xidməti yeri dəyişdiriləcək. Rövşən Əkbərovun keçmiş vəzifəsinə, Bakıdakı hərbi birləşmənin rəhbərliyinə gətirilməsi də müzakirə edilir. Bilirsiniz ki, o, bundan əvvəl Bakı korpusunun komandanı idi. Burada onu general Kərim Vəliyev əvəz etmişdi. Kərim Vəliyev müdafiə nazirinin müavini təyin olunduqdan sonra Rövşən Əkbərovun əvvəlki postuna qayıtmaq məsələsi gündəmə gəlib. Onun Baş Qərargah rəisi vəzifəsinə gətirilməsi məsələsi də müzakirə olunur. Ancaq bu məsələ birbaşa Ali Baş Komandanın qərarıdır, ona görə də bu barədə ehtimal irəli sürmək mümkün deyil. Məncə, generalın yerinin dəyişdirilməsi ilə bağlı yoxlamalar aparıldıqdan sonra son qərar qəbul ediləcək. Yaxın günlərdə yəqin ki, təyinat məsələsi gerçəkləşəcək”. 

Ü.Cəfərov R.Əkbərovu "savadlı zabit” adlandırıb. Deyib ki, onun bir sıra hərəkətləri var ki, vəzifə təyinatında mane olub: "Yoxlama yaxınlarda onun vəzifəyə təyinatı ilə əlaqədardır. O istəyir ki, onu Bakıya xidmətə keçirsinlər. Yoxlama bütün çatışmazlıqları ortaya çıxaracaq və həmin çatışmazlıqlar bərpa olunacaq. Bunu ona görə edirlər ki, Rövşən Əkbərovun yüksək vəzifəyə təyinatından sonra onun tutduğu posta təyin ediləcək komandir heç bir çatışmazlıq olmadan işləri davam etdirə bilsin”. 

Qeyd edək ki, S.Əbiyevlə R.Əkbərovun münasibətlərinin kəskin olması daim mətbuatın gündəmində olan məsələlərdən idi. 2013-cü il oktyabrın 22-də S.Əbiyev vəzifəsindən çıxarılandan bir gün sonra Rövşən Əkbərov mətbuata açıqlamasında sabiq nazirə xitabən "mən ona əhəmiyyət vermirəm” demişdi. O, yeni müdafiə naziri ilə münasibətlərindən də danışmışdı. 

"Zakir Həsənov da, mən də Cəmşid Naxçıvanski adına Hərbi Liseyi, daha sonra isə Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirmişik, oranın məzunuyuq. Bu təhsil ocaqlarını bitirənlərin hamısı bir-birini tanıyır. Təbii ki, Zakir Həsənovu çoxdan tanıyıram” -deyə, R.Əkbərov bildirmişdi. Bu məlumatlar R.Əkbərovun Bakıda yüksək vəzifəyə təyin olunacağının real olmasından xəbər verir. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA