İcra başçıları Qarabağ qazisini aldadıb

img

02-06-2014 [21:17]


2 ci qrup Qarabağ əlili, Bərdə rayonunda məskunlaşmış məcburi köçkün Türbəndiyev İlham Yaqub oğlu aclıq aksiyasına hazırlaşır. İ.Türbəndiyev sosial vəziyyətinin ağır olmasından, evsizlikdən və bütün bunlarla bərabər məmur özbaşınalığından şikayətçidir.

Hələ ötən həftə İ.Türbəndiyev bildirmişdi ki, aclıq aksiyasının keçirilməsində qərarlıdır: "Mənə başqa yol buraxmadılar. Uğrunda döyüşdüyüm, canımı qoyduğum vətəndə yaşamağa yer də tapmıram. Bu bir yana qalsın bu dövlətin rəsmilərinin mənə münasibəti, dövlətin ərazi bütövlüyünün qorunması uğrunda döyüşən bir şəxsdən rüşvət ummaları dəhşətdir. Ona görə də bildirmişdim ki, 28 may – məhz respublika günü Prezident Adminstrasiyasının qarşısında ölüm aclığına başlayacam. Ölkə rəhbərindən rüşvətxor və laqeyd məmurları cəzalandırmağı, mənim problemlərimin həll olunmağını istəyəcəm. Mən bu dövləti canımdan artıq sevirəm. Bu aksiyaya məni vadar edən həmin məmurlardır”.

Bundan sonra Bərdə və Xocalı rayon icra hakimiyyətlərinin rəhbərliyi İ.Türbəndiyevdən aksiyanı təxirə salmağı xahiş edərək, onun problemlərinin həll olunacağına söz veriblər. Həmin vaxtdan 1 həftə keçsə də heç bir real iş görülməyib. Belə görünür ki, yerli rəhbərlik sadəcə Respublika günü hər hansı insidentin qarşısın almaq istəyiblər, onların Qarabağ qazisinin problemini həll etmək fikirləri olmayıb. Bu isə İ.Türbəndiyevin daha radikal addımlar atmasına gətirib çıxara bilər. Bizimlə əlaqə saxlayan Qarabağ qazisi artıq heç kəsə inanmadığını bildirərək ən sərt addımlar atacağını bildirdi: "Məni intihara vadar edirlər. Məmurların bu laqeydliyi daha bir Qarabağ qazisinin özünü yandırmasına səbəb olacaq”.
anaxeber.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA