İcra başçısı milyonluq əmlakları necə və kimlərin adıyla əldə edib? - ARAŞDIRMA

img

30-05-2014 [21:26]


"Demokratiyaya Yardım” İctimai Birliyinin sədri Emil Məmmədovun həbsi onun Salyanda dövlət büdcəsinin talan edilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciəti ilə bağlıdır. Bu həbsin arxasında həmin müraciətdən narahat olan icra başçısı Tahir Kərimov dayanr”.

Bu fikirlər Salyanda məmur özbaşınalığı, icra başçısı Tahir Kərimovun fəaliyyətilə bağlı mütamadi olaraq mətbuata, o cümlədən "AzPolitika.info” saytına müraciət ünvanlayan sahibkarlara məxsusdur. Bəlli səbəblərdən adlarını gizli saxladığımız sahibkarların sözlərinə görə, Emil Məmmədovun Prezidentə müraciəti baxılması üçün Maliyyə Nazirliyinə göndərilib. Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən Emil Məmmədovun rəhbərlik etdiyi təşkilata göndərilən məktubda isə həmin faktların tam araşdırılacağı qeyd olunmuşdu: "Ancaq Tahir Kərimov bu araşdırma başlamadan, ya da nəticəsi ortaya çıxmadan Emil Məmmədovun həbsinə nail oldu”.

Sahibkarların iddiasına görə, Emil Məmməov Salyanda dövlət vəsaitinin necə talanmasını və əslində hansı istiqamətlərə xərləndiyini sübut edəcək məlumatara malik olduğundan onu tələsik həbs ediblər. Onlar bildirir ki, hüquq müdafiəçısi Tahir Kərimovun dövlət büdcəsindən talanan vəsaitlərin hesabına özünə hansı sahələrdə geniş biznes qurduğuna dair konkret bilgilərə malik olub və bunları ictimaiyyətə açıqlamağa hazırlaşırmış. Həmin məlumatların bir çoxu redaksiyamıza təqdim olunub. Həm də konkret sənəd-sübutlarla.

SalyanBu faktara keçməzdən öncə qeyd edək ki, Salyanda dövlət büdcəsinin talanması rayonda satınalmalar üçün tender keçirilməməsi ilə bağlanır. Daha dəqiqi, bu istiqamətdə tenderlərin formal xarakter daşıdığı, icra başçısının istəyinə uyğun olaraq nəticələrin elan edildiyi bildirilir. Gizli keçirilən qondarma müsabiqələrdə isə Tahir Kərimovun özünə və ya onun "xeyir-dua verdiyi” hansısa başqa dövlət məmurlarına aid olan şirkətlər "qalib” gəlir. Bu işdə əsas təşkilatçılıq isə Salyan rayon Maliyyə Şöbəsinin müdiri Mahir Kərimov tərəfindən həyata keçirilir. Hətta onun iddiaçılara nümayişkaranə şəkildə tenderin formal bir proses olduğunu deməkdən belə çəkinmədiyi qeyd olunur.

Bu cür "tenderlərdən” sonra isə dövlətin Salyan rayonunun inkişafı üçün ayırdığı milyonlarla manat vəsaitin böyük hissəsi təyinatından yayındırılır, şəxsi ciblərə yönəldilir. Nəticədə dövlət büdcəsi hesabına reallaşdırılmalı olan işlər ya alayarımçıq görülür, ya da məcburən yerli sahibkarlara gördürülür. Üstəlik onlardan başqa adlar altında da "haqq” yığılır. Bu isə təbii ki, rayonda ciddi narazılıqlar, dövlətə inamsızlıq yaradır.
Sahibkarların iddiasına görə, Tahir Kərimovun dövlətin ayırdığı vəsaitləri şəxsi biznesinin inkişafına yönəltməsi və rayondakı abadlıq- quruculuq işlərini öz zəhmətlərilə sahibkara çevrilmiş insanların hesabına həyata keçirməsi onların normal fəaliyyətinə imkan vermir. Bu da Salyanda ümumi vəziyyəti daha da ağırlaşdırır, sadə insanları dövlətdən incik salır.
Xatırladaq ki, E.Məmmədov məhz bu narazılıqların getdikcə artmasını əsas gotürərək Prezidentə müraciət etmiş və dövlət büdcəsinin xərclənməsindəki qanunsuzluqları araşdırmaq üçün Salyan rayonuna müvafiq komissiya göndərilməsini istəmişdi…

İndi isə keçək Tahir Kərimovun Salyanın sosial-iqtisadi inkişafı üçün dövlət büdcəsindən ayrılan vəsaitlərə "qənaət edərək” özünə hansı istiqamətlərdə geniş biznes qurduğuna dair məlumatlara…
Ancaq öncə xatırladaq ki, "Azpolitika.info” Tahir Kərimovun fəaliyyəti haqda rayon sahibkarlarının şikayətləri əsasında bir-neçə tənqidi material yaydıqdan sonra, icra başçısının dəvətilə əməkdaşımız ötən ayın sonunda Salyanda olmuşdu. Bəzi məsələlərə şəxsən Tahir Kərimovun özünün aydınlıq gətirməli olmasına baxmayaraq, əməkdaşımızın suallarını, əsasən Salyan RİH başçısının müavini Rəşad Cəbrayılov cavablandırmışdı. Düzdür, görüşdə rayonun başqa rəhbər şəxsləri də iştirak etmiş və rəhbərlik etdikləri sahələr üzrə məsələlərə münasibət bildirmişdilər. Hətta Rayon İcra Hakimiyyəti başçısının Salyan şəhəri üzrə ərazi icra nümayəndəsi əməkdaşimiza fermer adı ilə təqdim olunmuş və həmin şəxs Tahir Kərimovun adına çıxılan fermer təsərrüfatlarına sahib də çıxmışdı…
Amma cənab Kərimovun biznes strukturlarına dair sualları Rəşad Cəbrayılov cavablandırmışdı.
Həmin suallardan biri də Tahir Kərimovun ölkənin şimal rayonlarındakı biznes obyektləri, konkret olaraq Qusardakı istirahət mərkəzi və meyvə bağları ilə bağlı idi. Rəşad Cəbrayılov Tahir Kərimova məxsus hər hansı bir istirahət mərkəzinin olmadığını qətiyyətlə bildirmişdi. Eyni zamanda Kərimovun şimal rayonlarında başqa biznesinin də olmadığını iddia etmişdi.

Alpin QusarAncaq sahibkarların redaksiyamıza təqdim etdiyi konkret faktlar, sənədlər Tahir Kərimovun yalnız Qusarda deyil, Azərbaycanın müxtəlif bölgələrində geniş biznes strukturları qurduğundan xəbər verirlər. Belə görünür ki, o, bu böyük biznesə icra başçısı olduğu illərdə, həm də arada bəzi yüksək vəzifəli şəxslərin, nüfuzlu insanların adından istifadə etməklə sahib olub. Kərimovun hansı işlərdə kimlərin adından yararlandığı bu yazının mövzusu deyil. Hələlik onun müavininin dili ilə təkzib etdiyi biznes strukturları barədə qısa məlumatla kifayətlənirik.
Beləliklə, saytımıza təqdim olunan sənədlər təsdiqləyir ki, 2010-cu ildə Qusar rayonunda 1 hektar ərazidə tikilən və sonradan ərazisi 3 hektara qədər genişləndirilən, təxminən 1 milyon manata başa gələn "Alpin-Qusar” istirahət mərkəzinin sahibi Tahir Kərimovdur.

Əldə olan sənədlərdən belə görünür ki, Kərimovlar ailəsinin Qusarda üst-üstə 20 hektardan artıq alma-üzüm bağları da var.

Tağıyev (Nasosnı) qəsəbəsində yerləşən balıq hisə vermə zavodu da Kərimovun ailə müəssisəsidir. Eyni zamanda Xudatdakı balıq zavodunun da Kərimov tərəfindən ələ keçirildiyiə dair iddialar var.
Ancaq Kərimovun ən böyük biznes strukturları, təsərrüfatları son illər rəhbərlik etdiyi Salyandadır. Başcı olduqdan sonra Kərimovun 100 hektarlarla əkin sahəsinə, böyük fermalara, istixanalara, balıqçılıq təsərrüffatlarına, restoranlara sahib olduğu bildirilir.
Üst-üstə bizə məlum olan obyekt və təsərrüfatlarının real bazar dəyəri 10 milyonlarla manatla ölçülən Tahir Kərimov, o şəxsdir ki, Salyanda camaat arasında hörməti olan bir ziyalını, hüquq müdafiəçisini korrupsiya itttihamı ilə həbs etdirib…

Dövlət məmuru olduğu halda təkcə bir rayonda – Qusarda milyonluq əmlaklara hansı yolla sahib olduğu haqda "AzPolitika”nın rəsmi sorğusuna isə, çox hörmətli Tahir Kərimov, 1 aya yaxındır cavab verməkdə çətinlik çəkir.

Emil MBelə olduqda isə ortaya sual çıxır: Korrupsioner kimdir; dövlət əmlakına sərəncam vermək üçün əlində heç bir səlahiyyəti olmayan Emil Məmmədov, yoxsa icra başçısı – məmur olduğu halda milyonçuya çevrilən Tahir Kərimov?

Bu suala cavab tapmaq isə, sözsüz ki, hüquq-mühafizə orqanlarının işidir. Amma deyəsən onlar da cavab tapıblar artıq. Hər halda Emil Məmmədovun bu gün həbsdə olmasından belə qənaətə gəlmək mümkündür.

Tahir Kərimovun tutdurduğu Emil Məmmədov barəsində salyanlılar nə düşünür? Bu suala aşağıdakı videoreportajdan cavab tapmaq olar:

 azpolitika.info


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA