Şirvan və Yasamal sakinlərinin qaldırdıqları problemə aydınlıq gətirildi

img

29-05-2014 [17:54]



"Bu gün bəzi KİV-də "Azərsudan iki şikayət var” başlıqlı yazı verilib. Hörmətli jurnalistlərdən xahiş edirəm ki, istənilən şikayət və yaxud xəbərlə bağlı bizim mövqeyimizi də öyrənsinlər. Şikayət edən tərəf həmişə özünün yaratdığı problemləri qabartmır, bütün günahları qarşı tərəfdə görür...” Bunu "Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı özünün facebook səhifəsində yazdığı açıqlamasında bildirib.


A.Cəbrayıllı yazır ki, Şirvan şəhərində mexaniki sayğacların smart tipli sayğaclarla dəyişdirilməsi qanunvericiliyin tələblərinə tam uyğun qaydada aparılır: "İstifadə olunan suyun dəqiq uçotunun aparılması üçün 2012-ci ilin may ayından etibarən smart tipli su sayğaclarının quraşdırılmasına başlanılıb. Bu sayğaclar əhali abunəçiləri üçün dövlət vəsaiti hesabına, qeyri-əhali abunəçiləri üçün isə onların vəsaiti hesabına quraşdırılır. İlkin mərhələdə Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda başlanan proses artıq ölkənin bütün ərazisini əhatə edir.

Şirvan şəhərində ilk növbədə mexaniki sayğacları işləməyən və debitor borcu olan obyektlər smart tipli sayğacla təmin olunurlar və bu proses bütün abunəçiləri əhatə edəcək.

Qeyd edim ki, smart tipli su sayğaclarının quraşdırılması Azərbaycan Respublikası Prezidentinin 05.09.2012-ci il tarixli, 2421 nömrəli sərəncamının 24-cü (kommunal xidmətlərin təkmilləşdirilməsi) bəndinin, 24.1 (elektrik enerjisinin, təbii qazın və suyun istehlakı və haqqının ödənilməsi sahəsində smart kart tipli sayğacların quraşdırılması prosesinin başa çatdırılması) yarım bəndinə əsasən həyata keçirilir”.

"Azərsu” rəsmisi bir qrup Yasamal rayon sakininin də ittihamlarına cavab verib: "Yasamal rayonu S.Tağızadə küçəsi 44 ünvanında sovet dövründə inşa olunmuş və yağış sularının axıdılması üçün nəzərdə tutulmuş diametri 100 mm olan xəttinin üzərində qanunsuz 3 fərdi ev tikilib. Bu və ətrafdakı evlər çirkab sularını axıtmaq məqsədilə çəkdikləri xətləri "Azərsu” ASC ilə razılaşdırmadan özbaşına yağış sularının axıdılması üçün nəzərdə tutulmuş bu xəttə qoşublar.

Ötən ilin sonlarında MİS işçilərinin iştirakı ilə həmin evlərdən birinin döşəməsi sökülərək xətt təmizlənib və yuyulub. Borunun üzərindəki qeyri-qanuni tikililər xəttə normal texniki xidmət göstərməyə və mütəmadi təmizlənməsinə imkan vermir. Ətrafda boş ərazi olmadığından həmin xəttin yerinin dəyişdirilməsi mümkün deyil”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA