Kaş, gözlərim kor olaydı...

img

20-05-2014 [12:30]



Öz evimizə, Tahirgilin, Habilgilin evinə dəydik. Hər şey yerində idi. "Çinar” kəhrizinə dəydik. Xan Çinarın kölgəsində bir az oturub su içdik. Habil dedi ki, silahım olmasa da heç yerə gedən deyiləm. Biz söz verdik ki, silahsız olsaq da şəhərdən çıxmayaq. Əgər ermənilər şəhərə girsələr, silah əldə edə bilərik. Saat 16.00-da şəhər "Qrad”, minaatanlardan, toplardan atəşə tutuldu. Sonra avtomat səsləri gəldi. Döyüş "Raypo” tərəfdə gedirdi. Kamrangilə tərəf getdik. Bizim durduğumuz "Qartal” postu da güclü atəşə tutulurdu. Sonra polisə gəldik. Cəbrayıl polisinin qüvvəsi burada idi. Rəis yox idi. Polis işçiləri İlham, Tahir tələb edirdilər ki, bu qüvvəni götürüb "Qurban təpəsi”nə qalxıb orada mövqe tutaq, ya da qabağa gedək. Kiçik leytenant Rəfael dedi ki, rəisin əmri olmadan mən heç nə edə bilmərəm. Bu zaman Zəngilandan köməyə gələn BMP-2 sürətlə şöbəyə yaxınlaşdı. Dedi ki, ermənilər "Raypo” tərəfdən müdafiəni yardılar. Kim irəli getmək istəyir, minsin maşına. Heç kəsin yerindən tərpənmədiyini görən BMP-dəkilər söyüş söyməyə başladılar. Bu zaman QAZ-66 maşın da sürətlə gəlib şöbənin qabağında dayandı. Maşının üstündəki qara bir oğlan avtomatdan atəş aça-aça söyüş söyür, maşındakı yaralıya kömək eləməyə çağırırdı. Sonra yerə düşdü ki, minaatanı burada qurmaq lazımdır ki, "Raypo” tərəfə atəş açaq, heç olmasa orada mühasirəyə düşənlər çıxa bilsinlər. Onlara kömək edib, minaatanı quraşdırdıq.

"Qartal”da dayanan polislər də qaça-qaça şöbəyə gəldilər. Həlak olan və yaralananlar var idi. Mən Mehdi müəllimdən soruşdum ki, nə üçün mövqeyi qoyub gəlmisiniz? Uşaqların hamısı dedi ki, o gün bizə sənin yanında demədilər ki, bəs arxada Laçın batalyonu dayanıb? Bax, oradan, həm də qabaqdan bizi atəşə tutdular. Güclə mühasirədən çıxdıq. "Raypo” tərəfə gedən BMP-2 də geri qayıtdı. Dedilər ki, ermənilər "Raypo” tərəfdən şəhərə girir, müqavimət göstərən yoxdur. Bu zaman QAZ-66-da Vilayət Əhmədoğlu 25 nəfərlik bir dəstə ilə şöbəyə yaxınlaşdı. Ermənilərin hansı istiqamətdən hücum etdiyini öyrənib, öz uşaqları ilə maşınla oraya yola düşdü. Yerdə qalan polis işçiləri, Milli Ordu əsgərləri Minbaşılı kəndinə tərəf çəkilməyə başladılar. Minbaşılıda onların qabağını Cəbrayılın müdafiəsinə rəhbərlik edən podpolkovnik Şabanov və icra hakimiyyətinin başçısı Kərim Kərimov kəsdi. Bizim isə silahımız yox idi. Həm də mülki şəxslər olduğumuzdan bizə heç nə demədilər. Ailəmizdən xəbər tutmaq üçün piyada, sonra isə Xələfli kənd sakini Atlıxanın maşınında Hacılı kəndinə, oradan piyada Mahmudluya gəldik.

24 avqust 1993-cü il

Anamdan, qardaşımın ailəsindən, həyat yoldaşımdan və 3 uşağımdan xəbər tuta bilmədim. Kimi gördümsə "buradadırlar” dedi. Mahmudlu sərhəd məntəqəsinə gəldim. Rəisin sürücüsü Şirvan mənə dedi ki, ananı Hasanlıya apardım. Həyətdə tanımadığım adamlar sıraya düzülüb posta getməyə hazırlaşırdılar. Öyrəndim ki, bunlar gələn yanğınsöndürənlərdir. Fuğanlı kəndinə posta gedirlər. Rəis müavini Vaqif Hüseynovdan xahiş etdim ki, mənə də silah versinlər. Köhnə tanınmış mayor İsgəndər də burada idi. Yolda maşın saxladıb minib Fuğanlı kəndinə gəldik. Kənddə heç kəs yox idi. Cəbrayılın polis işçilərindən başqa. Biz onları əvəz etdik. Vəziyyəti bizə izah etdilər: Fuğanlıdan Cəbrayıla gedən yolu Milli Ordu əsgərləri, sağ cinahı Çərəkən-Horovlu istiqamətini biz qorumalı idik. Burada öyrəndim ki, Milli Ordu qüvvələrinə Vilayət Əhmədoğlu və Horovlu kəndindən olan leytenant Fazil başçılıq edirlər. Onların ixtiyarında 3 T-72 tankı, bir ədəd BMP-1, 1 ədəd BTP var idi. Uşaqların yanına getdim. Fazillə, Vilayətlə, Əşrəf Məmmədvəliyevlə görüşdüm. Mayor İsgəndər bəy mənimlə idi. Vilayət mənə dedi ki, mən Hərəküldə elə bir yerdə mövqe tutmuşdum ki, buradan düşmənə ağır zərbə vura bilərdim. Anncaq ratsiya ilə mənə xəbər verdilər ki, mühasirədəsiniz, postu tərk edin. Postdan çıxıb bir az irəliləmişdik ki, qabağımızı kəsdilər. Əlli nəfər idik. Bizimlə qarşılaşanlar ruslar idi. İstəsəydilər hamımızı qırardılar. Başımızın üstündən atdılar. İmkan yaratdılar ki, oradan çıxaq. 23 avqustda isə şəhərin içinə girdik, Döyüşdük. Ancaq qabaqlarını saxlaya bilmədik. Ölənlərin cəsədini sizin 48 nömrəli mənzilin padvalına qoyduq ki, sonra götürək.

Axşam saat 17-də şəhər sakini Qələbə bizim yanımıza gəldi. Oğlunu axtarırdı. Oğlu orada idi. Mənə dedi ki, sizin ailəni Beyləqanda gördüm. Saat 18.00-da yanğınsöndürənlərlə posta qalxdıq. Yanğınsöndürənlərin komandiri mayor rütbəli bir zabit idi. Ratsiya gətirmək bəhanəsi ilə aradan çıxmışdı. Gecə saat 1-də yanğınsöndürənlər öz aralarında nə isə danışıb, mayor İsgəndərlə bizim yanımıza gəldilər. Dedilər ki, biz gedirik. Bizi bura qırdırmağa gətiriblər. Aldadıblar. Möhkəm mübahisə düşdü. Əlində PK tutmuş bir oğlan dedi ki, gəlin, bizimlə gedək. Siz canınızdan bezmisiniz, ölüm axtarırsınız. Mən dedim ki, onda PK-nı mayor İsgəndərə verin, bizim getməyə yerimiz yoxdur. Ölsək də burada öləcəyik. Əgər getsəniz xəbər verəcəyik ki, postu icazəsiz tərk edib gedirsiniz. Onlar bizi orada qoyub uzaqlaşdılar. Biz Vilayətgilin yanına gəldik. Mayor İsgəndər, Cəbrayıl polis işçiləri Əvəz, bir də Etibar vəziyyəti dedik. Bildirdik ki, sağ cinahda adam yoxdur. Bizə qüvvə verin, posta qalxaq. Vilayətlə Fazil dedi ki, 2 rotada cəmi 23 adam var. Qüvvə yoxdur, görün nə edirsiniz. Gedən yanğınsöndürənlər də bir azdan bizim yanımıza gəldilər. Dedilər ki, fikirləşdik ki, sizi tək qoyub getməyi kişiliyimizə sığışdıra bilmərik.

25 avqust 1993-cü il

Postdan çıxıb Mahmudluya gəldim. Eşitdim ki, K.Kərimov, batalyon komandiri S.Mirzəyev həbs edilib. İcra başçısı K.Əliyev təsdiq edilib. Otaqda Ali Sovetin deputatları A.Fərzəliyev və Ə.Həsənov oturmuşdu. K.Əliyevlə mən uzun müddət qonşu olmuşuq. Qardaşı Asiflə dost idik. Deputatların yanında K.Əliyevə dedim ki, H.Əliyevə məlumat verilib ki, V.Əlisoyun batalyonu var. Onlar Cəbrayılda təxribatla məşğuldur. K.Əliyev bunun yalan olduğunu və anamın məni axtardığını söylədi.

Gündüz saat 1-də Mahmudlu sərhəd məntəqəsinə gəldim. Burada yaxın adamlardan biri mənə dedi ki, Əlisoy, sən çox əziyyət çəkmisən, ancaq sənin haqqında pis şayiələr yayıblar. Silahı ver, özün də get, ananı, uşaqlarını axtar. Növbətçi kapitan Familə "AGM” avtomatını və 3 ədəd F-1 qumbarasını qaytarıb, kitaba qol çəkib yola çıxdım.

Bir yük maşınına mindim. Beyləqana qədər nələr görmədim. Öz-özümə deyirdim ki, niyə bir gülləyə rast gəlmədim? Niyə həlak olmadım ki, bunları indi mən görürəm? Ancaq bir şeyə arxayın idim, gec-tez xalqı bu bəlaya düçar edənlər layiqli cəzalarını alacaqlar. Onların adlarını mən bilirəm. Heç kəsdən qorxmuram. Onların adları: R.Qazıyev, S.Hüseynov, Ə.Hümbətov. Məhz R.Qazıyevin səbəbinə Milli Ordu bu iki nəfərin əlində cəmləşib.

Anamı, ailəmi tapmaq mənimçün o qədər də asan olmasa da, həyatım boyu İmişli cəbhəçiləri Tariyel bəyə, Rafiq bəyə, Fuad bəyə minnətdaram. Onlar mənim ailəmi tapıb, onlara qayğı göstərmişlər. Sağ olun, qardaşlar!

Vaqif Əlisoy

(Ardı var)


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA