Elmlər doktoru Hacı Surxaya qarşı ittihama cavab verdi

img

17-05-2014 [22:50]


"Qurani-Kərim Elmi Araşdırmalar Mərkəzi"nin rəhbəri, ilahiyyat elmləri doktoru İlqar İsmayılzadə bəzi mətbu orqanlarında İçəri şəhər "Cümə Məscidi"nin imamı, ilahiyyatçı alimlərindən sayılan Hacı Surxay Məmmədliyə qarşı dərc edilən ittihamlara cavab verib.

Mia.az-a açıqlama verən elmlər doktoru İlqar İsmayılzadə Hacı Surxayın haqqında dərc edilən əsassız xəbərlərdən narahat olduğunu bildirib:

«Təəssüf edirəm ki, may ayının 15-də «Yeni Müsavat» qəzetində "Qafqaz Müsəlmanları İdarəsi"nin rəhbərliyini ölkədə mövcud olan xoşagəlməz dini duruma görə suçlayan və yalnız həmin idarənin rəhbərliyinin dəyişəcəyi təqdirdə, İslama əsil xidmətin başlayacağını bildirən, srağagünkü sayında isə Hacı Surxay Məmmədliyə qarşı ittiham irəli sürməklə inanclı insanlar və din xadimləri arasında fitnə toxumu səpilməsi sözün əsil mənasında anlaşılmaz və təhlükəli bir haldır.

Bir məsələni unutmamalıyıq ki, insanların izzəti də, zilləti də yalnız Uca Yaradanın əlindədir. Yalnız O, istədiyini ucaldır, istədiyini isə zillətə məhkum edir. Odur ki, kimsə belə cılız və qeyri-etik, həm də qanuna zidd olan davranışlarla kiminsə ucalması və ya alçalmasını təsəvvür belə etməməlidir. Şübhəsiz dini zəmində fitnə-fəsada səbəb ola biləcək bu qəbil iyrənc hərəkətlər barədə məsul orqanların ölçü götürməsi də zəruridir.

Qurani-Kərimin buyurduğuna əsasən, fitnəkarlıq bir insanın qətlə yetirilməsi və qanının tökülməsindən daha şiddətlidir. "Fitnə qətldən daha şiddətlidir." ("Bəqərə" surəsi, ayə: 191.)

 İslam Peyğəmbəri (s), Onun Əhli-beyti (ə) və nəcabətli səhabələrinin sözlərində isə bir inanclı insanın abır və şəxsiyyəti onun qanından və hətta, Kəbədən daha üstün olduğu bildirilmişdir.

  Odur ki, hər kəsdən öncə ilahiyyatçı alimlər və din xadimlərinin belə bir xoşagəlməz hərəkətə qarşı çıxması və belə bir xoşagəlməz hərəkəti qınaması din, əxlaq və etikanın tələbidir. Hamılıqla fitnə-fəsada, iftiraya qarşı öz etirazımızı bildirməli, zülmə məruz qalmış pak insanların yanında olmalı və inanclı insanlar arasında ixtilaf və təfriqəyə səbəb ola biləcək amillərə qarşı çıxmalıyıq. Cünki heç kəs və heç bir ilahiyyatçı alim bu kimi nalayiq ittihamlardan sığorta olunmamışdır».


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA