ABŞ-dakı səfirimiz generalları topladı - FOTO

img

15-05-2014 [11:36]


Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyi tərəfindən may ayının 14-də xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibəti ilə Vaşinqtonda tədbir keçirilib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Mia.az-a daxil olan press-relizdə bildirilir ki, Vaşinqtondakı diplomatik korpusun nümayəndələri, yerli ictimaiyyətin təmsilçiləri və ABŞ-dakı Azərbaycan icmasının üzvlərinin qatıldığı tədbirin fəxri qonağı ABŞ Nəqliyyat Komandanlığının sabiq rəhbəri, hərbi hava qüvvələrinin "4 ulduzlu” generalı Danken Maknab (Duncan McNabb) olub:

Tədbir iştirakçıları qarşısında çıxış etmiş Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov müasir Azərbaycan dövlətinin memarı olan Heydər Əliyevin anadan olmasının 91-ci ildönümündə onun rəhbərliyi altında ölkəmizin qət etdiyi inkişaf və tərəqqi yolu barədə danışmış və ümummilli liderin buraxdığı mirasa görə Azərbaycan xalqının ona minnətdar olduğunu deyib.

Səfir həmçinin ümummilli liderin ABŞ ilə ikitərəfli münasibətlərin genişlənməsi və möhkəmlənməsi istiqamətində atdığı addımları xatırlatmış və bunun nəticəsində qarşılıqlı münasibətlərin dərin köklər qazandığını vurğulamışdır. Bu mənada E.Süleymanov həmçinin ölkələrimizin hərbi qüvvələri arasında qurulmuş məhsuldar əməkdaşlığa istinad etmiş və tədbirin fəxri qonağı olan, ABŞ-ın mühüm əhəmiyyətə malik Nəqliyyat Komandanlığının sabiq rəhbəri, general Maknabın Azərbaycandan keçməklə Əfqanıstana yol açan Şimal Paylayıcı Şəbəkəsinin təsis edilməsindəki ümdə rolu barədə söz açıb.

 Səfir general Maknabın iştirakı ilə həyata keçirilən bu layihənin əslində regionumuzdan keçən tarixi İpək Yolunun gerçəkləşməsinə real bir töhfə verdiyini ifadə eləyib. 

 Növbəti olaraq, səfir E.Süleymanov ümummilli lider Heydər Əliyevin ad günü kimi əlamətdar bir hadisənin qeyd olunması çərçivəsində general Danken Maknaba ABŞ-Azərbaycan tərəfdaşlığının inkişafına verdiyi töhfələrə görə fəxri lövhə təqdim etmişdir. İlk belə mükafat ilə ötən ilin mayında ABŞ Konqresinin sabiq üzvü Dən Börtn (Dan Burton) təltif olunmuşdur. Liderlik nümunəsi olan Heydər Əliyevin ad gününün qeyd olunması kontekstində mükafat almış hər iki sabiq ABŞ rəsmisini birləşdirən əsas cəhət də onların məxsusi liderlik keyfiyyətləri və strateji baxış nümayiş etdirmələridir.  

 Göstərilən diqqətə görə təşəkkür etmiş Danken Maknab Azərbaycan haqqında xoş təəssüratlarından danışmış, eləcə də ölkəmizə səfəri və Respublika Prezidenti İlham Əliyev ilə görüşündən xatirələri ilə bölüşmüşdür. General Azərbaycan ilə qurulmuş əməkdaşlığı yüksək qiymətləndirmiş, Azərbaycanlı tərəfdaşlar, o cümlədən "Silk Way Airlines” şirkətinin dəstək və peşəkarlığını təqdir etmiş və Azərbaycanın regional nəqliyyat mərkəzi kimi böyük potensialını qeyd etmişdir. Bundan əlavə, o, Əfqanıstanla nəqliyyat əlaqəsinin təmin edilməsində Azərbaycanın strateji mövqeyini vurğulamış və Prezident İlham Əliyevin Əfqanıstanın sabit gələcəyinin təmin edilməsi sahəsində regional nəqliyyat şəbəkəsinin inkişafının mühüm əhəmiyyəti barədə düşüncələrini uzaqgörən olaraq xarakterizə etmişdir.  


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA