Ramiz Mehdiyev Heydər Əliyevlə bağlı tarixi fakt açıqladı: "Hə, deyəsən, acsan?"

img

14-05-2014 [11:07]


Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev mərhum prezident Heydər Əliyevlə bağlı maraqlı bir hadisənı açıqlayıb.

 Mia.az xəbər verir ki, R.Mehdiyev Facebook-daki rəsmi səhifəsində sovet dövrü həbs edilən bir gənclə Heydər Əliyevin dialoqunu nəql edib. Maraqlı olacağını nəzərə alaraq, Mia.az aparat rəhbərinin statusunu olduğu kimi təqdim edir:


***

Heydər Əliyev Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədr müavini olan vaxtlarda Bakıda millətçilik zəminində yaradılmış gizli tələbə təşkilatının bir dəstə gənc üzvü həbs edildi. Onlardan Bağır adlı bir tələbəni təcridxanada gün yarım ac saxladıqdan sonra Heydər Əliyevin Kabinetinə çağırırlar. Gün yarım ac qalmış Bağır üzülmüş halda sədr müavinin Kabinetinə daxil olur.


Heydər Əliyev onu başdan ayağa süzüb soruşur:

- Hə, deyəsən, acsan? 

Bağır yazıq-yazıq cavab verir:

- Bəli, acam.

Heydər Əliyev yeməkxanaya zəng vurub onun üçün iri boşqabda yağlı borş və çörək gətizdirir.
Ac tələbə çörəklə yağlı borşu ləzzətlə yeyib qurtarandan sonra Heydər Əliyev Bağırı Kabinetinin iri pəncərəsinin qarşısına gətirir və 9 May Qələbə günü olduğuna görə o zamankı Lenin meydanında hərbi parad Keçirən Qızıl Ordunun əsgərlərini ona göstərib deyir:

- Görürsən də Sovet ordusunun gücünü. İndi bu ordunun qabağına çıxmaq olar?!

Etdiklərinin mənasını indi anlayan Bağır cavab verir:

- Olmaz!

Bağırın bu cavabından sonra Heydər Əliyev əlilə qapıya işarə edərək deyir:

- Azadsan, çıx get, bala, başını aşağı sal, dərslərini oxu! 

Bağır qapıdan çıxanda Heydər Əliyevin arxadan gələn səsi onu bir anlıq dayanmağa məcbur edir:

- Ancaq yadında saxla ha, burada yağlı borşu adama bir dəfə verirlər.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA