Hafiz Hacıyev yenə od püskürdü: "5-6 aylıq proqramlarını alıblar"

img

13-05-2014 [19:52]


Fransa prezidenti Fransua Ollandın Azərbaycana səfər proqramı zənginliyi ilə yadda qaldı.

Azərbaycan rəsmiləri ilə görüşdən başqa F.Olland müxalifət nümayəndələri ilə də danışıqlar apardı.

"Müsavat” başqanı İsa Qəmbər bu görüşü Azərbaycan müxalifətinə verilən önəm kimi qiymətləndirir. "Fransa kimi BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan bir dövlət prezidentinin Azərbaycanda siyasi partiya liderləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüş keçirməsi Azərbaycanın demokratik qüvvələrinə, müxalifətə çox böyük önəm verilməsinin təzahürü kimi qiymətləndirilə bilər. Hesab edirəm ki, bu, beynəlxalq birliyin Azərbaycandakı demokratik qüvvələrə, siyasi müxalifətə diqqətinin mesajıdır və o mesaj həm də hakimiyyətə və cəmiyyətə verilib. Bu, demokratik qüvvələrə, seçkilərə və müzakirə olunan digər məsələlərə diqqətin artacağından xəbər verir.

AXCP sədri Əli Kərimli isə Fransa prezidenti ilə aparılan müzakirələrin mövzusundan danışıb. "Regionda gedən proseslər görüşdə əsas müzakirə mövzularından biri olub. Biz Ukraynadakı vəziyyəti, Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə olan təhlükəni, Qarabağ mövzusunu, bütövlükdə Azərbaycan xalqı üçün aktual olan məsələləri müzakirə etdik. Görüşdə xüsusi olaraq vurğuladıq ki, təəssüf ki, Avropa Şurası Azərbaycanda müəyyən mənada ona olan etimadı itirib, xüsusilə siyasi məhbuslar mövzusuna biganə münasibətinə görə. Bildirdik ki, Azərbaycan cəmiyyətinin Avropa İttifaqına ciddi ümidləri var, cəmiyyətimizin Avropaya inteqrasiya meylləri hələ də çox güclüdür və biz bu meylləri dəstəkləyirik. Ona görə də çox istərdik ki, Azərbaycan cəmiyyəti Avropa İttifaqından məyus olmasın. Avropa təşkilatlarının Azərbaycanda insan haqlarına, demokratik dəyişikliklərə daha diqqətli yanaşmalı olduğunu vurğuladıq”.

Fransua Ollandla görüşdə iştirak edən "Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev də müzakirə olunan mövzulardan söz açıb: "Azərbaycanda siyasi durum, demokratiyanın vəziyyəti, söz, ifadə azadlıqları, insan haqları, sərbəst toplaşma, siyasi məhbuslar, partiyaların, azad KİV-lərin və QHT-lərin problemləri, onların fəaliyyətinin məhdudlaşdırılması, seçki qanunvericiliyi müzakirə olunub. Azərbaycanda gedən proseslər həmişə rəsmi Parisin diqqətində olub və Fransa çox maraqlıdır ki, Azərbaycan demokratik dövlət kimi inkişaf etsin, Avropa İttifaqı ilə münasibətlər daha sıx olsun”.

"Müasir Müsavat” partiyasının sədri isə Fransa dövlət başçısının Azərbaycan müxalifəti ilə görüşünə fərqli prizmadan yanaşır.

" Fransa prezidentinin qeyri-etik hərəkətləri ilə bağlı dünən "Müasir Müsavat” partiyası bəyanat yaydı. Bizim dediklərimiz bir daha öz təsdiqini tapdı ki, Avropa, Qərb Azərbaycanda agentura şəbəkəsi saxlayır. Qəmbərov İsa, Kərimov Əli, erməni olan Leyla Yunus Qərbin agentləridir. Qərb Azərbaycandan nəsə qopara bilməyəndə özlərinin əlaltılarını işə salır. Azərbaycan cəmiyyətində qarışıqlıq salmağa çalışırlar. Qəmbərov İsa ilə Kərimov Əlini çağırıb xüsusi tapşırıq veriblər. Dünən Qəmbərov İsa Fransa prezidenti ilə görüşəndən sonra "Müsavat” partiyasının Divanını toplayıb mayin 18-də mitinq elan etdilər. Artıq bunlara böyük pullar vəd edilib. Qəmbərov İsa ilə Kərimov Əlini maliyyələşdirən Fransa dövləti və ABŞ-dakı erməni lobbisidir. Dünənki toplantıda bunlar 5-6 aylıq proqramlarını alıblar. Qəmbərov İsa ilə Kərimov Əli Azərbaycanda böyük qarışıqlıq salmaq istəyirlər, Azərbaycanı Ukraynaya çevirmək istəyirlər. Çox təəssüf hissi keçirirəm ki, Fransa prezidenti ancaq Qəmbərov İsa ilə Kərimov Əlini görüşə çağırıb. 3 dəfə prezidentliyə namizəd olmuş, Azərbaycanın ən böyük partiyalarından biri olan "Müasir Müsavat” partiyasının başqanı Hafiz Hacıyevi görüşə çağırmayıb. Bunlar Azərbaycanda demokratlarla yox, agentura şəbəkəsinin rəhbərləri ilə görüşüb. Fransızlar Azərbaycanda pozuculuq etmək üçün bizə də təkliflər irəli sürürlər, ancaq biz millət, dövlət naminə bundan imtina edirik. Ancaq Qəmbərov İsa ilə Kərimov Əli siyasi dəllaldır, onlar pul alıb ölkəni qarışdırırlar. Qəmbərov İsa ilə Kərimov Əli ölkəni qarışdırsa, bu dəfə onların qulaqları real şəkildə kəsilib əllərinə veriləcək. Ondan sonra onlar qulaqlarını gedib Fransada yaxşı müalicə etdirərlər””.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA