DİN nasis gənclə bağlı açıqlama yaydı

img

13-05-2014 [18:24]


Bakının düz mərkəzində nasistlər peyda olub. Virtualaz.org saytının təqdim etdiyi videokadrlar bunu deməyə əsas verir. 

Kadrlardan görünür ki, qara rəngli hərbi çəkmə, xaki rəngli şalvar, üzərində III Reyxin - alman faşistlərinin gerbi olan qara rəngli mayka geyinmiş gənc bir nasist Bakının mərkəzində arın-arxayın gəzişir. Özündən razı görünən bu gənc oğlan hətta "ziq” deyə nasist salamı da verir. Yeri gəlmişkən, bu günlərdə Bakıda gənclərin "Georgiyevsk lenti” paylaması faktı da bəlli olmuşdu. Bu isə ultrasağların fəallığının artdığını sübut edən daha bir əlamətdir. 

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə "Yeni Müsavat”ın sorğusuna cavab olaraq, bildirib ki, burada nasizmin təbliğatından söhbət getmir: "Sadəcə, bir gəncin düşünülməmiş hərəkətidir. 

Bir gəncin yanlış addımının Azərbaycanda nasizmin dirçəlişi kimi təqdim olunması təəccüb və təəssüf doğurur. Burada sosial medianın və kütləvi informasiya vasitələrinin üzərinə də böyük məsuliyyət düşür ki, həmin yanlış hərəkəti, tirajlamasın, tək-tük olan belə hallara qarşı ictimai qınaq təşkil olunsun. Əslində onlar həmin düşüncəsiz hərəkəti yaymaqla və paylaşmaqla istər-istəməz həmin üzdəniraq halın dolayısıyla reklam olunmasına, təbliğatına yardımçı olurlar”.

O.Mansurzadə vurğulayıb ki, Azərbaycan hüquqi, demokratik və dünyəvi dövlətdir: "Ölkəmizdə hər bir vətəndaşın qanunla qorunan hüquqları yüksək səviyyədə təmin olunur, hamı qanun qarşısında bərabərdir. Heç bir halda, milli, irqi, dini ayrı-seçkiliyə yol verilmir, respublikamız tolerantlığına görə bir çox dövlətlərə nümunə göstərilir. Sosial şəbəkələrdə və bəzi saytlarda yayılmış videokadrlar öz hərəkətlərinin nəticəsini anlamayan və ya anlamaqda çətinlik çəkən bir şəxsin düşünülməmiş və məsuliyyətsiz addımıdır. 

Əgər belə şəxslərin təsadüfi deyil, davamlı müşahidə olunan hərəkətləri ictimai münasibətləri təhdid edirsə, onların addımları milli, irqi, sosial və ya dini düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər formasında özünü göstərirsə, o zaman hüquq-mühafizə orqanları belə halların qarşısını almaq üçün zəruri tədbirlər görə bilərlər”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA