Bakıdakı Gül bayramından fotosessiya

img

10-05-2014 [14:55]


Hazırda Bakıda  mərhum prezident Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə bağlı Gül bayramı keçirilir. Gül bayramı ilə bağlı Heydər Əliyev sarayının qarşısında və ona bitişik yollarda nəqliyyatın hərəkətinə qadağa qoyulub.
Gül bayramının açılışını səhər saatlarında ölkə başçısı İlham Əliyev edib. Prezident Gül bayramına ailə üzvləri ilə qatılmışıdı. Prezident və ailə üzvləri H. Əliyevin abidəsini ziyarət edib, güllərlə bəzədilmiş parkı gəzdilər. Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov isə Gül bayramında istifadə olunan güllər və hazırlanan dekorasiyalarla bağlı prezidentə məlumat verdi. 

"Məqsədimiz paytaxtımızı mələklər şəhərinə çevirməkdir”

Hacıbala Abutalıbov eyni zamanda Gül bayramın ilə bağlı jurnalistlərin suallarını da cavablandırdı. Bakı meri bildirdi ki, bayramın təşkili ilə bağlı paytaxta 6 milyon gül gətirilib: "Dünyanın bütün ölkələrindən Bakıya gül gətirmişik. Keçən ilkinə nisbətən bu il bayramın təşkili üçün 6 milyon güldən istifadə olunub. Özü də, bu il güllərin çoxu dibçəklərdə sərgilənir. Üstəlik gül həvəskarları üçün  həmin güllərin adlarını da yazmışıq. Məqsədimiz Bakını gözəlləşdirmək, paytaxtımızı mələklər şəhərinə çevirməkdir”.


Bakının mərkəzində bayram paradı keçirildi

Gül bayramı ilə bağlı Silahlı Qüvvələrin şəxsi heyəti Bakıda  nizami yürüş  keçirdi. Bəhram Gurun heykəli qarşısından başlayan yürüş Azadlı meydanına kimi davam etdi. Nizami yürüşlə bağlı Neftçilər prospekti birtərəfli nəqliyyatın hərəkətinə bağlandı. Müdafiə Nazirliyindən "Yeni Müsavat”a verilən məlumata görə, Bakı Qarnizonu qoşunlarının iştirakı ilə keçirilən nizami yürüş-gəzinti şəhərin müxtəlif istiqamətlərində 10 marşrut üzrə təşkil olunmuşdu. 

Gül oğurlayanlar saxlanıldı

Gül bayramı ilə bağlı Heydər Əliyev sarayının qarşısındı parka gələnlər polis nəzarətindən keçirdilər. Xüsusi ayrılmış yerlərdə gəzərək gülləri nümayiş edənlər arasında məktəblilər daha çox üstünlük təşkil edirdi. Ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, Bakının ayrı-ayrı rayonlarının icra başçıları da gül bayramına qatılmışdılar. Gül bayramıda bəzi xoşagəlməz hadisələr də yaşandı. Dibçəkdəki bahalı gülləri oğurlayan iki gənc polis tərəfindən saxlanıldı. Onlar post-patrul maşınına əyləşdirilərək yaxınlıqdakı polis bölməsinə aparıldı.

Bakı Şəhər İcra hakimiyyətindən "Yeni Müsavat”a verilən məlumata görə, Gül bayramı bir neçə gün davam edəcək(Musavat.com).



















Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA