Prezidentin qızı Leyla Əliyeva yeni layihəyə start verdi

img

09-05-2014 [12:31]


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyi ilə "Panthera” - vəhşi pişikkimilərin mühafizəsi üzrə dünyanın nüfuzlu təşkilatı arasında gələcək əməkdaşlığa dair qarşılıqlı anlaşma memorandumu imzalanıb. 

IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və "Panthera” təşkilatının sədri Tomas S.Kaplan tərəfindən imzalanan memoranduma əsasən, Azərbaycanda bəbirlərin yaşayış vəziyyətinin qiymətləndirilməsi və nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş bu populyasiyanın mühafizəsi ilə bağlı planın hazırlanması nəzərdə tutulub.

"Panthera” təşkilatı, həmçinin Azərbaycan alimlərinə Qafqaz bəbirinin qorunması istiqamətində tədqiqat və mühafizə metodologiyasının hazırlanmasına yardım göstərəcək.

IDEA-nın təsisçisi və rəhbəri Leyla Əliyeva vəhşi pişikkimilərin qorunması üzrə dünyanın aparıcı təşkilatı olan "Panthera” ilə strateji əməkdaşlıq haqda müqavilə bağlamaqdan çox şad olduqlarını deyib. ""Panthera” Azərbaycanın təbii irsinin simvollarından olan Qafqaz bəbirləri və onların ekosisteminin qorunması ilə əlaqədar həyata keçirdiyimiz proqramla bağlı təcrübəyə malikdir”.

Tomas S.Kaplan Azərbaycanın bəbir populyasiyasının qorunması və sayının artırılması istiqamətində təşəbbüsünü dəstəklədiyini bildirərək deyib: "Bu həftə dünya üzrə bəbirlərin qorunması ilə bağlı ilk proqrama - "Pardus” layihəsinə start verilib. Bu istiqamətdə artıq IDEA ilə birgə fəaliyyətə başlamağımız da təqdirəlayiqdir”.

Qeyd edək ki, "Panthera” ilə beynəlxalq əməkdaşlıq çərçivəsində ilk addım kimi Azərbaycan bəbirlərinin yaşayış yerlərini və saylarını müəyyənləşdirmək üçün təşkilat tərəfindən 20 müşahidə kamerası IDEA İctimai Birliyinə təqdim edilib.

Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (İUCN) nəsli kəsilməkdə olan heyvan növlərinə aid etdiyi Qafqaz bəbirinin sayı Yaxın Şərq və Asiyada 1000-dən az, Qafqaz regionun cənub-qərb hissəsində, Azərbaycan ilə İran sərhədində isə 25-dəkdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA