QAT etiraz aksiyası keçirdi, Ermənistan bayrağı yandırıldı - FOTOLAR

img

08-05-2014 [16:20]


Qarabağ Azadlıq Təşkilatı Tiflisdə ermənilərin "Şuşanın azad olunması” günü ilə bağlı tədbir keçirmək niyyətinə qarşı Gürcüstanın Azərbaycandakı səfirliyinə məktub göndərib.

Həmin məktubda deyilir:"Mətbuatda gedən məlumatlara görə, Gürcüstanda fəaliyyət göstərən erməni təşkilatları, o cümlədən hansısa "Ayartun” mədəniyyət mərkəzi 2 gün sonra - mayın 9-da Tiflisdə "Şuşa şəhərinin azad olunması” günü münasibəti ilə konsert-tədbir keçirməyi planlaşdırır. Nəzərinizə çatdırırıq ki, bu, növbəti bir erməni təxribatıdır. Ermənistan Azərbaycan torpaqlarını, Qarabağı, o cümlədən Şuşanı işğal edib, indisə həyasızcasına işğalı dırnaqarası "azad etmə” kimi təqdim etməyə çalışır. Hesab edirik ki, Gürcüstan hakimiyyəti bu təxribatçı hərəkətə imkan verməməli və dərhal qarşısını almalıdır. İnanırıq ki, müraciətimizə diqqətlə yanaşacaq, dərhal tədbir görmək üçün addımlar atacaqsınız. Əks halda, biz Gürcüstanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyalarına başlayacaq və digər təsir imkanlarından istifadə edəcəyik. Biz Azərbaycanla Gürcüstanın arasında münasibətlərin pisləşməsini istəmirik, düşünürük ki, siz də bu fikirdəsiniz və ermənilərin bu münasibətləri korlamasına imkan verməyəcəksiniz”.

QAT-ın ikinci bəyanatında "NİDA”-çı gənclərə ağır cəzaların verilməsi ilə bağlı Ağır Cinayətlər Məhkəməsinin hökmü qətiyyətlə pislənilir:"Bu gənclərə onların hərəkətlərinə uyğun olmayan həddindən artıq ağır cəza verilmişdir. Məhkəmə daha yüngül cəza ilə kifayətlənə bilərdi. Biz gənclərimizin həmişə daha şox Qarabağın düşmən tapdağından azad olunması uğrunda çalışmasını istəmiş və bu yolda olan gəncləri dəstəkləmişik. Lakin fərqli istiqamətdə çalışan gənclərə də ögey münasibət göstərməmişik. Gənclərin siyasi, ictimai cəhətdən fəal olmaları müsbət hal kimi dəyərləndirilməli, onların fəallığı, enerjisi düzgün istiqamətdə yönəldilməlidir.

Biz hesab edirik ki, Azərbaycan hər hansı beynəlxalq təşkilatın tövsiyəsi və diktəsi ilə deyil, öz iradəsi ilə yaşamağı, ədalətli qərarlar çıxarmağı bacarmalı və özünün inkişaf yolu ilə getməlidir. Azərbaycan özü yanlış qərarları düzəltməyi bacarmalıdır. Hesab edirik ki, bu gənclər barəsində qəbul olunmuş qərar da yanlışdır və bu qərar tezliklə dəyişdirilməlidir. Bu gəncləri həbsdə saxlamağın heç bir mənası yoxdur, onlara imkan verilməlidir ki, cəmiyyət üçün daha yararlı və səmərəli fəaliyyət göstərsinlər”.

Cavid TURAN





Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA