Sabiq rektordan "Bandotdel"ə şikayət edildi - SDU-da nə baş verir?

img

08-05-2014 [12:07]


Hüquqları pozulan bir qrup tələbə SDU-nun keçmiş rektorundan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət ediblər

Bildiyimiz kimi, prezident İlham Əliyevin keçən ilin dekabr ayının 16-da imzaladığı sərəncamla Sumqayıt Dövlət Universitetinin (SDU) keçmiş rektoru Nadir Qəhrəmanov tutduğu vəzifədən azad edildi. 2000-ci ilin may ayından Sumqayıt Dövlət Universitetinə rəbərlik edən Nadir Qəhrəmanovun işdən çıxarılması həmin vaxt bəzi maraqlı məqamların ortaya çıxmasına səbəb olmuşdu. Daha doğrusu, SDU-nun keçmiş rəhbərinin həbsi məsələsi gündəmə gəlmişdi.

Amma müxtəlif yollara baş vuran sabiq rektor özünü həbs təhlükəsindən sığortalamağı bacardı. 

Qeyd edək ki, Nadir Qəhrəmanov SDU-da rektor işlədiyi dövrlərdə Təhsil Nazirliyi və Hesablama Palatası birgə olaraq maliyyə yoxlamaları aparmışdı. Yoxlamalar nəticəsində ciddi qanun pozuntularına rast gəlinsə də, sabiq rektor rəsmi qurumların nümayəndələrini öz bildiyi üsullarla razı salmağı bacarıb. Yoxlama zamanı universitetdəki maliyyə vəsaitlərinin mənimsənilməsi, təmir-tikinti üçün ayrılmış pulların təyinatı üzrə xərclənməməsi, təhsil ocağında ştatdan kənar işçilərin saxlanması, tələbələrdən imtahanlar üçün nəysə tələb edilməsi kimi neqativ halların olduğu üzə çıxarılmışdı. Rektor isə bunları təkzib edərək fəaliyyətini tam şəffaf prinsiplər üzərində qurduğunu bəyan etmişdi. Nadir Qəhrəmanov vəzifədən azad edilsə də, onun haqqında yayılan söz-söhbətlər səngimək bilmir. SDU-nun keçmiş rektoru ilə bağlı dünən çox ilginc məlumatlar əldə etmişik. Belə ki, professor Nadir Qəhrəmanovun həbs olunacağı deyilir. Buna səbəb onun universitetə rəhbərlik etdiyi illərdə bir qrup tələbədən illik təhsil haqqını müəyyən olunmuş qaydalardan kənara çıxmaqla almasıdır. Problemin yoluna qoyulmadığını görən bir qrup tələbə keçmiş rektorun əməlləri barəsində Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət ediblər. Deyilənə görə, bu məsələ ilə bağlı Nadir Qəhrəmanov idarəyə çağırılıb və ifadəsi alınıb. Özəl mənbələrin məlumatına görə, rektorun tələbələrə qarşı törətdiyi qanunsuzluqlar sübuta yetirilsə onu ağır cəza, konkret olaraq həbs gözləyir. 

Onu da qeyd edək ki, Nadir Qəhrəmanov rektor işlədiyi illərdə özünə Saray-Sumqayıt yolunun kənarında üçmərtəbəli "Yetər” şadlıq evini tikdirib. Həmçinin universitetin ərazisini zəbt edərək orada çoxmərtəbəli binalar və sexlər inşa etdirib. SDU-nun arxasındakı yaşıllıqları məhv etdirərək yerində özəl tibb mərkəzi ucaldıb. Çox güman ki, sabiq rektor həbs olunsa, bütün əmlakı müsadirə ediləcək.

Qarşı tərəflərin də cavab haqqını tanıyırıq.

azerinfo.org


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA