Azərbaycanın qlobal inteqrasiya proseslərində rolu

img

07-05-2014 [22:27]



Bu gün dünya yeni "inteqrasiya dalğasını” yaşayır. XXI yüzilliyin əvvəli inteqrasiya fenomeninin mahiyyətinə, suveren dövlətlərin inkişafına onun təsirinin öyrənilməsinə son dərəcə artan ictimai və elmi maraqla səciyyələnir.

"Böyük Avropa”nın 2001-ci ildən tərkib hissəsi olan Azərbaycanda inteqrasiyanın milli strategiyasını - demokratik və hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, bazar iqtisadiyyatının formalaşdırılması, ümumi şəkildə deyilsə, ölkəmizlə Avropa arasında ümumi dəyərlərin, təmas nöqtələrinin müəyyənləşdirilməsi təşkil edir. Buraya həmçinin Avropa və dünya ilə ümumi- iqtisadi, siyasi, elmi, informasiya, mədəniyyət, daxili və xarici təhlükəsizlik məkanlarının formalaşdırılması da bilavasitə daxildir.

Beynəlxalq inteqrasiya prosesləri son dərəcə çoxşaxəli, rəngarəng məzmunlu fenomendir. Onun konkret mükəmməl ifadəsinin indiyə qədər formalaşmamasının səbəbini məhz prosesin ifadə etdiyi fövqəlmürəkkəb hadisə, faktlar və ziddiyyətli, bəzən bir-birini istisna edən şərhlər və nəzəri mövqelər şərtləndirir. Bunu problemin təhlilində müxtəlif mövqe, yanaşma, dəyərləndirmə və proqnozların ümumi mənzərəsinə qısa nəzər salmaqla da aydın müşahidə etmək olar. Onu da qeyd etmək vacibdir ki, inteqrasiyanın mürəkkəb məzmununun təhlili bir neçə elmi nəzəriyyənin - siyasi, iqtisadi, hüquqi, mədəni və s. araşdırmaların qovuşuğunda kompleks tədqiqat aparılmasını zərurətə çevirir.

Azərbaycan suveren dövlət kimi mövcudluğunun ilk günlərindən Avropa məkanı ilə münasibətlərini real siyasi praqmatizm, ən ciddi elmi əsaslar və milli maraqlar üzərində qurmuşdur. Bunların mümkünlüyü isə inteqrasiyanın bütün dövrlərdə ən fundamental sayılan faktoru - alternativsiz "lider resursu” olmuşdur. XX əsrin sonlarında Azərbaycanda dünyaya və Avropaya inteqrasiya proseslərinin spesifikası müstəqilliyin əldə edilməsi və qorunması, dövlətçiliyin qurulması, miqyaslı islahatların aparılması kimi keçid dövrü ilə müşayiət olunması idi.

Müstəqilliyin ilk illərindən ölkəmizdə milli iqtisadiyyatın inteqrasiya tərəfdaşları üçün maraqlı edən inkişaf səviyyəsinə yüksəldilməsi, bazar iqtisadiyyatına keçidin təmin edilməsi həyata keçirildi. Bununla paralel olaraq inteqrasiyanın davamlı prosesə çevrilməsinin müqəddəm - siyasi, demokratik, hüquqi amilləri bərqərar edildi. Azərbaycan regionda inteqrasiya üçün ən böyük etimad qazanan cəlbedici tərəfdaş ölkə imicini təsdiq etdi.

Uğurlu neft strategiyası Azərbaycanın iqtisadi baxımından inkişafına öz müsbət töhfələrini vermişdir. İşğalçı Ermənistan dövlətinin qlobal layihələrdən təcrid olunması fonunda Azərbaycanın sürətlə irəliləməsi müharibə haqqında beynəlxalq ictimaiyyətin rəyinin dəyişməsinə, münaqişənin beynəlxalq hüquq normaları əsasında həllinə öz müsbət təsirini göstərir və göstərməkdədir. Nüfuzlu dövlətlərin regionda siyasi təsir vasitələrinin güclənməsi Azərbaycanda manevretmə dairəsini genişləndirir.

Heydər Əliyevin neft strategiyası dünya birliyinə inteqrasiyaya və XXI əsrdə Azərbaycanın dinamik sosial-iqtisadi inkişafına təkan verən, onu təmin edən strategiya olub, qlobal enerji təhlükəsizliyi alyansının ən vacib subyektlərindən biri kimi ölkəmizin nəqliyyat layihələrinin episentrinə çevrilməsini, həm lokal-regional, həm kontinental, həm də qlobal inteqrasiya proseslərinin mərkəzi fiquru kimi mövcudluğun siyasi həqiqət kimi gerçəkləşməsini təmin etdi.

Dünyada zəngin enerji resursları və tranzit potensialının dövlət tərəfindən ən optimal şəkildə istifadəsi Azərbaycanı, dinamik inkişafın lideri kimi bir nömrəli islahatı ölkə adını qazanması nəticəsində ölkəmiz bundan sonra tam əminliklə formalaşacaq inteqrasiya birliklərinin əsas dövləti kimi qəbul edilir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi: "Azərbaycan gələcəkdə çox zəngin və qüdrətli bir ölkəyə çevriləcəkdir. Neft strategiyasını davam etdirərək, qısa müddət ərzində ölkəmizi hərtərəfli inkişaf etdirəcəyik”.

Azərbaycanda inteqrasiyanın bütün vektorları: Avropa, Asiya, Şərq, yaxud Qərb olsun - dəyərləndirilir. Azərbaycanın inteqrasiya siyasəti təbii ki, qarşılıqlı bəhrələnməni təmin edən tərəfdaşlarla münasibət qurmağa yönümlüdür. Ən vacib məqamlardan biri də odur ki, Azərbaycan özünün ərazi bütövlüyü probleminə ədalətli və həssas yanaşan qurumlara üstünlük verir və verəcəkdir. Dövlətimizin inteqrasiya strategiyasının özünəməxsus istiqamət xətti, siyasəti vardır. Bu siyasət öz çoxşaxəliliyi, kompleksliyi, sintez mahiyyəti, çeşidli vektorları və dinamizmi ilə hər hansı nəzəri çərçivəyə yerləşməyin fövqündədir. Belə demək olarsa, dövlətimizin bu sahədə strategiyası "nəzəriyyələrin inteqrasiyasını”, sintezini təmin edən potensialdan çıxış edir. İnteqrasiyanın həm şaquli, həm üfüqi, həm şərq, həm də qərb vektorlarını genişləndirərək lider ölkələr səviyyəsinə çatmaq məqsədinə xidmət edir.

Bu gün Azərbaycan formalaşan yeni geosiyasi nizama uyğunlaşmaq, dünya iqtisadiyyatında özünəməxsus mövqeyi olan dövlətə çevrilmək istiqamətində səylərini artırır, tarixi inkişafında dünyaya inteqrasiyanın növbəti mərhələsini, yeni dövrünü yaşayır. Ölkənin qarşısında böyük məqsədlər durur. Bunlar dünyanın yalnız siyasi deyil, həm də iqtisadi, elmi, informasiya məkanlarına inteqrasiya amillərini də əhatə edir. Ölkənin geosiyasi vəziyyəti nəzərə alınaraq hərtərəfli iqtisadi və sosial inkişafın təmin olunması üçün beynəlxalq maliyyə institutları, iqtisadi təşkilatlar, regional birliklərlə əməkdaşlıq genişləndirilir. Bütövlükdə dünya iqtisadiyyatına inteqrasiya prosesini sürətləndirmək üçün tədbirlər görülür. Milli iqtisadi maraqlardan irəli gələn şərtlər əsasında Azərbaycan Ümumdünya Ticarət Təşkilatının tamhüquqlu üzvü olmaq istəyir.

Azərbaycan hazırkı transformasiya və inteqrasiya şəraitində öz iqtisadi yüksəlişini təmin etmək məqsədilə təbii xammal ehtiyatlarından geniş istifadə etdiyi üçün birinci mərhələdədir. Lakin iqtisadiyyatımızın perspektivləri baxımından sadalanan mərhələlərin mürəkkəb çulğaşmasını təmin edən, bütün imkanları minimal zaman ərzində istifadə etməyə imkan verən dövlət siyasəti yeridir. Respublikamızda əhalinin rifahının yüksəldilməsi kimi mərhələnin başlanğıc götürdüyünü sezməmək mümkün deyildir. İqtisadi dinamikada yalnız xammal yönümlü sahələrin deyil, bütün amillərin, innovasiya, investisiya və digər amillərin optimal kombinasiyasını təmin etmək, milli iqtisadi strategiyamızı fərqləndirən əsas xüsusiyyətlərdəndir.

Müasir dünyanın qlobal enerji layihələrinin gerçəkləşdiyi məkan kimi, Şərqlə Qərb arasında nəqliyyat dəhlizinin, qlobal təhlükəsizliyinin təşkili üçün Azərbaycan Avropaya lazımdır. Digər tərəfdən bölgədə demokratik Avropa dəyərlərinin ilk davamçısı, yüksək sivilizasiya və mədəniyyətə malik olması və s. yalnız bizim üçün deyil, Avropa üçün də regionun dinamik inkişaf lideri sayılan ölkəmizlə çoxşaxəli əməkdaşlıqda maraqlı edir. Qarşılıqlı faydalı əməkdaşlıq baxımından Avropa Birliyi bütün sahələrdə: xarici siyasətdə, sülhün və təhlükəsizliyin təmin olunmasında, iqtisadiyyat və mədəniyyətdə, bəşəriyyətin qlobal problemlərinin həll olunmasında, insan hüquq və azadlıqları təminatının təkmilləşməsində və s. strateji tərəfdaş qismində çıxış edir.

Sərxanbəy Xuduyev

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA