İş adamı icra başçısı və müavinini biabır etdi

img

06-05-2014 [11:27]


Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev tərəfindən şərlənərək həbs olunan iş adamı Müqayis Verdiyev mətbuata növbəti dəfə müraciət ünvanlayıb. Vəkili vasitəsi ilə göndərdiyi müraciətində Verdiyev xatırladıb ki, ona qarşı qaldırılmış cinayət işinin heç bir əsası yoxdur və orada qaldırılan iddiaların haması mülki xarakterlidir. 

O bildirib ki, qaldırılmış iddialardan biri fəhlələrin əmək haqlarının verilməməsi ilə bağlıdır. «Dünyanın heç bir ölkəsində fəhlənin əmək haqqının ödənilməməsi ağır cinayət sayılmır. Elə Azərbaycan qanunlarında da bu ağır cinayət hesab edilmir. Ən əsası mən heç bir fəhlənin haqqını kəsməmişəm. Əksinə, onların maaşı vaxtlı vaxtında verilib. Üstəlik, məhkəmədə ifadə vermiş şəxslərin heç biri bunu təsdiqləmir və hamısı da bildirir ki, maaşlarını alıblar. Aydın məsələdir ki, Goranboyun icra başçısı Nizaməddin Quliyev və onun müavini Baxış Abdullayev bui şin əsas təşkilatçılarıdır. Onlar öz dövləti cinayətlərini gizlətmək üçün bu addımı atıblar. Əks təqdirdə, yeyintilərinin üstü açıla və bununla da məsuliyyətə cəlb oluna bilərdilər».

Müqayis Verdiyev daha sonra bildirir ki, icra başçısı və onun müavini mətbuatda onun haqqında olmazın yalanları danışır, böhtanlar atırlar. «Bu adamlar ağıllarınca guya, məni şərləyirlər. Deyirlər ki, guya, dələduzluq etmişəm. Baxış Abdullayev də, onun başının üzərində duran Nizaməddin Quliyev də yaxşı bilir ki, mənim indiyə qədər iki dəfə həbs olunmağımın konkret səbəbləri nə olub. Onlar yaxşı bilirlər ki, həmin məsələlər Nizaməddinlə Baxışın başı girəcəyi iş deyil. Və o işlərin içində başqa məqamlar yatır. Bu adamlar öz dələduzluqlarını başqalarının adına yazmağa adət ediblər. Bu gün əsas məsələ mənim keçmişdə nə elədiyim yox, bu gün başıma gətirilən oyundur. Baxış Abdullayev və «Fəqan Xidmət»in rəhbəri əgər özlərini məsum, günahsız bilirlərsə, o zaman məhkəməyə gəlib mənimlə üzləşsinlər. Zərrəcə kişilikləri, vicdanları varsa, buyursunlar məhkəmədə danışaq».

Həbsdəki iş adamı daha sonra müraciətində qeyd edir ki, Goranboy rayonunun məhv edilməsi, xarabalığa çevrilməsində müstəsna rolu olan bu adamların özlərini məsuliyyətə cəlb etmək lazımdır. «Goranboya dövlət tərəfindən milyonlarla manat pul ayrılıb. Amma bu pullar nəyə xərclənib? 7 ildir Heydər Əliyev Mərkəzini tikib qurtara bilmirlər. Üstəlik, ötənlərdə məlum olub ki, tikilən hissəsi də əyridir. Bu adamların gördüyü iş bundan artıq ola bilməzdi. Çünki başları dövlətin vəsaitini talamağa qarışıb. Onlar üçün nə Heydər Əliyev var, nə də onun qoyduğu müqəddəs yol. Bu adamları puldan başqa heç nə maraqlandırmır».

Verdiyev qeyd edir: «Nizaməddin Quliyev oğlunun dərdinə düşüb. Ramal həbs olunana qədər mənə «əmi» deyirdi. Rayonda görülən işlər üçün ayrılmış pulları da elə Ramal götürüb, haralarasa qaçmışdı ki, atası da əl-ayağa düşmüşdü. Mənimlə dəfələrlə çörək kəsən, dəfələrlə minnətdarlıq edən, qarşımda oğlundan danışıb ağlayan, dərində şərik olduğum bir adam elə bir namərdlik etdi ki, tayı-bərabəri olmadı. Məni anamın dünyasını dəyişdiyi gün həbs etdirən birindən hansısa vicdan, əqidə və hörmət gözləmirəm. Tək tələbim odur ki, Baxış Abdullayev və «Fəqan Xidmət» şirkətinin rəhbəri məhkəməyə gəlib mənimlə üzləşməsidir. Bir də ki, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Goranboy rayonunda həyata keçirilmiş işləri yoxlasın. Əminliklə deyirəm ki, əgər bu yoxlamalar obyektiv və ədalətli şəkildə aparılarsa, o zaman bu gün mənim olduğum yerdə Nizaməddin Quliyev, Baxış Abdullayevi, Ramal Quliyev və «Fəqan Xidmət»in rəhbəri olacaqlar».

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA