“Qardaşı polis rəisinin müavinidir deyə, məni qorxudurlar” - ŞİKAYƏT

img

06-05-2014 [10:14]


Redaksiyamıza Heydər Əliyev Fondun prezidenti Mehriban Əliyevaya, İnsan haqları  üzrə müvəkkili Elmira Süleymanovaya, deputat Qənirə Paşayevaya İmişli şəhəri, Vaqif küçəsi 4-də yaşayan Mehdiyeva Simuzər Məmmədağa qızı tərəfindən ünvanlanmış şikayət məktubunun surəti daxil olub.

Şikayətçi xanım yazır ki, çoxmərtəbəli yaşayış binası tikintsi ilə məşğul olan «Hayan E» MMC-nin direktoru Elman Tağıyev onların pulunu mənimsəyib: «Elman Tağıyev Abşeron rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 1A-da tikdiyi çoxmərtəbəli yaşayış binasından bizə mənzil satmaq adı ilə mərhum həyat yoldaşım Muxtar Mehdiyevdən 21.900 manat pul alsa da, bu günədək mənzili bizə təhvil verməyib. Halbuki, həmin binada bizə bir otaq satıldığını müvafiq sənədlər təsdiqləyir. Lakin sonralar məlum oldu ki, tikilən binada ümumiyyətlə 5 və 6-cı blokları nəzərdə tutulmayıb. Beləliklə, Elman rəsmi sənədlərdə fırıldaqçılıq etməklə, bizə qarşı aşkar dələduzluq edib. Ancaq ötən 5 ildə bizi evsiz-eşiksiz qoyan Elman Tağıyev pulumuzu verir, evlə bizi təmin edir. 2 il bundan qabaq isə öyrəndik ki, Elman Tağıyev "Birlik” MMC-nin də müdiri olub, çoxsaylı vətəndaşları aldadıb, həbs edilib. Bu dərdə həyat yoldaşımın ürəyi dözməyib, dünyasını dəyişdi. Oğlanlarının vaxtsız vəfatından 40 gün ötməmiş isə qayınatam, daha sonra isə qaynanam dünyalarını dəyişdilər. Biz isə başsız ailə olaraq, İmişlidə qayınımgildə müvəqqəti məskunlaşmaq məcburiyyətində qalmışıq». 

Şikayətçi ana yazır ki, artıq övladları ilə birlikdə çarəsiz ağır vəziyyətdə yaşayırlar: «Həmyerlimiz Elman Tağıyevin dələduzluğu səbəbindən ağır xəstəliyə tutulmuşam. Onun qardaşları Adil Tağıyev böyük vəzifədə işləyir, digər qardaşları Məhərrəm və Rafiq Tagıyev də yüksəkmərtəbəli ev tikintiləri ilə məşğuldurlar. Bir qardaşı Zərdab rayon Polis Şöbəsində rəis müavindir. Məhərrəmin oğlu Milli Təhlükəsizlik Nazirliyində işləyir. Bunu deməkdə məqsədim odur ki, bu adlarını çəkdiyim və digər qohumları bizə minnətçi düşərək şikayət etməyimiz üçün yalvardılar. Lakin sonradan hamısı bizi hədələdilər, qorxuzdular. Buna görə Bakıdan da köçmək məcburiyyətində qaldıq.  Dəfələrlə Respublika Prokurorluğuna, digər hüquq-mühafizə orqanlarına şikayətlər etsəm də, bizim pulumuzu qaytarmırlar. Deyilir ki, guya cinayət işi qaldırılıb».

 Sonda şikayətçi pullarının geri ödənilməsinə kömək göstərilməsini xahiş edib: «Barı pulumuzu qaytarsınlar. Ki, İmişlidə yurd və ya bir daxma alıb, balalarımı saxlayım. Müraciət etdiyim orqanlar məndən gücüm daxilində olmayan, savadım çatmayan işi tələb edirlər. Mənə vəkil tutub, məhkəməyə müraciət etməyimi məsləhət bilirlər. Axı, mən, Bakı şəhərinə getməyə belə, imkanım olmayan bir adamam. Axı, mən evin kişilərini itirmişəm, körpələri kimə tapşırım gedim, dərdimi kimə deyim?! Ümidim sizlərədir. Allah köməyiniz olsun!».


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA