Mirvari Qəhrəmanlı danışdı: “Gəlib, nəvəmə hədə-qorxu gəliblər ki,...”

img

03-05-2014 [21:03]


Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova ilə bağılı müəmma davam edir. Yayılan xəbərlərə görə, QHT rəhbərinin evində axtarış aparılacağına cəhdlər var. 

Mia.az Musavat.com-a istinadən xəbər verir ki, Mətanət Əzizova evdə olmadığına görə əməliyyatçılar axtarış apara bilməyiblər. Bütün bunların haqqında musavat.com-un əməkdaşına Mətanət Əzizovanın anası, hüquq-müdafiəçisi Mirvari Qəhrəmanlı məlumat verib: "Sanki mənim qızım bir anlığa yoxa çıxıb. Bu gün yaşanan hadisədən sonra nəvəm (Mətanət Əzizovanın oğlu) şok keçirib. Gəlib, nəvəmə hədə-qorxu gəliblər ki, qapını aç, evinizdə axtarış aparılacaq. Nəvəm də bundan bərk qorxu keçirib. Bu gün hətta ikinci dəfə nəvəmin üstünə getdilər. O, evdə tək olduğu üçün stress keçirtdi. Ötən il nəvəmi döydürdülər. Mən də ölkədə olmamışam. Əlim də çatmırdı. Bəs deyilmi? Sizin övladınız yoxdur? Nə idi, Mətanətin, onun övladının günahı..? Bunlar üçün artıq heç nəyin dəyəri qalmayıb. Az da olsa, insafınız olsun. Məhkəmənin bir qərarı olmadan gəlib, kimisə narahat etmək, azyaşlı uşağa hədə-qorxu gəlmək, heç bir əxlaqa sığmır. Ölkədə olmadığıma görə bir ana olaraq, keçirdiyim hissləri izah edə bilmirəm. Bu qədər zülmü bizə niyə yaşadırsınız, axı..? Heç insafınız yoxdur? Mən ölkəyə qayıtdıqdan sonra bununla bağlı lazımi addımlarımı atacam”. 

Xatırladaq ki, Mətanət Əzizova Rauf Mirqədirovla bağlı istintaq çərçivəsində prokurorliğa çağırılaraq, dindirilib. Onun rəhbəri olduğu Qadın Krizis Mərkəzi də elə bu işlə bağlı dindirilmiş və həm evində, həm də ofisində axtarış aparılmış Leyla  Yunusun sədrlik etdiyi Sülh və Demokratiya İnstitutunun ofisində yerləşir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA