QHT rəhbəri yoxa çıxıb! Mirvari Qəhrəmanlının qızıyla bağlı ziddiyyətli xəbərlər yayılıb - Yenilənib

img

03-05-2014 [13:47]



Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovanın evində axtarış aparılır.

Mia.az xəbər verir ki, bu barədə Facebook sosial şəbəkədə məlumat yayılıb. Bildirilir ki, hal-hazırda Baş Prokurorluğun nümayəndələri QHT rəhbərinin evindədirlər. Prokurorluğun Leyla Yunus jurnalist Rauf Mirqədirovun işi üzrə axtarışa start verdikləri istisna edilmir.

Mia.az onu da qeyd edir ki, M.Əzizova Neftçilərin hüquqlarının müdafiə komitəsinin sədri Mirvari Qəhrəmanlının qızdır. İddiaya görə, M.Qəhrəmanlının da evində axtarış aparılacaq.

Xatırladaq ki, dünən M.Əzizova haqda Leyla Yunusla bağlı yeni bir iddia yayılmışdı. Jurnalist Eynulla Fətullayev iddia edib ki, L.Yunus kifayət qədər böyük pul axınlarını idarə edib: "Məsələn, təkcə hansısa anlaşılmazlıqdan (belə hesab edək!) "Transparency Azərbaycan” təşkilatına başçılıq edən korrupsiya ilə, qohumbazlıqla baş mübariz Rəna Səfərəliyevanın başçılıq etdiyi (oliqarxlara qarşı digər mübariz Mirvari Qəhrəmanlının qızı Mətanət Əzizova ilə birlikdə) "Azərbaycan qadınları Qafqazda sülh və demokratiya uğrunda” QHT-si vasitəsilə Leyla Yunus son bir neçə il ərzində 155 min manatı, 230 min dolları və 100 min avronu şəxsən alıb və bank hesabından çıxarıb"(Mia.az)

****

Rauf Mirqədirov ilə bağlı başlanan istintaq prosesi çərçivəsində mayın 1-də prokurorluğa çağırılaraq, 4 saatlıq dindirmədən sonra sərbəst buraxılan Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovadan hələ də heç bir xəbər yoxdur. Mətanət Əzizovanın yaxınlarının dediklərinə görə, bu gün səhər saatlarından etibarən ondan xəbər tuta bilmirlər.

Mobil telefon vasitəsilə Mətanət xanımın özü ilə əlaqə saxlamağa çalışsaq da, onun telefonu bağlı olduğuna görə bu cəhdimiz baş tutmadı.

Mətanət Əzizovanın anası Mirvari Qəhrəmanlı musavat.com-a bildirib ki, səhərdən qızı ilə əlaqə saxlaya bilmir: "Mən rayondayam. Ona görə də, qızımla telefonla əlaqə saxlayırdım. Amma bu gün səhərdən telefonuna zəng çatmır. Bilmirəm ki, övladımdan nə istəyirlər. Axı, onun bir günahı yoxdur”.

Mətanət Əzizova ətrafında baş verənləri araşdırmaq üçün onun yaşadığı ünvana getdik. Binanın qarşısı hazırda mülki geyimli əməliyyatçılarla doludur. Hiss olunur ki, evdə axtarışın aparılması üçün hazırlıq görülür.

Evdə Mətanət Əzizovanın oğlundan savayı heç kəs yox idi. Çox çalışsaq da, onunla qapı arxasından söhbət etməli olduq. O, bildirdi ki, anası səhər tezdən evdən çıxıb: "Anam səhər tezdən evdən çıxdı və heç kəsə qapını açmamağımı tapşırdı”.

Bir müddətdən sonra Mətanət Əzizovanın yaşadığı ünvana onun bacısı Sara Əzizova gəldi. Sara Əzizova da bu gün səhərdən bacısı ilə əlaqələrinin tamamilə kəsildiyini söylədi: "Mən başqa yerdə qalıram. Ondan xəbər tuta bilmədiyimə görə bura gəldim. Bilmirik ki, bacımla bağlı başlanan proseslərin səbəbi nədir? Deyirlər ki, evdə axtarış aparılacaq. Bacım cinayətkardır ki..?”

Xanım hüquq müdafiəçisinin qonşuları Mətanət Əzizovanı son günlərdə ümumiyyətlə, nadir hallarda gördüklərini bildirdilər. Qonşuları onu da qeyd etdilər ki, səhər tezdən naməlum adamlar binanın önündə peyda olublar. Onların iddialarına görə, həmin naməlum adamlar Mətanət xanımla bağlı binanın önünə toplaşıblar.

Onu da qeyd edək ki, hazırda binanın qarşısına xeyli sayda mətbuat nümayəndələri də toplaşıb.

****

"Baş Prokurorluğun əməkdaşları hüquq müdafiəçisi Mətanət Əzizovanın mənzilində heç bir axtarış aparmayıblar”.

 Mia.az virtualaz.org-a istinadən xəbər verir ki, bunu açıqlamasında Baş Prokurorluqdakı mənbə deyib.

Qaynaq bununla bağlı yayılan məlumatları təkzib edərək onların yalan olduğunu və təxribat məqsədi daşıdığını söyləyib.
  


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA