Rəna Səfərəliyeva Milli Məclisdə səslənən ittihamlardan danışdı

img

02-05-2014 [17:21]



"Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyi, bu gün Milli Məclisdə bu təşkilat və onun icraçı direktoru Rəna Səfərəliyevanın haqqında söylənilən fikirlərlə bağlı məlumat yayıb.

Mia.az Musavat.com-a istinadən daxil olan həmin məlumatı diqqətə çatdırır: 

"Transparency Inernational təşkilatının milli bölməsi olan "Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyi Şərq regionu üzrə Avropa Qonşuluq Siyasətində "Milli Davranış Sisteminin qiymətləndirilməsi” layihəsini həyata keçirir. Layihənin əsas məqsədi dövlət qurumları, vətəndaş cəmiyyəti üzvləri və müstəqil ekspertlərlə birgə bu sahədə mövcud vəziyyəti araşdırmaq və əldə edilən məlumatlar əsasında mövcud durumun qiymətləndirilməsi, qanunvericilkdə və praktikada problemlərin aşkarlanması və həlli yolunda tövsiyələrin irəli sürülməsidir.

Layihə çərçivəsində aşağıdakı sahələr üzrə qiymətləndirmələr aparılıb:

Qanunverici Hakimiyyət

Məhkəmə Hakimiyyəti

İcraedici Hakimiyyət

Dövlət sektoru və o cümlədən dövlət satınalmaları

Hüquq Mühafizə Orqanları

Seçki İdarəetmə orqanları

Ombudsman İnstitutu

Audit və yoxlamalar

Korrupsiyaya Qarşı Mübarizə üzrə dövlət qurumlarının fəaliyyəti

Siyasi Partiyalar

Media

Vətəndaş Cəmiyyəti

Biznes sahəsi

Artıq bu sahələrlə bağlı hazırlanan hesabatların ilkin varinatı hazırdır. Hesabatların yekun variantlarının hazırlanması üçün ictimaiyyətdən rəylərin alınması istiqamətində işlər görülür. Bu yöndə həyata keçirilən fəaliyyətlərdən biri də hesabatın ilkin variantını kütləvi informasiya vasitələrində müzakirəyə çıxarmaqla, həm dövlət orqanları, həm də vətəndaş cəmiyyətinin rəylərini almaqdan ibarətdir. Hesabatın tam mətni bu il may ayının sonlarında ictimaiyyətə təqdim olunacaq.

KİV-də müzakirə olunan və bəzi millət vəkilləri tərəfindən ciddi tənqid ilə qarşılanan hesabatla bağlı onu demək istəyirik ki, sənəd hazırlanarkən çoxsaylı mənbələrə istinad olunmuşdur. Hesabatın hazırlandığı dövrdə Milli Məclisin rəhbərliyinə sənəddə qoyulan suallara cavab almaq üçün müraciətlər ünvanlanmışdır. Təəssüf ki, 2013-cü ilin sentyabr və noyabr aylarında bu məqsədlə parlamentə iki sorğu göndərilsə də, suallara cavab verilməyib. Bununla belə təşkilat olaraq bildiririk ki, hesabat subyektivlikdən kənar və bu sahədə çalışan yerli və əcnəbi ekspertlərdən toplanan fikirlər əsasında hazırlanıb.

Bildirmək istərdik ki, müzakirəyə çıxarılan hesabat yekun variant olmadığından Milli Məclis tərəfindən təşkilatımıza göndəriləcək əsaslandırılmış rəyi də qiymətləndirmə zamanı nəzərə almağa hazırıq.

Nəhayət, bu gün, 2 may 2014-cü il tarixində Milli Məclisin iclasında bir sıra millət vəkilləri tərəfindən, "Şəffalıq Azərbaycan” Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyi və onun icraçı direktoru Rəna Səfərəliyevanın haqqında şayiələrə əsaslanaraq, səsləndirilən fikirləri təəssüflə qarşılayır və hesabatın məğzi ilə bağlı olmayan, əvəzində Rəna xanımın şəxsinə yönəlmiş bu ittihamların əsassız olduğunu xüsusi həssaslıqla vurğulamaq istəyirik”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA