Cavid Qurbanovun 400 minlik restoranı və ya dağılmış həyatı - Deputata rəsmən savaş açıldı

img

01-05-2014 [13:49]



Nəqliyyat naziri Ziya Məmmədovla "Azəryolservis”in şefi Cavid Qurbanov arasında münaqişə artıq açıq müstəviyə keçir. Artıq müxtəlif saytlarda C.Qurbanova qarşı yazılar dərc olunur. Yazılarda Cavid Qurbanovun dövlətin pulunu mənimsəməklə, dövlətə və nəqliyyat nazirinə zərbə vurmaqda suçlanır.

Marka.az-da dərc olunan yazını təqdim edirik: 

Cavid Qurbanovun dağılan, uçan "həyatı”

Son illər Azərbaycanın iqtisadi inkişafını hətta düşmənlər də bəzən etiraf etməyə məcbur olur.

Bu gün Azərbaycanda neft satışından əldə olunan gəlirlər fəal şəkildə qeyri-neft sektorunun inkişafına yatırılır. Ölkə iqtisadiyyatının irəli çəkilməsi baxımından sərmayə qoyuluşu üçün mühüm sahələrdən biri də məhz yol infrastrukturudur.

Dövlət Statistika Komitəsinin son məlumatlarına görə, hər il ölkə büdcəsindən yolların çəkilməsi, təmirinə milyonlarla vəsait xərclənir. Əlbəttə, sərf olunan bu qədər vəsaitin qarşılığında bu gün Azərbaycanın yol infrastrukturunun səviyyəsi ən azından Almaniya kimi inkişaf etmiş bir ölkəyə çatmalı idi.

Lakin gəlin təhlil edək, bu, doğurdanmı belədir?

Azərbaycanda yol deyəndə ilk olaraq yada ölkədə yolların çəkilməsinə görə birbaşa cavabdehlik, məsuliyyət daşıyan "Azəryolservis” ASC və onun şefi Cavid Qurbanov yada düşür.

O Cavid Qurbanov ki, Google axtarış sistemində adını yazarkən çox maraqlı yazılarla rastlaşmaq olur: "Cavid Qurbanov üç müğənniyə 150 min pul xərclədi”, "Cavid Qurbanov ölkədən 300 milyon dollar vəsaiti necə çıxardı”, "Cavid Qurbanov çəkiləcək yola ayrılan dövlət vəsaitinin böyük bir hissəsini necə mənimsədi”.

Dövlət məmuru üçün əslində çox "maraqlı” bir dosyedir. Dövlət büdcəsindən çəkilişinə külli-miqdarda vəsaitin ayrıldığı yolların bugünkü vəziyyəti ilə tanış olduqda isə yuxarıda sadalanan xəbər başlıqlarının həqiqətdən heç də uzaq olmadığı qənaətinə gəlmək olar. Elə Azərbaycanın Hesablama Palatasının "Azəryolservis” ASC-də apardığı son auditin nəticələri də bunu deməyə əsas verir.

Belə ki, Palatanın məlumatını araşdırdıqda aydın olur ki, Cavid Qurbanovun rəhbərlik etdiyi qurum dövlət vəsaitlərinin havaya sovrulması istiqamətində fəaliyyətində bir gün də olsun fasilə etmir.

Hər il dövlət büdcəsindən Azərbaycanın Nəqliyyat Nazirliyinə yolların çəkilişi üçün vəsaitlər ayrılır.

Bu pullar isə birbaşa yol çəkilişinə cavabdeh olan, bu işləri həyata keçirən "Azəryolservis” ASC-nin balansına köçürülür.

Ortada olan faktlar isə budur ki, Cavid bəyin rəhbərlik etdiyi qurum xalqın pulunu mənimsəməklə həm ölkə iqtisadiyyatına, həm də nəqliyyat naziri Ziya Məmmədova zərbə vurmuş olur.

Dövlətin yol çəkilişi üçün ayırdığı vəsaitlərin böyük bir hissəsi mənimsənilərək, Cavid Qurbanovun eyş-işrətinə, pərəstişkarı olduğu müğənnilərə, qadınlara sərf olunur.

Bundan başqa, digər vacib bir məqama diqqət yetirək – yolların bərbad vəziyyətdə çəkilməsi, körpülərin bərbad vəziyyətdə salınması vətəndaşlarımızın həyatına nə qədər təhlükə yaradır! Son vaxtlar mətbuatda ən çox işıqlandırılan xəbərlər məhz elə hansısa bölgədə yeni salınmış körpünün uçması, yeni çəkilmiş yolun təmirə bağlanması ilə bağlıdır.

Və əlbəttə ki, artıq neçə illərdir ki, vətəndaşlarımızı narahat edən bir məsələdən də danışmaq vacibdir. Dəfələrlə müşahidə etmək olar ki, bir müddət əvvəl istismara verilmiş yol qazılaraq, həmin ərazidə kommunikasiya xətlərinin çəkilməsi üçün təmirə bağlanır.

Nəticədə dövlət büdcəsindən ayrılmış pullar göyə sovrulur, açılışından bir ay ötmüş yollar yenidən bərbad vəziyyətə düşür. Bunun ilk səbəbini isə məhz elə "Azəryolservis” ASC-nin səriştəsiz rəhbərliyində görmək lazımdır.

Digər dövlət qurumları ilə münasibətlərin düzgün nizamlanmaması, hətta belə desək, Cavid Qurbanovun yekəxanalığından irəli gələn saymazlığın nəticəsi olaraq, xalqın, dövlətin büdcəsinin vəsaitləri mənasız yerə sərf olunur, dağıdılır, məhv edilir.

Dünyanın istənilən dövlətində, istənilən iqtisadiyyatda əsas mövqeyi məhz yollar tutur. Müxtəlif bölgələrdə müxtəlif zavodlar, sənaye müəssisələri açmaq olar. Lakin onların arasında qan damarı rolunu oynayan yolların olmaması yaxud bərbad vəziyyətdə olması bütün sistemin iflic olmasına gətirib çıxara bilər. Uzağa getmək lazım deyil – Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin kəlamlarından biri məhz belə səslənir – Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə həyatdır.

Bəs, Cavid Qurbanov bizə necə həyat vəd edir? Dağılmış, uçmaq təhlükəsi ilə üzləşmiş həyat?

Əldə etdiyimiz bəzi məlumatlara görə, Cavid Qurbanov Hesablama Palatasının apardığı son auditdən sonra qorxuya düşüb və əlində olan maliyyə aktivlərini ölkədən çıxartmağa hazırlaşır.

Mənbəmizin bildirdiyinə görə, artıq Cavid Qurbanovun oğlu (Bakının qlamur dairələrində playboy Şamik kimi tanınan) sahibi olduğu "Şarm El Sheykh” restoranını satıb. Əldə etdiyimiz məlumata əsasən, bu restoranın təmirinə 400.000 manat pul xərclənmişdir.

Qeyd edək ki, bu restoran paytaxtın ən məşhur yerlərindən biri sayılır və kifayət qədər yüksək qiymətləri ilə fərqlənir. Dövlət büdcəsindən oğurladığı vəsaitlər barədə aparılan araşdırmalardan qorxuya düşən "Azəryolservis” şefi indiyədək mənimsədiyi külli-miqdarda vəsaitlərin xilası üçün yollar aramağa başlayıb.

"Azəryolservis” şefinin özbaşınalıqları haqqında araşdırmalarımız davam edəcək.(Azerinfo.org)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA