Cavid Qurbanov, Hacıbala Abutalıbov və Eldar Əzizov hədəfdə-korrupsiya dosyesi

img

29-04-2014 [12:40]


Hesablama Palatası dövlət büdcəsinin investisiya xərclərinin auditi zamanı böyük korrupsiya halları aşkarlayıb. Bakı Şəhər İcra Hakimiyyətinin icra etdiyi iki layihədə müəyyən olunan yeyinti 90 min manata yaxındır. Bu rəqəm yeyintinin büdcəyə bərpa olun hissəssidir. Hesablama Palatasının yoxlama apardığı layihələr isə «Bakı şəhərində binaların təmiri, bərpası, işıqlandırılması, şəhərin abadlaşdırılması» və «Bakı şəhərinin qəsəbə və kəndlərində yolların asfalt örtüyünün təmiri və işıqlandırılması»dır.

Məlum olub ki, Bakı meriyası tərəfindən bəzi obyektlərin layihə-smeta sənədləri dövlət ekspertizasından keçirilməyib. Halbuki, büdcədən ekspertizanın aparılması üçün vəsait ayrılıb. Təəssüf ki, hesabatda konkret olaraq hansı obyektlərdən bəhs edildiyi qeyd edilməyib. Yalnız o qeyd edilir ki, tender keçirilmədən podratçı şirkətlərlə birbaşa müqavilə əsasında işlər həyata keçirilib. İnvestisiya vəsaiti bölgüdə göstərilmiş sifarişçi təşkilatlar və obyektlər üzrə istifadə edilməyib.

Eldar Əzizovun 2 milyonluq maxinasiyası

Dövlət büdcəsinin investisiya xərclərindən, ehtiyat fondlarından Sumqayıt Şəhər İcra Hakimiyyətinə ayrılan vəsaitin təftişi zamanı da külli miqdarda korrupsiya halı müəyyən edilib. İcra başçısı Eldar Əzizovun aparatının «ayağında» nə az, nə çox 2 milyon manatlıq mənimsəmə faktı olsa da, cəzasız qalıb. Dövlətin əsaslı vəsait qoyuluşu üzrə bir sıra hallarda tender keçirilmədən layihələrin icrası müqavilə yolu ilə şirkətlərə həvalə edilib. Bank təminatı olmadan beş podratçıya pul ödənilmiş, üç halda isə tikinti-quraşdırma işləri başa çatdırılmadan nəzərdə tutulan məbləğ şirkətə tam ödənilib və işi tam yerinə yetirməyən şirkətdə debitor borc yaranıb.

Dövlət büdcəsinin Ehtiyat Fondundan Sumqayıta ayrılan vəsaitlərin aqibəti də acınacaqlı olub. Belə ki, audit zamanı məlum olub ki, pul ayrılsa da layihə-smeta hazırlanmadan bir necə obyektin tikintisi həyata keçirilib. Bir müddətdən sonra isə obyektin layihə-smeta dəyərinin hazırlanması adı ilə Fondun vəsaitindən müəyyən məbləğdə pul silinib. Yəni Sumqayıt rəhbərliyi bir neçə obyekin layihə-smetasının hazırlanması adı ilə iki dəfə pul silməyi bacarıb. Təəssüf ki, burada da hansı obyektlərdən söhbət getdiyini açıqlanmır. Bir obyektin əsaslı təmir üçün ayrılan vəsaiti başqa istiqamətə yönəldilirək «pripiska» edilməsi halı aşkarlanıb.

Bununla yanaşı, şəhərin Mənzil Təsərrüfatı İstismar İdarəsi (MTİİ) tərəfindən «Lift Servis» Birliyinin və Sumqayıt şəhər Profilaktik Dezinfeksiya şöbəsinin hesabına vəsait ödənilsə də heç bir iş görülməyib. MTİİ-də çalışan işçilərin adından tutulan keçmiş illərin əlavə dəyər vergisi və sosial sığorta ödəmələrinin pensiya məbləği üzrə kreditor borclar büdcə vəsaiti hesabına ödənilib. Korrupsiyanın masştabını göstərmək üçün iki fakta diqqət yetirək: Sumqayıt Şəhər İcra Hakimiyyəti zibilliklərin daşınması üçün ayrılan vəsaitin 811 min manatını mənimsəyib. Liftlərin təmiri üçü isə ayrılan investisiya xərclərindən 1 milyon manata yaxın vəsaitin korrupsiyaya uğradığı bəlli olub.

Nəqliyyat Nazirliyində yoxlama nələri üzə çıxarıb?

Bəlli olduğu kimi, ölkədə ən yüksək korrupsiya ocaqlarından biri Nəqliyyat Nazirliyidir. Dövlət büdcəsinin investisiya xərclərində ən yüksək pay sahibi də məhz sözügedən nazirliyə məxsusdur. Hesablama Palatasının auditi zamanı bir sıra avtomobil yollarının üzərində tikilən körpülərin tikintisində ciddi qanun pozuntuları aşkarlanıb. Belə ki, nazirliyin «Azəryolservis» ASC-yə Saatlı-Musalı-Məzrəli avtomobil yolunda Araz çayı üzərində yerləşən qəzalı vəziyyətdə olan metal körpünün yenidən qurulmasına, habelə Siyəzən və Qusar İstismar İdarələrinə ayrılan vəsaitin auditi aparılıb.

Qeyd edək ki, sözügedən körpünün təmirinə 4 milyon manat investisiya nəzərdə tutulub. Yoxlamalar zamanı həmin vəsaitin ASC-nin nizamnamə kapitalına daxil edilmədiyi və görüləcək işlərin siyahısının tutulmadan podratçı şirkətlərə pul ayrıldığı məlum olub. Bununla dövlət büdcəsinə dəyən zərərin 120 min manata yaxın olduğu müəyyənləşib.

«Azəryolservis»in Siyəzən 4 saylı Yol İstismar İdarəsinə və Qusar 7 saylı Yol İstismar İdarəsinə avtomobli yollarının cari təmiri üçün nəzərdə tutulan 32,8 min manat vəsait mənimsənilib.

Nəqliyyat Nazirliyinin tabeliyindən olan «Azərbaycan Dəmir Yolları» QSC-nin icrasını həyata keçirdiyi Saloğlu-Poylu mənzilinin 73-cü kilometrliyində Kür çayı üzərində II dəmir yolu körpüsünün tikintisi, Biləcəri stansiyası ərazisindən suötürücü qurğuların rekonstruksiyası və lokomativlərin təmiri, dəmiryolunun Sarvan-Çarxı mənzilində Vəlvələ çayı üzərindəki qəza vəziyyətində olan körpüdə əsaslı təmir işləri üçün ayrılan vəsaitlərin istifadəsinin auditi aparılıb. Məlum olub ki, layihələr üzə tender keçirilməyib, layihə-smeta sənədləri qanunsuz olaraq podratçı təşkilatlar tərəfindən hazırlanıb, layihənin dəyəri şişirdilib.


"Bizim Yol” qəzeti


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA