Milli Məclis Fransa Senatının qətnaməsi ilə bağlı bəyanat qəbul edib - Spikerdən açıqlama (Yenilənib)

img

16-11-2022 [16:21]


Milli Məclisin Fransa Senatının 15 noyabr 2022-ci il tarixli qətnaməsi ilə bağlı hazırladığı bəyanat qəbul edilib.

Mia.az xəbər verir ki, bəyanatın mətnini deputat Ramin Məmmədov oxuyub.

Bəyanat səsverməyə qoyularaq qəbul olunub.

Bəyanatın lehinə 95, əleyhinə isə 1 deputat səs verib.

Bəyanatda deyilir:

- Fransa Senatının hər iki palatasında qəbul edilən sənədlər Azərbaycan və Fransa arasında münasibətləri, o cümlədən 1993-cü ildə Fransa və Azərbaycan arasında imzalanan müqavilənin bəndlərini pozur. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə hörmət edilməlidir. Erməni qruplarının Azərbaycanın Fransadakı səfirliyinə qarşı faşist əməllərinin qarşısının alınmaması Fransanın Ermənistanı müdafiə etdiyini göstərir. 30 ildir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsinin səbəblərindən biri də Fransanın Ermənistanı müdafiə edərək, status-kvonu saxlamaq cəhdləri olub. Azərbaycanın guya Ermənistana qarşı hücumunun BMT Təhlükəsizlik Şurası tərəfindən qınandığını ifadə edən Fransa deputatları BMT Təhlükəsizlik Şurasında keçirilən iclasda əksər dövlətlərin iki dövlət arasında sərhədlərin delimistasiyasının həyata keçirilməsi ilə bağlı çağırışlarını görməzdən gəlir. Senat Fransanın BMT Təhlükəsizlik Şurasının üzvlüyündən öz çirkin əməlləri üçün istifadə etdiyini sübut edir. Qətnamədə Laçın dəhlizi ilə bağlı bənd bu qətnamə müəlliflərinin yerdəki vəziyyətdən nə qədər bixəbər olduğunu göstərir. Fransanın bu addımı Cənubi Qafqazda iki ölkə arasında bütün münasibətlərə zərbə vurur.

Fransaya törətdiyi bəzi həqiqətləri xatırladırıq. Fransanın törətdiyi müharibə cinayətləri bəşər tarixinin qara səhifələridir. Fransa tərəfindən törədilmiş soyqırım cinayətləri Fransa tarixində silinməsi mümkün olmayan qara ləkədir. Eyni zamanda Fransa işğal etdiyi Əlcəzair ərazisində 1,5 milyon mina basdırıb. Ermənistan da işğal etdiyi Azərbaycan torpaqlarında 1 milyondan artıq mina basdırıb. Əlcəzairin işğalı dövründə 1 milyondan çox insan fransızlar tərəfindən qətlə yetirildiyindən bu ölkə "şəhid ölkə" adlanır. Əlcəzair adlı dövlətin mövcud olmasını inkar edən Fransa bu ölkəni özünün bir hissəsi kimi qəbul edir.

Fransa məqsədli şəkildə Əlcəzairdə qanunsuz məskunlaşma siyasəti həyata keçirib. Eyni şəkildə Ermənistan da işğal etdiyi Azərbaycan torpaqlarında bunu edib. Tarixə elm adamlarının soyqırımı kimi həkk olunan hadisəni də fransızlar təşkil edib. Çadda 400-ə yaxın müsəlman elm adamlarının hamısını Fransa güllələyib. 1994-cü ildə Fransa Ruandada təhlükəsiz zona yaratmaq adı ilə Tutsi qəbiləsinin 800 mindən çox üzvü öldürülüb. Qətliamda Fransa məsuliyyət daşıyıb.

Fransanın himayə etdiyi erməni terrorçular müttəfiqi olduğu Ermənistanda qəhrəman kimi qəbul edilib və sonradan Azərbaycanda qarşı terror aktları törədiblər. Fransa parlamentarilərini ilk öncə öz ölkəsini müstəmləkəçilik siyasətindən çəkindirməyə çağırırıq. Fransanı törətdiyi insanlığa qarşı cinayətləri tanımağa, Fransanı təbii sərvətlərini taladığı ölkələrə kompensasiya ödəməyə, Fransanı cinayət törətdiyi ölkələrdən üzr istəməyə çağırırıq.

Milli Məclis Fransanın davamlı anti-Azərbaycan fəaliyyətini nəzərə alaraq Azərbaycan hökumətinə aşağıdakı tədbirlərin görülməsi ilə bağlı çağırış edir:

- Fransa hökuməti tərəfindən birtərəflik təminatı verilməyən qədər, onun Azərbaycan və Ermənistan arasında normallaşma prosesi ilə əlaqədar təşəbbüs və fəaliyyətlərdə iştirakına cəlb edilməsinə imkan verilməməsi, bu məsələlərlə bağlı Fransa rəsmiləri ilə hər hansı müzakirənin aparılmaması.

- Fransa rəsmilərinin Azərbaycanda hər hansı aktivləri aşkar edildiyi təqdirdə, onların dondurullması.

- Fransa şirkətlərinin Azərbaycan dövlətinin sifarişləri həyata keçirilən hər hansı layihədə iştirakına yol verilməməsi,

- Fransa şirkətlərinin enerji sektorunda Azərbaycan tərəfi ilə əməkdaşlığına yenidən baxılması,

- Azərbaycanla Fransa arasında mövcud olan siyasi, iqtisadi münasibətlərə yenidən baxılması,

- Qoşulmama Hərəkatının sədri kimi Fransanın müstəmləkəçilik siyasi, insanlıq əleyhinə cinayətlərin və hərbi cinayətlərin beynəlxalq təşkilat çərçivəsində qaldırılması.

- İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Fransanın islamafobiya siyasətinin məsələsinin gündəliyə çıxarılması.

- Türk dövlətləri təşkilatları çərçivəsində Fransanın türkəfobiya siyasətinin gündəliyə çıxarılması.

Müzakirələrdən sonra Bəyanat səsverməyə çıxarılaraq qəbul edilib.

***

Milli Məclisdə Fransa Senatının qəbul etdiyi qətnamə ilə bağlı bəyanatın hazırlanması üçün komissiya yaradılıb.

Mia.az xəbər veirr ki, komissiyanın rəhbəri parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov təyin edilib.

Komissiyanın tərkibinə deputatlardan Zahid Oruc, Sabir Hacıyev, Asim Mollazadə, Sədaqət Vəliyeva və Ramin Məmmədov daxildir.

Komissiya artıq bəyanatın mətninin hazırlanmasına başlayıb.

Milli Məclisin sədri Sahibə Qafarova parlamentin plenar iclasında deyib ki, biz Fransa Senatını Cənubi Qafqazda baş verən hadisələrə qanunsuz müdaxilə etmək, xalqların taleyi ilə oynamaq, Ermənistanı təcavüz qurbanı kimi qələmə vermək, tarixə qovuşan münaqişəni yenidən alovlandırmaq cəhdlərindən əl çəkməyə çağırırıq: "Şübhə yoxdur ki, yalançı erməni təbliğatının təsiri altında və siyasi devidentlər əldə etmək niyyəti ilə Fransa Senatının qəbul etdiyi qətnamənin mənfi nəticələri üçün məsuliyyət bütövlüklə Fransa tərəfinin üzərinə düşəcək".


Digər xəbərlər
SON XƏBƏRLƏR