Komandanın vəkili Üzeyir Cəfərovdan prokurorluğa şikayət edəcək

img

28-04-2014 [13:03]


Həbs edilən Azərbaycan Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanovun vəkili müdafiə etdiyi şəxs barəsində iddialar irəli sürən hərbi ekspert Üzeyir Cəfərovla bağlı prokurorluğa müraciət edəcək.

"Qafqazinfo”ya bu barədə açıqlama verən vəkil Adəm Məmmədov bildirib ki, Ü.Cəfərov mətbuata açıqlama verərək müdafiə etdiyi şəxsi dövlət sirlərini Rusiyaya ötürməkdə, yəni dövlətə xəyanətdə ittiham edib. Vəkilin sözlərinə görə, müdafiə sahəsində, eləcə də mətbuatla uzun müddət əlaqələri olan bir şəxs belə bir ittihamla çıxış edirsə əlində faktlar olmalıdır. Əks halda bu birbaşa cinayət məsuliyyətidir:

"Heç bir sübut olmadan belə bir ittiham irəli sürməklə o, Şahin Sultanovun şərəf və ləyaqətinə xələl gətirib. Onun belə bir açıqlama verəməsinə çox təəccübləndim. Mən Üzeyir Cəfərovdan belə bir əsassız açıqlamalara son qoymasını, eyni zamanda təkzib verməsini tələb edirəm. O, müdafiə etdiyim şəxsi birbaşa olaraq Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə, yəni vətənə xəyanətlə ittiham edib. Belə bir ağır cinayətdə ittihama görə isə onu 3 ildən 8- ilədək həbs gözləyə bilər. Artıq onun barəsində Prokurorluğa təqdim etmək üçün şikayət ərizəsi hazırlamışam. Əgər Üzeyir Cəfərovda bu cinayət barəsində məlumat vardısa, niyə indiyə qədər bu barədə hüquq-mühafizə orqanlarına xəbər verməyib. Buna görə, o, Cinayət Məcəlləsinin 307-ci maddəsi ilə (Ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə”) məsuliyyətə cəlb edilə bilər.

Qeyd edək ki, bu gün "Yeni Müsavat”da yayımlanan yazıda hərbi eskpert bildirib ki, Hərbi-Dəniz Qüvvələrinin bəzi yüksək rütbəli adamları Azərbaycanın Hərbi Dəniz Qüvvələri ilə, ümumiyyətlə ordusu ilə bağlı real vəziyyəti Rusiyaya ötürürlər: "Sabah Müdafiə Nazirliyi bunu da təkzib etsə, mən konkret adları da ictimaiyyətə açıqlayacağam ki, kimlərdir satqınlıqla məşğul olanlar".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA