Ramil Usubov polis rəislərinə göstəriş verdi

img

26-04-2014 [16:50]



Daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu gün Göyçay Rayon Polis Şöbəsində polis orqanlarının fəaliyyəti ilə bağlı məsələlərlə əlaqədar növbəti qəbul keçirib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, qəbulda Göyçay, Ağsu, Şamaxı, İsmayıllı, Yevlax, Mingəçevir, Ucar, Kürdəmir, Ağdaş rayonlarından olan sakinlər, eyni zamanda, bölgədə məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak ediblər.

Vətəndaşları dinləyən nazir onları narahat edən problemlərin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün qəbulda iştirak edən aidiyyatı Baş İdarə və xidmət rəislərinə konkret tapşırıqlar verib. Müraciətlərin böyük əksəriyyəti yerindəcə öz həllini tapıb, polis fəaliyyətinə aid olmayanların aidiyyatı üzrə digər dövlət orqanlarına göndəriləcəyi diqqətə çatdırılıb.

Kütləvi informasiya vasitələrində öncədən verilmiş elanlara uyğun olaraq, sözügedən bölgələrdə yaşayan, polisin sıravi və kiçik rəis heyəti vəzifələrində işləmək arzusunda olan 80 nəfər də qəbulda iştirak edib. Ramil Usubov onların arasından xidmətə daha yararlı və hazırlıqlı olan 24 gənci seçərək sənədlərinin hazırlanması üçün Baş Kadrlar İdarəsinin rəhbərliyinə müvafiq göstəriş verib.

Qəbulda iştirak edənlər prezident İlham Əliyevin dövlət məmurlarına yerlərdə vətəndaşlarla görüşmələri, müraciətlərinə, ərizə və şikayətlərinə operativ və xüsusi həssaslıqla yanaşmaları barədə məlum tapşırığının yüksək səviyyədə icrasına, onların problemlərinə hər zaman xüsusi diqqət və qayğı göstərilməsinə görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA