“Azəriqaz”da özbaşınalıq: işdən haqsız çıxarılan vəzifəli infarkt keçirdi - YENİLƏNİB

img

23-04-2014 [13:54]



"Azəriqaz” İstehsalat Birliyi işdən çıxarıldığı üçün infarkt keçirdiyini deyən Vasif Babayevin iddialarına cavab verib.

 "Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Araz Ağayev virtualaz.org saytına açıqlamasında V.Babayevin səsləndirdiyi ittihamların əsassız olduğunu deyib.

Onun sözlərinə görə, Vasif Babayev ötən il iyul ayının 16-da əmək müqaviləsinin müddəti başa çatdıqdan sonra işdən çıxarılıb: "Vasif Babayevin şikayətlərinə Şəki Rayon Məhkəməsində, daha sonra isə Şəki Apelyasiya Məhkəməsində baxılıb və onun tələbləri əsassız olduğundan rədd edilib”.

A.Ağayev V.Babayevin "Azəriqaz”a ünvanladığı müraciətlərə də müvafiq qaydada cavab verildiyini söyləyib.

* * *

Xatırladaq ki, şikayətçi bildirib ki, hələ 36 yaşı olarkən baş direktorun müavini vəzifəsində işləyib. Şikayətçinin sözlərinə görə, idarənin rəisi Taleh Şahmuradov Əmək Məcəlləsini pozaraq, onu işdən azad edib.

"İşdən evə gələndə poçt işçisi əmr və əmək kitabçasını mənə verdi. Bu haqsızlığa dözə bilmədim, infarkt keçirdim. Qanunsuz işdən çıxarılmağımla bağlı bütün dövlət qurumlarına, deputatlara, o cümlədən ”Azəriqaz" İstehsalat Birliyinə müraciətlər ünvanlamışam. Ancaq indiyə qədər heç bir nəticəsi olmayıb. "Azəriqaz” eyni məzmunlu məktubu mənə və idarəyə göndərməklə kifayətlənib", - deyə Vasif Babayev şikayət məktubunda yazır.

Şikayətçi onu da qeyd edir ki, idarənin hazırkı rəisi Taleh Şahmuradov vaxtilə vəzifəsinin öhdəsindən gələ bilmədiyinə görə, keçmiş rəis tərəfindən 2008-ci ildə işdən azad olunmuşdu: "Müəmmalı şəkildə o, 2010-cu ildə idarənin rəisi oldu və bütün qohumlarını rəhbər vəzifələrə təyin etdi”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA