Müdafiə Naziriliyində həbslər davam edir, daha iki zabit həbs olundu

img

22-04-2014 [11:06]


Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrində (HDQ) yüksək post tutan rəis və komandirlərdən daha iki zabit həbs olunub. AzNews.az-ın məlumatına görə, HDQ-in Hidroqrafiya bölməsinin rəisi 1-ci dərəcəli kapitan (polkovnik) Qasım Quliyev və Köməkçi gəmilər divizyonunun komandiri, 3-cü dərəcəli kapitan (mayor) Xamraz Qurbanov ağır cinayətdə ittiham olunaraq, barələrində həbs-qətimkan tədbiri seçilib.

İttihama əsasən, hərbçilər vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və dövlət əmlakını mənimsəməkdə təqsirləndirilirlər.

Xatırladaq ki, Zakir Həsənov müdafiə naziri postuna təyin olunduqdan sonra HDQ-da daxili yoxlamalar aparılıb və ciddi nöqsanlar aşkar olunub. HDQ-nın komandanı Şahin Sultanov da bir müddət əvvəl tutduğu vəzifədən çıxarılıb. Buna qədər isə HDQ-da nüfuz sahibi olan arxa cəbhə təminatı xidmətinin rəisi, polkovnik-leytenant Hüseynov Seyfi Ramazan oğlu, sabiq müdafiə naziri Səfər Əbiyevin yaxın adamı, "kod 555” adı ilə tanınan ehtiyatda olan miçman Elxan Hacıyev və hərbi birləşmənin ərzaq xidmətinin rəisi, polkovnik-leytenant Hafiz Bauşev və Gəmilərin Xilasetmə Dviziyonunun komandiri, 3-cü dərəcəli kapitan (mayor) İlkin Əsgərov həbs olunub. Hərbi birləşmənin Mənzil İstismar Sahəsinin rəisi, Elxan Hacıyevin oğlu Rövzat Hacıyev isə işdən çıxarılaraq, istintaqa cəlb edilib.

Bu hərbçilər də vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və dövlət əmlakını mənimsəməkdə ittiham olunur.(10.52)

Məsələ ilə bağlı Müdafiə Naziriliyinin mətbuat xidmətindən AzNews.az-a bildirilib ki, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hidroqrafiya bölməsinin rəisi 1-ci dərəcəli kapitan (polkovnik) Qasım Quliyev 23 avqust 2013-cü il tarixində yaşı ilə bağlı Silahlı Qüvvələrdən ehtiyata buraxılıb: "Onun həbs olunub-olunmaması ilə bağlı məlumatı isə Respublika Hərbi Prokurorluğundan öyrənmək olar".

Mətbuat xidmətindən o da qeyd edilib ki, Q. Quliyev tərxis olunduğundan bu haqda xəbər vermək onların səlahiyyətindən kənardır. Bakı Hərbi Məhkəməsindən verilən məlumata görə isə Qasım Quliyev Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində həbs-qətimkan tədbiri seçilib.

Xamraz Quliyevin isə istintaqa cəlb olunduğu bildirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA